Məhkəmə qərarları › İş №2-1(114)-1170/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1170/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1170/2025 12.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və maneələrin aradan qaldırılaraq iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bərdə rayon sakini olan iddiaçı, Bərdə rayon X12 İcraiyyə Komitəsinin 11 yanvar 1991-ci il tarixli 01 saylı qərarı ilə 12 yanvar 1991-ci il tarixdə № 878 saylı orderlə uçota alınmış Bərdə şəhər (köhnə Nizami) H.Əliyev prospekti ünvanında 2 nömrəli mənzildə birinci blokda birinci mərtəbədə iki otaqdan ibarət 34.05 kım mənzil sahəsi onun xüsusi istifadəsinə verilmişdir. O, 30 ildən artıqdır ki, həmin evdə öz ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda da orada yaşayır. Hazırda o, mənzili özəlləşdirmək istəyir, ailə üzvlərinin də buna heç bir etirazı yoxdur, amma ona X15 rayon XDS İK-nin fond sənədləri mühafizə olunmadığından bu mənzilin sənədinin arxivdə kötüyünün olmadığını bildirirlər. Çıxarış almaq üçün xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etdiyi zaman xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-2381/2024 saylı məktubu ilə onun mənzilinə Çıxarış verməkdən imtina etmişlər. Səbəbi də onu göstərirlər ki, təqdim etdiyi hüquqmüəyyənedici sənəd Bərdə rayon X12 İcraiyyə Komitəsinin 11 yanvar 1991-ci il tarixli 01 nömrəli qərarı əsasında verilmiş 878 nömrəli orderin arxiv əsaslarının olubolmamasını təsdiq edən Bərdə rayon Dövlət Arxivinin arayışı təqdim olunmamışdır. Halbuki iddiaçı 30 ildən çoxdur ki, həmin mənzildə ailə üzvlərilə birlikdə yaşayır. Qeyd etdiyi orderin əsli iddiaçının özündədir. İndi isə onun mülkiyyətində olan evin orderinin arxiv əsaslarının olub olmamasını təsdiq edən arxiv arayışı tapılmadığı üçün onun mənzilinə Çıxarış verilməməsi onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozur. İddiaçı məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur ki, bütün maneələr aradan qaldırılsın və ünvan 2 ünvanında yerləşən mənzilə çıxarış verilsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3605/2024 nömrəli qərardadı ilə, iş üzrə Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsi üçüncü şəxs qismində məhkəmə icraatına adi cəlb etmə qaydasında cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1170/2025 nömrəli qərardadı ilə, iş üzrə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmiş və iddia tələbi "Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 149, mənzil 2 ünvanında yerləşən mənzilin iddiaçının adına özəlləşdirilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi" tələbinə dəyişdirilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərd Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina barədə Bildirişdən görünür ki, təqdim olunan hüquqmüəyyənədici sənəd Bərdə rayon X12 İcraiyyə Komitəsinin 11 yanvar 1991-ci il tarixli 01 nömrəli qərarı əsasında verilmiş 878 nömrəli "Orderin" arxiv əsaslarının olub-olmamasını təsdiq edən Bərdə rayon Dövlət Arxivinin arayışı təqdim olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. imtinaya səbəb olan hal aradan qaldırılacağı təqdirdə ərizənizin icrasına qanunamüvafiq qaydada təkrar baxılacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Bərdə Rayon X12nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı əsasında verilmiş, xx.xx.1991-ci il tarixli, 878 nömrəli Orderə əsasən, İddiaçı birinci blok, birinci mərtəbədə, 34,05 kv.m sahəsi olan iki otaqdan ibarət 2 nömrəli mənzildə ailə üzvü X3 ilə birlikdə yaşamaq hüququ vardır. Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarxli 681 nömrəli arayışında görünür ki, ünvan 1, otaq sayı 2, sahəsi 34.05 kv.m, 5 mərtəbəli evin 1-ci mərtəbəsində yaşayır. Ailəsi: X7, X8, X4. Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 629 nömrəli məktuubunda qeyd olunmuşdur ki, ünvan 4 ünvanı yazılmayıb. Həqiqətən həmin ünvan (keçmiş Nizami) hal- hazırda H.Əliyev prospekti, bina 149/2 saylı mənzildir. X1 xx.xx.2023-cü il tarixli ərizəsində qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etirazı olmadığını bildirmişdir. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, rayon X15 rayon XDS İK-nin fond sənədləri mühafizə olunmadığından sorğuya cavab vermək imkanları xaricində olmuşdur. xx.xx.2025-ci il tarixli, A-İİ 475606 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2025-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzinin 10/9185 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqatin nəticəsi: Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 149, mənzil 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 56.41 kv. metr olduğu müəyyən olunmuş, mənzilin yaşayış otaqlarından birinin sahəsi 18.45 kv.metr, 2-cisinin sahəsi 21.28 kv.metr, dəhlizin sahəsi 6.3 kv.metr, mətbəxin sahəsi 6.48 kv.metr, hamamın sahəsi 2.7 kv.metr, ayaqyolunun sahəsi isə 1.2 kv.metr olduğu müəyyən olunmuş, mənzildə əlavə yeni tikili və ya qurğunun inşa edildiyi aşkar edilməmişdir. Ekspertiza xərclərinə dair Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 8-ci maddəsinə görə, Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 10.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 12.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X5 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən, 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: ... 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; ... 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; ... Bərdə Rayon X12nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı əsasında verilmiş, xx.xx.1991-ci il tarixli, 878 nömrəli Orderdən görünür ki, İddiaçı birinci blok, birinci mərtəbədə, 34,05 kv.m sahəsi olan iki otaqdan ibarət 2 nömrəli mənzildə ailə üzvü X3 ilə birlikdə yaşamaq hüququ vardır. Hazırkı iş üzrə iddiaçı qeyd olunan mənzilin onun adına özəlləşdirilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsini xahiş edir. Qeyd olunan qanunvericilik normalarına əsasən, Bərdə Rayon X12nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı əsasında verilmiş, xx.xx.1991-ci il tarixli, 878 nömrəli Order göstərilən mənzilin iddiaçının adına özəlləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyatı üçün əsasdır. İşdə olan xx.xx.2025-ci il tarixli, A-İİ 475606 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2025-ci ildə ölmüşdür. Bununla yanaşı X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etirazı olmadığını bildirmişdir. Məhkəmə həmçinin cavabdehin imtinası ilə bağlı qeyd edir ki, Bərdə rayon X12 İcraiyyə Komitəsinin 11 yanvar 1991-ci il tarixli 01 nömrəli qərarı əsasında verilmiş 878 nömrəli "Orderin" arxiv əsaslarının olub-olmamasını təsdiq edən Bərdə rayon Dövlət Arxivinin arayışının təqdim edilməməsi, yəni Bərdə rayon X12 İcraiyyə Komitəsinin müvafiq qərarı və mənzilə dair müvafiq Order barədə dövlət arxivində məlumatın olmaması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. Belə ki, iddiaçı tərəfindən xx.xx.1991-ci il tarixli, 878 nömrəli Orderin əsli məhkəməyə təqdim edilmiş, həmçinin Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən iddiaçının və onun ailə üzvlərinin mübahisəli mənzildə yaşamaqları və mənzilin hazırkı ünvanı barədə arayışlar təqdim edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 149, mənzil 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 56.41 kv. metr olduğu müəyyən olunmuş, mənzilin yaşayış otaqlarından birinin sahəsi 18.45 kv.metr, 2-cisinin sahəsi 21.28 kv.metr, dəhlizin sahəsi 6.3 kv.metr, mətbəxin sahəsi 6.48 kv.metr, hamamın sahəsi 2.7 kv.metr, ayaqyolunun sahəsi isə 1.2 kv.metr olduğu müəyyən olunmuş, mənzildə əlavə yeni tikili və ya qurğunun inşa edildiyi aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 149, mənzil 2 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməklə üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməlidir. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1,68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 149, mənzil 2 ünvanında yerləşən mənzil İddiaçı adına özəlləşdirilsin. Bərdə şəhəri, Heydər Əliyev prospekti, ev 149, mənzil 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Keçiriləcək hesab: büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: X2, kodu 210005, VÖEN 140155071, Muxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE**********00********) ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar