Məhkəmə qərarları › İş №2-1(114)-1163/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1163/2022

05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1163/2022 05.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Samux rayonu Hacıalılar Bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC-nin təsisçi direktoru X2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Lək-Hacallı yolunun şimalında qaynayan təbii suyun yaxınlığında olan, əkinə yararsız 0.03 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux Rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 245 saylı sərəncamı ilə M.F.Axundov adına sovxozun ərazisində Lək-Hacallı yolunun şimalında qaynayan təbii suyun yaxınlığında olan əkinə yararsız torpaq sahəsindən 0.03 ha sahə hovuz tikmək üçün ayrılıb İddiaçı Kiçik müəssisəsinə verilməsi qərara alınmış, qeyd olunan sərəncamın icrası məqsədilə Lək-Hacallı yolunun şimalında qaynayan təbii suyun yaxınlığında olan əkinə yararsız torpaq sahəsindən 0.03 ha sahənin cizgi xəritəsi tərtib edilmiş, həmin sahənin rəqəmsal kadastr qeydiyyatı aparılmışdır. Torpaq sahəsi 1996-cı il tarixdən İddiaçı MMC-nin istifadəsində olmaqla daşınmaz əmlak vergisi ödənilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ilkin sənədlərin surətləri təqdim olunmuş, lakin cavabdeh bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1163/2022 saylı qərardadı ilə iddiaçı X2 əsl İddiaçı MMC ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1163/2022 saylı qərardadı ilə Samux rayonu Hacıalılar Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura sərhədlərinin müəyyən edilməsi və ölçülərinin sənədlərə uyğunluğunun yoxlanılması üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, həmçinin elektron Ərazi idarəsinin elektron bazasına əsasən sözügedən torpaq sahəsinin Samux rayonu, Hacıalılar bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Əlavə olaraq iddiaçının həmin sahədən təyinatı üzrə istifadə etmədiyini, yəni həmin sahədə hər-hansı tikinti aparılmadığını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 245 saylı sərəncamından görünür ki, M.F.Axundov adına sovxozun ərazisində Lək- Hacallı yolunun şimalında qaynayan təbii suyun yaxınlığında olan əkinə yararsız torpaq sahəsindən 0.03 ha sahəsi ayrılıb İddiaçı Kiçik müəssisəsinə əhalinin istirahəti məqsədi ilə su hovuzu tikilməsi üçün ayrılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş M.F.Axundov adına sovxozun yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı Kiçik müəssisəsinə ayrılan 0.03 ha torpaq sahəsinin cizgi xəritəsi öz əksini tapmışdır. -surəti işə əlavə edilmiş rəqəmsal kadastr xəritəsindən çıxarışdan görünür ki, Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 245 saylı sərəncamına əsasən İddiaçı Kiçik müəssisəsinə ayrılan 0.03 ha torpaq sahəsinin mərkəz nöqtəsinin koordinatı və döngə nöqtələri öz əksini tapmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********06 nömrəli məktubundan görünür ki, sözügedən torpaq sahəsinin ölçülərini və yerləşmə mövqeyini əks etdirən planın təqdim edilmədiyindən mülkiyyət hüqunun qeydə alınmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 245 saylı sərəncamı ilə M.F.Axundov adına sovxozun ərazisində Lək-Hacallı yolunun şimalında qaynayan təbii suyun yaxınlığında olan əkinə yararsız torpaq sahəsindən 0.03 ha sahəsi verilmişdir. İddiaçı MMC qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunan torpaq sahəsi Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 245 saylı sərəncamı ilə iddiaçıya verilmişdir və bu hal müvafiq sənədlərlə öz əksini tapır. Cavabdehin imtinasının əsası kimi iddiaçının müraciəti ilə əlaqədər aparılan arxiv araşdırması zamanı onun torpaq sahəsinin ölçülərini və yerləşmə mövqeyini əks etdirən planın təqdim edilməməsi qeyd olunmuşdur. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Samux rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 245 saylı sərəncamı ilə iddiaçıya qanuni əsaslarla torpaq sahəsi ayrılmış, qeyd olunan sərəncamın icrası ilə əlaqədar sahənin cizgi xəritəsi tərtib edilmiş, eyni zamanda həmin sahənin rəqəmsal kadastr qeydiyyatı aparılaraq torpaq sahəsinin mərkəz nöqtəsinin koordinatı və döngə nöqtələri həmin sənəddə öz əksini tapmışdır. Göründüyü kimi, cavabdehin imtinasının əsasını təşkil etdiyi sənəd iş materiallarında mövcuddur. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Samux rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 245 saylı sərəncamı ilə M.F.Axundov adına sovxozun ərazisində Lək-Hacallı yolunun şimalında qaynayan təbii suyun yaxınlığında olan əkinə yararsız torpaq sahəsindən İddiaçı MMC-yə ayrılmış 0.03 ha torpaq sahəsi üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar