Məhkəmə qərarları › İş №2-1(114)-117/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-117/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-117/2021 18.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən 2000 kv.m torpaq sahəsi üzərində onun adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 14.07.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən 2000 kv.m torpaq sahəsi üzərində onun adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05.11.2007-ci il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndi ərazisində yerləşən 2000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə ona satılması üçün Goranboy rayon Xanqərvənd bələdiyyəsinə müraciət etmişdir. Goranboy rayon Xanqərvənd bələdiyyəsinin 16 noyabr 2007ci il tarixli, 49 saylı qərarı ilə 2000 kv.m torpaq sahəsinin ona satılması qərara alınmış və həmin torpaq sahəsi ona satılaraq bununla bağlı torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində 30.11.2007-ci il tarixdə 286 nömrə ilə qeydə alınmış və səlahiyyətli nümayəndələr tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə etdiyi qəbzdən göründüyü kimi o, bununla bağlı X1 rayon filialına 100 (bir yüz) manat ödəniş etmişdir. 15 noyabr 2007-ci il tarixdə göstərilənlərə əsasən Goranboy rayon Xanqərvənd bələdiyyəsi tərəfindən yerin seçilmə aktı tərtib olunmuş və ona ayrılmış torpaq sahəsinin xəritəsi çəkilərək Goranboy rayon Xanqərvənd kəndi M.Əzizbəyov adına təsərrüfatın yerquruluşu planından çıxarış verilmişdir. Yerin seçilmə aktında da, qeyd olunduğu kimi bu torpaq sahəsi “Pambıq məntəqəsi” adlanan sahənin yanından, yəni yolun təsir zonasından kənarda 2000 kv.m yararsız torpaq sahəsi olmuşdur. Sözü gedən akt bir sıra səlahiyyətli dövlət orqanlarının nümayəndələri tərəfindən imzalanaraq təsdiqlənmiş və həmin torpaq sahəsinin satış məqsədilə ona verilməsi məqsədə müvafiq bilinmişdir. Goranboy rayon Xanqərvənd bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 49 saylı qərarı ilə ona bildirilmişdir ki, torpağa mülkiyyət hüququna dair müvafiq sənəd aldıqdan sonra həmin sahədən istifadə edə bilər. Bununla bağlı Goranboy rayon Xanqərvənd bələdiyyəsinin tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə rəsmi müraciət edilmiş və ona torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd hazırlanıb verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Lakin edilən müraciət cavabsız qalmışdır. O, 02 dekabr 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə Goranboy rayon Xanqərvənd kəndi ərazisində yerləşən 2000 kv.m sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatda alınması ilə bağlı ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi ona 17 dekabr 2019-cu il tarixdə bununla bağlı imtina verərək, həmin torpaq sahəsinin guya dövlət mülkiyyətinə aid olmaqla pambıq məntəqəsinin ərazisi kimi saxlanıldığını və buna görə də, mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatda ala bilmədiklərini bildirmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi sözü gedən torpaq sahəsi ona satılarkən pambıq məntəqəsinin ərazisi olmamışdır. Yerin seçilmə aktında həmin torpaq sahəsi “Pambıq məntəqəsi” adlanan sahənin yanından, yəni yolun təsir zonasından kənarda 2000 kv.m yararsız torpaq sahəsi kimi qeyd edilmişdir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi heç bir əsas olmadan onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatda alınmasından imtina etmiş və bunu qanunauyğun şəkildə əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən cavabdehin imtinasını qanunsuz hesab edir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 27.01.2021-ci il tarixli, 2-1(114)- 117/2021 nömrəli qərardad ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidmətinə həvalə edilmişdir və mütəxəssis qarşısında “Azərbaycan Respublikası Goranboy rayon Xanqərvənd Bələdiyyəsi tərəfindən (eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində 30 noyabr 2007-ci il tarixdə 286 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akta əsasən) 16 noyabr 2007-ci il tarixli 49 nömrəli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verilmiş 2000 kv.m sahəsi üzərində hansı (dövlət, bələdiyyə və xüsusi) mülkiyyət növü mövcuddur?” və “Goranboy rayonu, Xanqərvənd Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ayrılmış 2000 m² sahibkarlıq torpaq sahəsi ərazisi ilə torpaq islahatı ilə bağlı hazırlanmış kompleks yerquruluşu xəritəsinə əsasən dövlət mülkiyyətinə aid olmaqla pambıq məntəqəsinin ərazisi ilə üst-üstdə düşürmü?” sualları qoyulmuşdur. 20.04.2021-ci il tarixli, **********44 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti 19.04.2021-ci il tarixli, 76 nömrəli mütəxəssis rəyininin surətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 18 may 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən 2000 kv.m torpaq sahəsi üzərində onun adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəməyə ünvanladığı 25.09.2020-ci il tarixli, **********17 nömrəli etiraz ərizəsi ilə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdehin iddiaçıya ünvanladığı 26.08.2020-ci tarxili, **********81 nömrəli imtina məktubunun əsli; - 30.11.2007-ci il tarixli, 286 nömrəli torpağın alqı-satqısına dair aktın surəti; - 17.10.2007-ci il tarixli, 18 nömrəli qəbzin surəti; - Goranboy rayon Xanqərvənd bələdiyyəsinin 16.11.2007-ci il tarixli, 49 nömrəli qərarını surəti; - 19.04.2021-ci il tarixli, 76 nömrəli mütəxəssis rəyininin surəti Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki hallarından görünür ki, iddiaçı 05.04.2007-ci il tarixdə Goranboy rayon Xanqərvənd bələdiyyəsinə müraciət edərək ona sahibkarlıq fəaliyyyəti ilə məşğul olmaq məqsədi ilə 2000 kv.m torpaq sahəsinin satılmasını xahiş etmişdir. Goranoby rayon Xanqərvənd bələdiyyəsi tərəfindən 16.11.2007-ci il tarixli, 49 nömrəli qərarla Goranoby rayon Xanqərvənd kəndində yerləşən 2000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyyəti ilə məşğul olmaq məqsədi ilə İddiaçı satılması qərara alınmışdır. İddiaçı bunun müqabilində Goranoby rayon Xanqərvənd bələdiyyəsinə 100 manat pul ödəmişdir. Bundan sonra 30.11.2007-ci il tarixli, 286 nömrəli torpağın alqı-satqısına dair akt tərtib olunmuşdur. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən 2000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh orqan 26.08.2020-ci tarxili, **********81 nömrəli məktubla iddiaçıya imtina məktubu ünvanlayaraq bildirmişdir ki, onun ərizəsinin icrasının təmin olunması məqsədilə təqdim olunan sənədlər əsasında aparılan kadastr ekspertizası zamanı məlum olmuşdur ki, Goranboy rayonu Xanqərvənd bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli, 49 saylı qərarı ilə İddiaçı ayrılmış 2000 kv.m sahibkarlıq torpaq sahəsi ərazinin torpaq İslahatı ilə bağlı hazırlanmış kompleks yerquruluşu xəritəsinə əsasən dövlət mülkiyyətinə aid olmaqla pambıq məntəqəsinin ərazisi kimi saxlanılmışdır. Bu səbəbdən də Goranboy rayonu Xanqərvənd bələdiyyəsinin həmin torpaq sahəsi üzərində sərəncam (qərar) vermək hüququ olmamışdır. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtinasını qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 27.01.2021-ci il tarixli, 2- 1(114)-117/2021 nömrəli qərardad ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidmətinə həvalə edilmişdir və mütəxəssis qarşısında “Azərbaycan Respublikası Goranboy rayon Xanqərvənd Bələdiyyəsi tərəfindən (eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsində 30 noyabr 2007-ci il tarixdə 286 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akta əsasən) 16 noyabr 2007-ci il tarixli 49 nömrəli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə verilmiş 2000 kv.m sahəsi üzərində hansı (dövlət, bələdiyyə və xüsusi) mülkiyyət növü mövcuddur?” və “Goranboy rayonu, Xanqərvənd Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ayrılmış 2000 m² sahibkarlıq torpaq sahəsi ərazisi ilə torpaq islahatı ilə bağlı hazırlanmış kompleks yerquruluşu xəritəsinə əsasən dövlət mülkiyyətinə aid olmaqla pambıq məntəqəsinin ərazisi ilə üst-üstdə düşürmü?” sualları qoyulmuşdur. 20.04.2021-ci il tarixli, **********44 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Resyestri Xidməti 19.04.2021-ci il tarixli, 76 nömrəli mütəxəssis rəyininin surətini məhkəməyə təqdim etmişdir. Həmin mütəxəssis rəyində qeyd edilmişdir ki, araşdırma nəticəsində iş materiallarına əlavə edilmiş, sözügedən 2000 kv.m torpaq sahəsinə dair kağız üzərində əl ilə çəkilmiş cizgi planla, elektron baza məlumatlarında mövcud olan, torpaq islahatı əsasında tərtib olunmuş kompleks yerquruşu planı arasında uyğunsuzluq halının mövcud olduğu müəyyən olundu. Belə ki, iş materiallarına əlavə edilmiş, kağız üzərində əi ilə çəkilmiş cizgi planda, sözügedən 2000 kv.m torpaq sahəsi, bələdiyyə mülkiyyətinə aid ərazidə göstərildiyi halda, kağız üzərində əl ilə çəkilmiş cizgi planda göstərilən miqyas və ölçülərə istinadən həmin 2000 kv.m torpaq sahəsi, elektron baza məlumatlarında mövcud olan, torpaq islahatı əsasında tərtib olunmuş kompleks yerquruşu planında, pambıq məntəqəsinin yerləşdiyi sahə ilə üst-üstə düşməklə dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. Məhkəmə işin faktiki hallarını araşdıraraq müəyyən edir ki, Goranboy rayonu Xanqərvənd bələdiyyəsinin həmin torpaq sahəsi üzərində sərəncam (qərar) vermək hüququ olmamış və qanunsuz olaraq qeyd edilən torpağın satılması barədə qərar qəbul etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Beləliklədə məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina əsaslıdır və iddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı qız iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 117.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 117.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinin smetasından görünür ki, iş üzrə verilmiş mütəxəssis rəyinin xərci 311 (üç yüz on bir) manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən (İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) hesab edir ki, mütəxəssis rəyinin verilməsi ilə bağlı 311 (üç yüz on bir) manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən 2000 kv.m torpaq sahəsi üzərində onun adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 117, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən 2000 kv.m torpaq sahəsi üzərində onun adına mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. İddiaçı 311 (üç yüz on bir) manat məbləği torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci tutularaq Kadast və Yerquruluşu Layihə-Təqdiqat Mərkəzinin (VÖEN **********) müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2X nömrəli hesabına köçürülsün. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar