Məhkəmə qərarları › İş №2-1(114)-1163/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1163/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1163/2025 07.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz, hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müddətsiz təyin edilmiş 2-ci dərəcəli əlilliyin ləğv olunması barədə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının əsassız sayılaraq ləğv edilməsi və 2-ci qrup əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 22 aprel 1992-ci tarixində bədbəxt hadisə yolda quraşdırılmış dəmir dirəyin üstünə aşması nəticəsində ağır kəllə-beyin travması almışdır. Uzun müddət “Kəllədaxili travmaların nəticəsi. Keçirilmiş açıq kəlləbeyin travmasından sonrakı ensefalopatiya, koqnitiv funksiyaların enməsi. Sağda təpə sümüyündə defekt sahəsi 48X16 mm. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi mənşəli (travma nəticəsində yaranan) şəxsiyyət dəyişikliyi” diaqnozu ilə müalicə olunmuşdur. 21 oktyabr 1996-cı il tarixdən 07 may 1998-ci il tarixədək müddətli hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövründə 09 mart 1998-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində sağ ayağından yaralanmışdır. 09-xx.xx.1998-ci il tarixlərdə N saylı hərbi hissədə müayinə və müalicə olunmuşdur. İddiaçı uzun müddət Müdafiə Nazirliyinin hərbi hospitalında “Sağ sağrının aşağı bayır kvadratından sağ budun yuxarı 1/3-nin ön səthinə dəlib keçən güllə yarası. Bud arteriyasının kontuziyası. Travmatik şok İ dərəcə” diaqnozu ilə müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə ona “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” rəyi verilmişdir. Həkim Ekspert Komissiyasının qərarı ilə ona aldığı ağır kəllə-beyin travmasına görə 1998-ci ildə İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiçı xəstəliyi ilə əlaqədar mütamadi olaraq müalicələr alır. Xəstəliyi xronikidir. Bu müddət ərzində Bərdə rayon Mərkəzi Xəstəxanası, Şirvan şəhər Mərkəzi Xəstəxanası, “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi, Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalı və “M.A. Topçubaşov adına X3” publik hüquqi şəxsində mütəmadi olaraq müayinə və müalicələrdə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə əlillik dərəcəsi təyin edilməsindən “Diaqnoz öz təsdiqini tapmır. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina edilmişdir. İddiaçı, ona müddətsiz təyin edilmiş 2-ci dərəcəli əlilliyinin ləğv olunmasının və əlillik dərəcəsi verilməsindən imtina olunmasının səbəbini bilmir. O, hesab edir ki, 10 ildən artıq həmin xəstəlikdən əziyyət çəkdiyi və təyin edilmiş əlilliyi davam etdiyi üçün ona ömürlük əlillik dərəcəsi təyin edilməlidir. İddiaçı müddətsiz təyin edilmiş 2-ci dərəcəli əlilliyinin ləğv olunması barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinin qərarını əsassız hesab edir. O, həmin Agentlikdə müayinə olunmamışdır. İddiaçı əlilliyinə səbəb olmuş xəstəlikləri 1992-ci ildə qazanmış, uzun müddət müalicə olunsa da, müalicələrin nəticəsi olmamışdır. Müharibədə yaralanmışdır. Yaşa dolduğuna görə xəstəliyi daha da kəskinləşmişdir. Əmək qabiliyyətli olmamağı və əlilliyinə səbəb olmuş xəstəliyin davam etməsi müalicə olunduğu tibb müəssisələri tərəfindən verilmiş arayışlarla təsdiq olunur. İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə razı deyil. Hər hansı tibbi müayinədən keçirilmədən ona əlillik dərəcəsi təyin edilməsindən imtina edilmişdir. O, həmin qərarın ləğv edilməsi barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə müraciət etsə də, müraciəti araşdırılmadan 13 iyun 2024-cü il tarixli, 3-17-4/2/A-16404/2024 saylı cavab məktubu ilə təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəli şəxslərinin cavabı qanuna ziddir və onun hüquqları və qanunla qorunan maraqlarının pozulmasına səbəb olur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1163/2025 nörməli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz, hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təqdim edərək, göstərdi ki, o, imtina barədə qərar haqqında məlumat aldıqdan sonra ev şəraitində ambulator qaydada müalicə almış, ona görə də, məhkəməyə gec müraciət etmiş, bu səbəbdən iddia müddətini ötürmüşdür. Ona görə də iddia müddətinin bərpa edilməsini xahiş edir. İşin halları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 18 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSEK-də müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə ümumi xəstəliklə əlaqədar müddətsiz 2 qrup əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mərmi partlamasından sonra açıq kəllə-beyin travması, sağ təpə sümüyünün sınığından sonra postravmatik ensefalopatoya” Tam reabilitasiya olması (tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş (1992) açıq kəllə beyin travmasından sonrakı ensefalopatiya, koqnitiv funksiyaların enməsi. Sağda təpə sümüyündə defekt sahəsi 48x16mm. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli (travma nəticəsində yaranan) şəxsiyyət dəyişiliyi.” Diaqnozu ilə Diaqnoz öz təsdiqini tapmaması (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi qeyd olunmuşdur. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2023cü il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2023-ci il tarixli göndərişə Diaqnoz: Əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını nəzərdən keçirib, iş üzrə tərəfi dinləyərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz, hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qeyd olunan iddia tələbi məcburetmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən, Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə SMS vasitəsilə əlillik təyinatından imtina edilməsi barədə məlumat verilmiş, lakin iddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərmişdir. Göründüyü kimi, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təqdim edərək, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini onunla əsaslandırmışdır ki, o, imtina barədə qərar haqqında məlumat aldıqdan sonra ev şəraitində ambulator qaydada müalicə almış, ona görə də, məhkəməyə gec müraciət etmiş, bu səbəbdən iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. Hazırkı iş üzrə iddiaçının imtina barədə qərar haqqında məlumat aldıqdan sonra ev şəraitində ambulator qaydada müalicə alması, bu səbəbdən məhkəməyə gec müraciət etməsi məhkəmə tərəfindən üzrlü səbəb hesab edilmir. Belə ki, iddiçının ambulator qaydada ev şəraitində müalicə alması onun məhkəməyə vaxtında müraciət etməsi üçün maneə olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməməli, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz, hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı İddiaçı tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməsin. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz, hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar