Məhkəmə qərarları › İş №2-1(114)-1177/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1177/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1177/2021 25.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.01.2021-ci il tarixli, **********8733 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı 19.02.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.01.2021-ci il tarixli, **********8733 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli, e-2-1(112)- 4462/2021 nömrəli qərardad ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində tərtib edilmiş akt və onun əsasında qəbul edilmiş 29.01.2021-ci il tarixli, **********8733 nömrəli vergi məsuliyyətinə cəlb edilməsi qərarı düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsi kimi qeyd olunmuşdur. Hazırki mübahisə üzrə iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələbinə əsasən gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotu aparılır. Alıcı tərəfindən elektron qaimə tələb olunduğu halda elektron qaimə-faktura təqdim etmək vəzifəsi vergi ödəyicisinin üzərinə qoyulmuşdur. Azərbaycan Respbublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasınm tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin maddənin tələbinə əsasən elektron qaimə-faktura tələb edilməli olduğu halda tələb edilməkdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tərkib hissəsi yaranır və yalnız bu halda vergi ödəyicisinə qarşı sanksiya tətbiq edilə bilər. Hazırki halda isə mübahisələndirilən qərar qəbul olunarkən cavabdeh tərəfindən, vergi ödəyicisinə malların satışı zaman alıcının elektron qaimə tələb etməsi faktını təsdiq edən sübutlar vergi ödəyisinə təqdim edilməmişdir. X8 orqanı tərəfindən tərtib edilmiş 22.01.2021-ci il tarixli, seriya DVX № 001560 nömrəli aktda qeyd olunmuşdur ki, 915.353,54 manat dəyərində malın ayrı-ayrı vergi ödəyicisinə satılması faktı qeyd olunsa da, həmin vergi ödəyicilərinin kim olduğu, həmin vergi ödəyicilərinin, adı, soyadı, atasının adı və VÖEN nömrəsi qeyd olunmamışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozması faktı barədə akt, dəqiq səlis və aydın tərtib edilməlidir. Bu xüsusat, həmin aktın qeyd hissəsində öz əksini tapmışdır. Bu da öz-özlüyündə tərtib edilmiş aktın və bunun nəticəsində qəbul edilmiş qərarın ləğvinə gətirib çıxarır. Göründüyü kimi istər Vergi Məcəlləsinin, istərsə də İnzibati Prosessual Məcəllənin tələblərinə görə vergi orqanı vergi ödəyicisinin təqsirini, habelə öz qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə borcludur. Lakin hazırkı halda cavabdeh inzibati orqan iddiaçıya 29.01.2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Odur ki, iddiaçı hesab edir ki, həmin qərar ləğv olunmalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 25.06.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X5 təyin edilmiş məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu 57 ünvanında yerləşən anbar malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 21.01.2021 -ci il tarixdən 19.02.2021 -ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 22.01.2021-ci il tarixdə saat 15:30-da Baş İdarə tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu 57 ünvanında yerləşən anbarda Vergi Məcəlləsin 58.13-cü maddəsinin tələbləri pozularaq elektron-qaimə tələb olunduğu halda heç bir elektron-qaimə verilmədən 9153535,38 manat məbləğində malların satılması faktı aşkar olunmuş. 22.01.2021-ci il tarixli, 001560 nömrəli Akt tərtib edilmişdir. Akt İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən X2 məxsus olan anbarda keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 22.01.2021-ci il tarixli, 001560 nömrəli aktına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digə sənədlərə əsasən İddiaçı 915353,54 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə verdiyi 22.01.2021-ci i tarixli izahatda bildirmişdir ki, İddiaçı məxsus olan anbarda keçirilmiş operativ vergi nəzarəti zamanı cəmi alış qiyməti ilə 236934,01 manat mal müəyyən olundu. Onun fəaliyyəti dövründə 9115648,39 manat idxal, 300000 manat alış aktı ilə mal əldə edilmişdir. Faktiki olaraq 1 faiz ticarət əlavəsi nəzarə alınmaqla 9153535,38 manat dəyərində mal topdan olaraq ayrı-ayrı vergi ödəyicilərinə satılmışdır. Mallar satılarkən onlara elektron-qaimə göndərmək üçün VÖEN tələb olunsa da, qarşı tərəf bundan imtina etmişdir. NKA-ya vurulmuş ******* manat məbləğ həmin topdan satılmış mallardır ki, qarşı tərəfin elektron-qaimədən imtina etməsinə görə NKA ilə rəsmiləşdirilmişdir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 da, elektron-qaimə verilmədən 9153535,38 manat məbləğində malların satılması faktını etiraf etmişdir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.01.2021-ci il tarixli, **********8733 nömrəli qərarın surəti; - 21.01.2021-ci il tarixli, seriya DVX № 001005 nömrəli siyahının surəti; - 21.01.2021-ci il tarixli, seriya DVX № 001000 nömrəli siyahının surəti; - “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 21.01.2021-vi il tarixli, **********7399 nömrəli qərarın surəti; - “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 21.01.2021-ci il tarixli, **********7410 nömrəli tələbnamənin surəti; - X7 tərəfindən imzalanmış 21.01.2021-ci il tarixli arayışın surəti; - 22.01.2021-ci il tarixli, Seriya DVX № 001560 nömrəli aktın surəti; - 22.01.2021-ci il tarixli, Seriya DVX № 001558 nömrəli aktın surəti; - 22.01.2021-ci il tarixli, Seriya DVX № 001557 nömrəli aktın surəti; - 21.01.2021-ci il tarixli, Seriya DVX № 001000 nömrəli siyahının surəti; - 21.01.2021-ci il tarixli, Seriya DVX № 001005 nömrəli siyahının surəti; - X7 tərəfindən imzalanmış izahatın surəti. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla, müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu 57 ünvanında yerləşən anbarda qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 21.01.2021 -ci il tarixdən 19.02.2021-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilmiş və nəticədə cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.01.2021-ci il tarixli, **********8733 nömrəli qərar tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, heç bir elektron-qaimə verilmədən 9153535,38 manat məbləğində malların satılması faktı aşkar edildiyi və X4 elektron-qaimə verilmədən 9153535,38 manat məbləğində malların satılması faktını etiraf etiyi üçün cavabdeh “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.01.2021-ci il tarixli, **********8733 nömrəli qərar qəbul etmişdir. Vergi qanunvericiliyi ilə pərakəndə satış və topdansatış ticarət fəaliyyətinin anlayışı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. - 13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsə də, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Belə olan halda vergi orqanı tərəfindən iddiaçının nəzarət kassa aparatına bir əməliyyat çərçivəsində böyük miqdarda məbləği ayrı-ayrı nömrələr altında müxtəlif çeklərdə əks olunmadan mədaxil etməsinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə ona məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması kimi arqumenti əsassız sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə araşdırması nəticəsində vergi orqanının nümayəndəsi iddiaçının topdansatış ilə məşğul olmasını yalnız iki əsas ilə sübuta yetirmişdir, iddiaçının topdansatış ilə məşğul olan kimi qeydiyyatdan keçməsi və iddiaçının nümayəndəsinin izahatı ilə, lakin iddiaçının nümayəndəsinin izahatı ilə tanış olan zaman müəyyən olunmuşdur ki, nümayəndə izahatında satmış olduqları malları NKA-ya vurduqlarını etiraf etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.01.2021-ci il tarixli, **********8733 nömrəli qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə əsassız maliyyə sanksiyaları tətbiq edilmişdir. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarlarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. - 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29.01.2021-ci il tarixli, **********8733 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar