Məhkəmə qərarları › İş №2-1(114)-116/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-116/2024

02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-116/2024 02.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Birinci Qarabağ müharibəsi qazisidir. Halhazırda da heç bir yerdə işləmir. O, 1994-cü ildə həqiqi-hərbi xidmətə yollanmışdır. Vətən uğrunda gedən döyüşlərdə 1996-cı ildə ermənilər tərəfindən atılmış güllə nəticəsində yaralanmışdır. Onu həmin anda Tərtər rayon hərbi hospitalına aparmışlar. Həmin ağır güllə yarası səbəbindən onda xayada kisda, beynində kəllə-beyin travması yaranmışdır. Bu haqda tibbi aparatdan da keçmişdir. Sənədlərində tibbi aparatın xəstəliyi ilə bağlı nəticələri də var. 2022-ci ilin sonlarında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından müayinədən keçdikdə onun xəstəliyi ilə bağlı “mülayim beyin atrofiyası, sol beyincik yarımkürədə bir ədəd 5 mm ölçülü subkortikal yerləşməli glioz ocaq” diaqnostik nəticələri göstərilmişdir. O, göstərilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 02 aprel 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabehin nümayəndəsinin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********1). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunnuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1707 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun yuxarı 1/3-ni dəlib keçən sağ xayanın dəlib keçən sol budun kor güllə yaralanması. Xayalıqların odlu silahla güllə yaralanmasının nəticələri sol xayanın atrofiyası” diaqnozlu travmanın səbəb-əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı baş ağrılarından, qarının aşağı hissəsində ağrıdan şikayətlənmişdir. Baxış zamanı sağ budun yuxarı 1/3-nin ön səthində yumşaq toxuma çapığı izlənmiş, dayaq hərəkə funksiyası pozulmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Psixiatriya xəstəxanasının xx.xx.2022-xx.xx.2022 tarixli 7912/2022 nömrəli xəstəlik tarixindən Çıxarışda diaqnoz “Üzvi emosional labil pozuntu” kimi qeyd edilmişdir. AR İTS TƏBİB PHŞ Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun xx.xx.2021-ci il tarixli 4503/9025 nömrəli Arayışında diaqnoz “Hər iki budların 1/3-nin yumşaq toxumalarının dəlib keçən güllə yaralanması, ağrılı kelloid çapığı kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçının əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2021-ci il taridə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir.(ESDAS **********7). Daha sonra əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1707 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun yuxarı 1/3-ni dəlib keçən sağ xayanın dəlib keçən sol budun kor güllə yaralanması. Sol və sağ budun yuxarı 1/3-nin yumşaq toxumalarının sol xayanı və xayalığı dəlib keçən güllə yarasından sonra sol xayanın amputasiyası, sağ xayanın travmatik orxiti, spematogenezin pozğunluğu ilə. Xayalıqların odlu silahla güllə yaralanmasının nəticələri, sol xayanın atrofiyası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilmişdir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zaman baş ağrılarından, qarının aşağı hissəsində ağrıdan şikayətlənmişdir. Baxış zamanı sağ budun yuxarı 1/3-nin ön səthində yumşaq toxuma çapığı izlənmiş, dayaq hərəkət funksiyası pozulmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xayasının birinin çıxarıldığını, digərinin funksiyasının endiyini bildirmiş, baş ağrısı, yuxusuzluqdan şikayətlənmiş, heç kim ilə ünsiyyət qurmaq istəmədiyini, tək qalmağı sevdiyini qeyd etmişdir. Müayinə zamanı hər iki budun yuxarı 1/3-də yumşaq toxuma çapıqları izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur. Xəstədə simulyasiya elementləri müşahidə olunmuşdur. Halhazırda medikamentoz preparatlardan "Noşpa", "Majezik", "Platifilin+Dimedrol" qəbul etdiyini, bunların yuxusunun qaydaya düşməsinə kömək etdiyini bildirmişdir. Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 11824/22 nömrəli xəstəlik tarixindən Tibbi Rəyində diaqnoz “Üzvi affektiv (depressiv forma) - pozuntu” kimi qeyd edilmişdir. Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ xx.xx.2022-ci il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Sol beyin yarımkürələrdə bir ədəd 5 mm ölçülü subkortikal yerləşməli glikoz ocaq. Sağ beyin yarımkürədə alın payında iki ədəd subsantimetrik ölçülü subkortikal yerləşməli glioz ocaq” kimi qeyd olunmuşdur. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək nevroloji, patolofi, psixi əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « MTE və PAB » PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 432/2023 nömrəli ekspert rəyi, AR ƏƏSMN DTSERA tərəfindən məhkəməyə təqdim edilmiş etiraz, TSEK müayinələrin nəticələri, AR ƏƏSMN DTSERA Tibbi-Sosial Ekspert Komissiyasının qərarları, AR ƏƏSMN tabeliyində DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış pensiya və müavinət ödənişinə dair sənədlərin təsdiq edilmiş surətləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « MTE və PAB » PHŞ-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4877 nömrəli məktub əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TSEK müayinələrin nəticələrindən görünür ki, İddiaçı xx.xx.2010-cu il və xx.xx.2014-cü il tarixlərdə keçirilən müayinənin nəticəsində “Hər iki budun yuxarı 1/3-nin dəlib keçən güllə yaralanması. Sağ oturaq sinirinin travmatik zədələnməsi. Yerişin pozulması ilə sağ xayanın amputasiyasından sonrakı vəziyyət” diaqnozu ilə üçüncü dərəcə əlillik, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə keçirilən müayinənin nəticəsində “Hər iki budun yuxarı 1/3-nin yumşaq toxuması və sol xayanı zədələyən odlu silah yaralanması. Sol xayanın amputasiyası. Sağ xayanın travmatik orxiti. Spermotogenezin kəskin pozulması cinsi zəiflik. Böyrək daşları. Sağ böyrəyin daşı. Nefrotik sindrom” diaqnozu ilə üçüncü dərəcə əlillik təyin edilmiş, lakin xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilən müayinənin nəticəsində “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hər iki budun yuxarı 1/3-nin yumşaq toxumalarının, sol xaya və xayalığın dəlib keçən güllə yaralanması, sol xayanın amputasiyasından sonrakı vəziyyəti. Hiportrofik çapıq, Hər iki budun yuxarı 1/3-nin və xayalığın kobud dartıcı kelloid toxuması.Nevrasteniya, Astenonevrotik sindrom” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı barəsində keçirilmiş müayinələrin nəticəsi olaraq onun barəsində əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında “Xəstələnmənin və ölümün xarici səbəbləri” (klinik diaqnoz XBT kodu Y35-Y36) və “Qanunla nəzərdə tutulan hərəkətlər və hərbi əməliyyatlar” (klinik diaqnoz XBT kodu Y36, Hərbi əməliyyatlar – Y36.4) diaqnozları göstərilməmişdir. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçının müayinəsi zamanı qoyulmuş diaqnozlar əlillik əlaməti təyin etmir. İddiaçı təyin edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda dəyişiklik edilməsi haqqında Qərarda əlillik təyin edilən xəstəliklərin siyahısında mövcud deyildir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin xx.xx.2023-cü il tarixli, T 432/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlilliyin qiymətləndirmə məlumatında qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Hər iki budun yuxarı 143-nin yumşaq toxumalarının, sol xaya və xayalığın dəlib keçən güllə yaralanması, sol xayanın travmatik amputasiyasından sonrakı vəziyyət” diaqnozu nəzərə alınmaqla şəxsin məhkəmə tibbi müayinəsi zamanı nəzərə çarpacaq hər hansı bir patofunksional dəyişikliklər aşkar olunmamış və həmin diaqnoz ilə əlaqədar R.Ş.Quliyevin əlavə bərpa müalicəsinə zərurət yoxdur. Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « MTE və PAB » PHŞ-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4877 nömrəli məktubdan görünür ki, yaralanma hər iki budun yumşaq toxumalarında və sol xayada olmuş, sol xaya çıxarılmış, aparılmış müayinə nəticəsində tam stabilləşmə əldə olunmuş və ona görə də hal-hazırda əyani müayinə aparılarkən hər-hansı bərpaedici müalicəyə ehtiyac olmaması qənaətinə gəlinmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan məhkəmə o nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı barəsində əlilliyin bərpa edilməməsi mövqeyi haqlıdır və iddiaçının əlillik dərəcəsi bərpa edilməmlidir. «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: - 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AzərbaycanRespublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertizamüayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.6-cı bəndinə əsasən qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. - 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. -3.7-ci maddəsinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. «Tibbi-Sosial Ekspert Komissiyaları haqqında» Əsasnamənin:- (bundan sonra TSEK) - 5.4-cü bəndinə əsasən TSEK-in qərarından narazı olan vətəndaşların müraciəti əsasında onların əlilliyin təkrar qiymətləndirilməsi Xidmət tərəfindən aparılır. - 5.5-ci bəndinə əsasən TSEK-in qərarlarından «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı İİ dərəcə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar