Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1167/2021 24.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı, vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) , bağ evinin uçurulmasına görə vurulmuş zərərə görə xeyrinə 25.000 (iyirmi beş min) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) Cavabdehnə (bundan sonar mətndə cavabdeh) qarşı 06.05.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, bağ evinin uçurulmasına görə vurulmuş zərərə görə xeyrinə 15.000 ABŞ dolları və ya onun ekvivalenti olan 25.000 manat məbləğində maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 16.06.2021-ci il tarixli, 2-1(114)- 1167/2021 nömrəli qərardad ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, bağ evinin uçurulmasına görə vurulmuş zərərə görə xeyrinə 25.000 (iyirmi beş min) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 16.06.2021-ci il tarixli, 2-1(114)-1167/2021 nömrəli qərardad ilə iddiaçının iddianın dəqiqləşdilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsinin ərazisinin bir hissəsi Daşkəsən rayonuna aid olan zaman Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı 22.07.1996-cı il tarixli, 219 №-li sərəncamla ona və başqa bir neçə şəxsə həmin ərazidən bağ evi tikdirmək üçün 0.06 ha ölçülü torpaq sahəsi vermiş və o, onun əsasında həmin torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən “Torpağın mülkiyyətə verilməsinə dair” 25.05.2006-cı il tarixli, JN-24A saylı şəhadətnamə almışdır. Bundan sonra o, həmin sahədə smeta dəyəri 23.776.200 AZN olan bağ evi inşa edib, tikintini tam başa çatdırmışdır. Şəhəri abadlaşdırmaq şüarı altında Cavabdeh başçısının işlədiyi müdddətdə onun müavininin başçılığı ilə tərkibində Nizami Rayon İcra Hakimiyyəti başçısı, Gəncə şəhər Torpaq Şöbəsinin rəisi və onun müavini və qeyriləri olan bir dəstə 06.12.2006-cı il tarixdə səhər saat 08:00 radələrində həyətinə gələrək, evinin uçurulmalı olmasını bildirib, torpağına ekskavator salaraq, evini dağıtmış, torpağı isə dümdüz etmişlər. Bu hərəkətlə onlar iddiaçıya 25.000 manat miqdarında maddi zərər vurmuşlar. Odur ki, cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 24 avqust 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı və vəkili X3 məhkəmə iclasına gəlmiş, cavabdeh və üçüncü şəxsin nümayəndəsi gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun vəkili X3 ayrı-ayrılıqda iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 17127631 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 23.04.2021-ci il tarixli imtina məktubunun əsli; - Məhkəmənin sorğusu əsasında alınmış Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin 17.07.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Daşkəsən Rayon İcra Hakimiyyətinin 13.08.2021-ci il tarixli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 22.07.1996-cı il tarixli, 219 nömrəli sərəncamı ilə ona verilmiş Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən torpaq sahəsində bağ evi tikdirmişdir. İddiaçı hazırda ona məxsus bağ evinin məhz Cavabdeh tərəfindən söküldüyünü iddia edərək ona vurulmuş zərərin ödənilməsini tələb edir. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı iddia tələbində ona məxsus bağ evinin Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən söküldüyünü və bunun nəticəsində ona 25.000 (iyirmi beş min) manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, həmin bağ evinin binasının Cavabdeh tərəfindən söküldüyünü və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin 23.04.2021-ci il tarixli, S-37-152 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, qeyd edilən bağ evinin sökülməsinə dair Cavabdeh tərəfindən hər hansı bir qərar verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Beləliklə, hazırkı iş üzrə iddiaçının tikilisinin əvvəllər mövcud olması və daha sonra isə sökülməsi mübahisə doğurmur. Mübahisəli hal tikilinin kim tərəfindən sökülməsidir. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarında tikilinin cavabdeh tərəfindən sökülmədiyini, bununla bağlı heç bir göstəriş (sərəncam) verilmədiyini bildirmiş, iddiaçı tərəfindən isə əksini sübut edən dəlillər iddia ərizəsinə əlavə olunmamış və məhkəmə iclasında da təqdim edilməmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, iş materiallarında tikilinin inzibati orqan tərəfindən sökülməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmadığından iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə qeyd edilən halları araşdırıb müəyyən etmək üçün məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilən şahidlər X4, X7 və X2 dindirilmişdir. Şahid qismində dindirilən X4 ifadəsində qeyd etmişdir ki, iddiaçı ondan bir az aralıda yaşayır. O, söküntü zamanı orada olmamışdır. O gedəndə artıq söküntü başlamışdı. Bağ evi tam hazır tikili ev olmuşdur. Sonradan eşitmişdir ki, evi Cavabdeh əməkdaşları sökmüşdür, onları özü görməmişdir. Şahid qismində dindirilən X7 ifadəsində qeyd etmişdir ki, iddiaçını qonşu kimi 10 ildir tanıyır. Söküntünün kimlər tərəfindən aparıldığını görməmişdir. Söküntü gedən ərazidən aralıda olmuşdur. Sonradan eşitmişdir ki, söküntünü aparanlar Cavabdeh işçiləridi. Evin əvvəllər necə vəziyyətdə olmağı yadında deyil. Şahid qismində dindirilən X6 ifadəsində qeyd etmişdir ki, söküntünü aparanların Cavabdeh işçiləri olduğunu eşitmişdir. Onları polis əməkdaşları ərazidən kənarlaşdırmışdır. Cavabdeh işçilərindən Paşa müəllimi orada görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslərin ifadsindən müəyyən olunur ki, onların heç biri dəqiqliklə İcra Hakimiyyəti işçiləri tərəfindən bağ evinin sökülməsini sübuta yetirə bilmirlər və bağ evinin İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsini məsələsində yalnız fərziyyələrə əsaslanmışlar. Məhkəmə şahidlərin ifadəsini sübut növü kimi qəbul etmir və onlara tənqidi yanaşır. Bundan əlavə məhkəmə araşdırma aparan zaman iş materiallarında olan sənədlər və sorğu əsasında alınmış cavab məkrubları ilə müəyyən etmişdir ki, mübahisəli bağ evinin sökülməsi ilə əlaqədar nə Cavabdeh nə də ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən heç bir sərəncam verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə tərəflər tərəfindən məhkəməyə təqdim edilmiş sübutları araşdırıb onlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun tərəfindən iddia olunan tələbin təmin olunması üçün əsas ola bilməz və bu səbəbdən də, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi), bağ evinin uçurulmasına görə vurulmuş zərərə görə xeyrinə 25.000 (iyirmi beş min) manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1167/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1167/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver