Məhkəmə qərarları › İş №2-1(114)-1167/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1167/2025

05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1167/2025 05.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin 1-ci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2024-cü il tarixli, 06 əç nömrəli əmrinin ona aid hissədə ləğv olunması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək AR Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində müddətli həqiqi xidmət keçmişdir. 2009-cu ilin yanvar ayında isə müddətdən artıq hərbi xidmətə çağırılmış və AR Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində xidmətə başlamışdır. Hərbi Polis İdarəsində sonuncu xidmət yeri 4-cü hərbi polis bölməsi olmuşdur. 4-cü hərbi polis bölməsinin hərbi polis bölüyünün 1-ci komendant tağımının 2-ci komendant manqasının baş atıcınizamlayıcısı vəzifəsində xidmət keçərkən xx.xx.2023-cü il tarixdə xidməti iş vaxtı bitdikdən sonra gecə vaxtı avto-qəza törətmişdir. Avto-qəza nəticəsində heç kim zərər görməmişdir. Bununla əlaqədar heç bir Dövlət orqanı tərəfindən heç bir araşdırma aparılmamış və iddiaçı məsuliyyətə cəlb edilməmişdir. Lakin qəzaya görə ona yuxarı komandanlıq tərəfindən əsassız olaraq inzibati qaydada 7 sutka həbs cəzası verilmişdir. Bu azmış kimi o, komandanlığın təqdimatına əsasən AR Müdafiə Nazirinin 1-ci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2024-cü il tarixli 06 əç nömrəli əmri ilə xx.xx.2024-cü il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Həmin əmr iddiaçıya xx.xx.2024-cü il tarixdə elan edilmişdir. Həmçinin, o, hesab edir ki, onun tərəfindən iddia ərizəsinin verilməsi üçün iddia müddəti buraxılmamışdır. Belə ki, əmr ona elan edildikdən sonra 30 gün ərzində, yəni xx.xx.2024-cü il tarixdə ərizə ilə AR Müdafiə Nazirliyinə müraciət edərək, AR Müdafiə Nazirinin 1-ci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv olunmasını və onun təkrar hərbi xidmətə çağrılmasını xahiş etmiş, lakin ona xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı imtinanı və ehtiyata buraxılmasını əsassız və qanunsuz hesab edir. Belə ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-ci maddəsinə uyğun olaraq 2 ay əvvəl ehtiyata buraxılması ilə əlaqədar xəbərdar olunmamış, 162-ci maddəsinə uyğun olaraq onunla 2-ci söhbətləşmə aparılmamış, 163-cü maddəsinə əsasən ehtiyata buraxılmazdan əvvəl hərbi xidmətə yararlılıq vəziyyətinin müəyyən olunması üçün hərbi həkim komissiyasına şəhadətləndirilməyə göndərilməmişdir. Həmçinin ona xidmətdən “ailə vəziyyətinə görə” maddəsi ilə ehtiyata buraxılması təklif olunmuşdur. Bu maddə ilə ehtiyata buraxılmaq təklifindən imtina etdikdən sonra o, “xidməti uyğunsuzluğa görə” maddəsi ilə ehtiyata buraxılmışdır. İddiaçı məhkəməyə ötürülmüş iddia müddətinin bərpası ilə bağlı ərizə təqdim etmiş, iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, qanunsuz işdən çıxarılması ilə əlaqədar aidiyyəti orqanlara müvafiq ərizələr vermiş və ona işə bərpa olunması ilə bağlı vədlər verilmişdir. Cavab məktubları isə ona vaxtında çatdırılmamışdır. Həmçinin, həmin ərəfələrdə ev şəraitində müalicə almışdır. Bu səbəbdən müddətin bərpasına zərurət yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. Belə ki, iddiaçı Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2024-cü il tarixli müvafiq əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair təqdimat (1 vərəq), xidməti xasiyyətnamənin (1 vərəq), raportun (1 vərəq) təsdiq olunmuş surətləri tərtib edilmiş, hərbi hissə komandiri tərəfindən imzalandıqdan sonra qərar qəbul edilməsi məqsədilə göndərilmişdir. Təqdimatın hazırlanmasına əsas olmuş sənədlər nəzərdən keçirilərkən, məlum olmuşdur ki, kiçik çavuş İddiaçı xidmət etdiyi dövr ərzində özünü bacarıqlı, işgüzar hərbçi kimi göstərə bilməmişdir, ixtisası üzrə bilik və bacarıqlara malik deyil, rəhbəredici sənədlərin, nizamnamələrin tələblərini zəif bilir, verilən əmr və tapşırıqları vaxtında icra edə bilmir, mütəmadi olaraq nizam-intizam qaydalarını pozur, vəzifə borclarını zəif bilir, döyüş hazırlığı və mənəvi psixoloji hazırlığı zəifdir, düzülüşlərə gecikir, hərbi geyim formasının düzgün daşınmasına riayət olunmasında və intizamın gücləndirilməsi işində tələbkarlığı zəifdir, xidmətində müsbət tərəfə hər hansı bir dönüş yaratmır, bu isə kollektiv arasında mənəvi-psixoloji vəziyyətin aşağı düşməsinə zəmin yaradır. Şərəf məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, barəsində tətbiq edilən intizam cəzalarına baxmayaraq xidmətində hər hansı bir dönüş yaratmadığını, hərbi xidmətə olan laqeyd münasibətini və digər intizamsızlıqları nəzərə alınaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçı, məzuniyyət biletini yararsız hala saldığına görə xx.xx.2023-cü ildə “Töhmət”, səhər yerbəyerinə gecikdiyinə görə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü ildə “Töhmət”, “Şiddətli töhmət”lər, verilən tapşırığı düzgün etmədiyinə görə xx.xx.2023-cü ildə “Şiddətli töhmət”, vəzifə borcunun öhdəsindən layiqincə gəlmədiyinə görə “Xidmətə tam uyğunsuzluq” verilmişdir. İddiaçı şərəf məhkəməsində, ordu sıralarından ehtiyata buraxılması ilə bağlı söhbətləşmədə iştirak etməkdən, hərbi həkim komissiyasından keçməkdən imtina etmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə, dəyişikliyə yol verilmir. Həmçinin, məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı iddia müddətini də ötürmüşdür. İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2024-cü il tarixli müvafiq əmrini məhkəməyə iyul 2024-cü ildə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. Odur ki, iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı və nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh tərəfindən işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı və nümayəndəsi-vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. İddiaçı və nümayəndəsi həmçinin, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni müdafiə edərək, iddia müddətinin bərpa edilməsini xahiş etdilər. İşin halları İ-337 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. 4-cü Hərbi Polis bölməsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı Zülfüqar oğlu məhkəmədə ona qarşı deyilən iradlarla razı olduğunu, maddi durumuna görə Ordu sıralarında xidmət etmək istəmədiyini və məhkəmə sədrindən öz istəyi ilə Ordu sıralarından ehtiyata buraxılması üçün köməklik göstərilməsini xahiş etmişdir. 4-cü Hərbi Polis bölməsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, MAHHXHQ kiçik çavuş İddiaçı Zülfüqar oğlu barəsində tətbiq edilən intizam cəzalarına baxmayaraq xidmətində hər hansı bir dönüş yaratmadığını, hərbi xidmətə olan laqeyd münasibətini və digər intizamsızlıqlarını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, Azərbaycan Ordusundan ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. 4-cü Hərbi Polis bölməsinin rəsinin təqdimatına əsasən 4-cü Hərbi polis bölməsinin hərbi polis bölüyünün 1-ci komendant taqımının 2-ci komendant manqasının baş atıcınizamlayıcısı kiçik çavuş İddiaçı Zülfüqar oğlunun xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəuyğun hesab edilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən, ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı Zülfüqar oğlunun ordu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığı üçün şərəf məhkəməsinin protokolu və qərarı ilə tanış olması barədə imza etməkdən imtina etməsi haqqında xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, 4-cü hərbi polis bölməsinin hərbi polis bölüyünün 1-ci komendant taqımının 2-ci komendant manqasının baş atıcı-nizamlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı Zülfüqar oğlu “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxıldığı üçün şərəf məhkəməsinin protokolu və qərarı ilə tanış olması barədə imza etməkdən imtina etmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı Zülfüqar oğlunun ordu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığı üçün hərbi həkim komissiyasının müayinəsindən keçməkdən imtina etməsi haqqında xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, 4-cü hərbi polis bölməsinin hərbi polis bölüyünün 1-ci komendant taqımının 2-ci komendant manqasının baş atıcı-nizamlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı Zülfüqar oğlu “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxıldığı üçün hərbi həkim komissiyasının müayinəsindən keçməkdən imtina etmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı Zülfüqar oğlunun ordu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığı üçün söhbətləşmə aparılmasından imtina etməsi haqqında xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, 4-cü hərbi polis bölməsinin hərbi polis bölüyünün 1-ci komendant taqımının 2-ci komendant manqasının baş atıcı-nizamlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı Zülfüqar oğlu “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ordu sıralarından ehtiyata buraxıldığı üçün söhbətləşmə aparılmasından imtina etmişdir. Xidməti xasiyyətnaməyə əsasən, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı Zülfüqar oğlu 4-cü hərbi polis bölməsinin 1-ci komendant taqımının 2-ci komendant manqasının baş atıcı-nizamlayıcısı vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız, hərbi işini zəif bilən bir hərbi qulluqçu kimi göstərmişdir. Vəzifə borclarını zəif bilir və gündəlik xidməti vəzifəsinə səhlənkar yanaşır. Təşkilatçılıq və təsərrüfatçılıq işinə tənqidi və yaradıcılıq baxımından yanaşmaq qabiliyyəti çox aşağı səviyyədədir. Qanunları, rəhbər sənədləri bilmir və gündəlik işində onların tələbləri əsasında qurmağa laqeyid yanaşır. Komandanlıq tərəfindən verilən əmr və tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinə səhlənkar yanaşır. Hərbi nəzakət qaydalarına riayət etmir. Təlimlərdə və keçirilən dərslərə laqeyid yanaşır. Fiziki cəhətdən zəifdir.” Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2024-cü il tarixli, 06əç nömrəli Əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 4-cü Hərbi Polis bölməsinin hərbi polis bölüyünün komendant taqımının komendant manqasının baş atıcısı-nizamlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. 4-cü Hərbi Polis bölmə rəisinin xx.xx.2024-cü il tarixli 39 nömrəli Əmrindən çıxarışdan görünür ki, 4-cü hərbi polis bölməsinin hərbi polis bölüyünün 1-ci komendant taqımının 2-ci komendant manqasının baş atıcı-nizamlayıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı Zülfüqar oğlu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, 03 fevral 2024-cü il tarixdən 4-cü hərbi polis bölməsinin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə göndərilmişdir. 4-cü Hərbi Polis bölməsinin xx.xx.2024-cü il tarixli göndəriş vərəqəsindən görünür ki, MAHHXHQ İddiaçı Zülfüqar oğlunun Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2024-cü il tarixli 06əç nömrəli əmrinə əsasən, ehtiyata buraxılmağı ilə əlaqədar 03 fevral 2024-cü il tarixdə qeydiyyata durmaq üçün SHXÇDX-nın Bərdə rayon şöbəsinə getməyi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə müvafiq olaraq ehtiyata buraxılmağını nəzərə alaraq, təkrar həqiqi hərbi xidmətə qəbul olmağı məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü ehtiyatda olan kiçik çavuş İddiaçı xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 4-cü Hərbi Polis bölməsinin xx.xx.2025ci il tarixli arayışından görünür ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş İddiaçı Zülfüqar oğlu 4-cü hərbi polis bölməsi rəisinin xx.xx.2024-cü il tarixli 39 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Azərbaycan Respublikası SHXÇDX-nin Bərdə rayon şöbəsinə göndərilmişdir. Qeyd olunan əmr İddiaçı Zülfüqar oğluna şifahi şəkildə elan edilmiş və ona xx.xx.2024-cü il tarixdə 2 nömrəli göndəriş vərəqəsi təqdim edilmişdir. İddiaçı Zülfüqar oğlu 2 nömrəli göndəriş vərəqəsini qəbul etməsi barədə “Göndəriş vərəqələrinin qeydiyyatı kitabı”na şəxsən imza çəkərək həmin sənədi götürmüşdür. Xankəndi şəhər Prokrorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı (FİN xxxxxxx) barəsində Xankəndi şəhər prokrorluğunda araşdırma aparılmamışdır. Xankəndi şəhər Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı barəsində Xankəndi şəhər Polis şöbəsində araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü ehtiyatda olan kiçik çavuş İddiaçı keçmiş Bərdə rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2005-ci il tarixdə AO ******* nömrəli hərbi bilet verilmişdir. İddiaçı 4-cü Hərbi Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2 nömrəli təyinat vərəqəsini xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə təqdim etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il Qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarı Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehin əmrinin ona aid hissədə ləğv edilməsini xahiş edir. Qeyd olunan iddia tələbi mübahisələndirmə haqqında iddia olmaqla iddia müddətinə bağlıdır. Belə ki, İPM-nin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı Abbasov X3 nazirinin 1-ci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2024-cü il tarixli, 06əç nömrəli əmrinə əsasən ehtiyata buraxılmış, iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərmişdir. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə vermiş, iddia müddətinin bərpa edilməsini xahiş etmiş, müddəti ötürməsini onunla əsaslandırmışdır ki, o, qanunsuz işdən çıxarılması ilə əlaqədar aidiyyəti orqanlara müvafiq ərizələr vermiş və ona işə bərpa olunması ilə bağlı vədlər verilmişdir. Cavab məktubları isə ona vaxtında çatdırılmamışdır. Həmçinin, həmin ərəfələrdə ev şəraitində müalicə almışdır. Ona görə də iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, İPM-in 24-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Qeyd olunan normanın mənasına görə, buraxılmış prosessual müddət üzrlü səbəblərdən ötürüldükdə bərpa edilməlidir. Lakin hazırkı iş üzrə iddia müddətinin ötürülməsinin səbəbi məhkəmə tərəfindən üzrlü səbəb hesab edilmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abbasov X3 nazirinin müavini - X2 xx.xx.2024-cü il tarixli, 06əç nömrəli əmrinə əsasən, “kiçik çavuş” hərbi rütbəsindən məhrum edilərək ehtiyata buraxılmış, əmr ona şifahi qaydada elan edilmiş, xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə müvafiq olaraq ehtiyata buraxılmağını nəzərə alaraq, təkrar həqiqi hərbi xidmətə qəbul olmağı məqsədəuyğun hesab edilməmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı xidmətdən ehtiyata buraxılması barədə məlumatlı olmuş, xx.xx.2024-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən hərbi qeydiyyata alınmışdır. Yenidən xidmətə daxil olması üçün müraciət etmiş, Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ona təkrar həqiqi hərbi xidmətə qəbul olmağının məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Göründüyü kimi iddiaçı nəinki ehtiyata buraxılması barədə əmrdən məlumatlı olduqdan sonra iddia müddətini ötürmüş, həmçinin, yenidən xidmətə daxil olmaq üçün etdiyi müraciətə müsbət cavab verilməməsi barədə məlumatı aldıqdan sonra da qanunvericilikdə göstərilən 30 (otuz) gün müddətdən sonra məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı ev şəraitində müalicə aldığını qeyd etsə də, həmin halı təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi” tələbinə tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar