Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1165/2020 26.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi xidmət dövrü almadığı əşya əmlakı əvəzinə pul komensasiyasının hesablanaraq ona ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmət dövrü almadığı əşya əmlakı əvəzinə pul komensasiyasının hesablanaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2002-ci il tarixdən xx.xx.2004cü il tarixədək N nömrəli hərbi hissədə zabit qismində xidmət keçmişdir. Hərbi xidmətdən ehtiyata tərxis olunarkən ona hərbi xidmət dövrü almadığı əşya əmlakı əvəzinə nə pul kompensasiyası, nə də ki, bu kompensasiyanın alınması üçün müvafiq arayış verilməmişdir. Hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının alınması üçün o, xx.xx.2019-cu il tarixdə Azəərbaycan Respublikası Müdafiə Nazirliyinin MTT Baş İdarəsinin “Əşya Xidmətinin nəzdində yaradılmış əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi üzrə komissya”ya müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavalandırılmamışdır. Cavabdehin bu hərəkətini qanunsuz hesab edir və hərbi xidmət dövrü almadığı əşya əmlakı əvəzinə pul komensasiyasının hesablanaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək hərbi xidmət dövrü almadığı əşya əmlakı əvəzinə pul komensasiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 11/2849 nömrəli iddia ərizəsinə etirazda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 09 nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 11/2849 nömrəli etirazı və xx.xx.2020-ci il tarixli, 11/4554 nömrəli məktubu; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan iddiaçının müraciətini 35 gündən çox müddət keçməsinə baxmayaraq cavablandırmamış və bu barədə heç bir hərəkət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddia əsaslı iddiadır. Belə ki, işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 09 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət keçmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə və Azərbaycan Respublikası Müdafiə nazirinin 0376 saylı xx.xx.2004-cü il tarixli əmrinə əsasən (xidməti müddəti başa çatdığına görə) xx.xx.2004-cü il tarixdən ehtiyata buraxılmışdır. Məhkəmə iş üzrə sübutlara əsasən müəyyən edir ki, iddiaçının hərbi xidmət dövründə istifadə etmədiyi əşya-əmlakı əvəzinə pul kompensasiyasının verilməsi tələbi əsaslıdır. Belə ki, iş materialları ilə iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu sübut edilsə də, lakin ona əşya əmlakına görə kompensasiyanın verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 11/4554 nömrəli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvələrinin sülh dövründə əşya təminatı haqqında” 112 nömrəli əmrin 56-cı bəndinin tələblərinə əsasən 1,5 il müddətinə çağırılmış zabitlər ehtiyata və istefaya buraxıldıqda onlara əşya və əmlakı əvəzinə pul kompensasiasının ödənilməsi istisna edilmişdir. İddaçı İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət (1,5 il) keçmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etirazda göstərilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakları almaqla yanaşı ərzaq və əşya əmlakı üçün pul kompensasiya hüququna malikdirlər. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında” əmrinin 56-cı maddəsində göstərilmişdir ki, pul kompensasiyası verilməsi üçün hərbi hissənin əşya xidməti tərəfindən bu Əsasnamənin 5 nömrəli əlavəsində göstərilmiş formada arayış tərtib olunur. Həmin əmrin 174-cü maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara əşya əmlakı əvəzinə pul kompensasiyası hərbi hissənin əşya xidməti tərəfindən verilmiş arayışhesabat (forma 45 kartı əsasında tərtib olunur) əsasında ödənilir. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx xxxxxx 2002-ci ildən xx xxxx 2004-cü il tarixə qədər Azərbaycan Respublikası Silah Qüvvərəində hərbi xidmət keçmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvələrinin sülh dövründə əşya təminatı haqqında” 112 nömrəli əmrin 56-cı bəndinin tələbələrinə əsasən 1,5 il müddətinə çağırılmış zabitlər ehtiyata və istefaya buraxıldıqda onlara əşya və əmlakı əvəzinə pul kompensasiasının ödənilməsi istisna edilmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etirazda yuxarıda göstərilən səbəbləri əsas tutaraq, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin imtinası (məhkəməyə təqdim etdiyi etirazı) əsassız olmuşdur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələri, hərbi-tədris müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları» təsdiq edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2004-cü il tarixli 112 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya təminatı haqqında Əsasnamə”nin 56-cı bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan zabit heyəti (ehtiyatdan 1,5 il müddətinə çağırılmış zabitlər istisna olmaqla) buraxılma gününə verilməli olan əşya əmlakı ilə mövcud qanunvericiliyə uyğun (natura və ya pul kompensassiyası ilə) təmin olunurlar (yalnız buraxılma ayına qədər alınma hüququ çatmış əşyalar verilməlidir). Göründüyü kimi cavabdehin imtinasına (məhkəməyə təqdim etdiyi etirazına) əsas olaraq istinad etdiyi əsasnamə Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 2004-cü il tarixli 112 nömrəli əmri ilə təsdiq edilmişdir. İş materiallarından isə görünür ki, iddiaçı xx xxxxxx 2002-ci il tarixdə 1 il 7 ay müddətinə zabitlərin həqiqi hərbi xidmətinə çağırılmışdır və o, həqiqi hərbi xidmətə çağırılarkən həmin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə əşya əmlakı ilə təchizatı haqqında” Müdafiə nazirinin xx xxx 1994-cü il tarixli 146 nömrəli əmri qüvvədə olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı mövcud qanunvericiliyə əsasən xidmət etdiyi dövrdə istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasını tələb etmək hüququna malikdir, ona həmin əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsindən imtina edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, hərbi xidmət dövründə almadığı əşya əmlakı əvəzinə pul kompensasiyasının hesablanaraq, iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı hərbi xidmət dövrü almadığı əşya əmlakı əvəzinə pul komensasiyasının hesablanaraq ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1165/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1165/2020
26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver