Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1177/2022 29.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğvi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikası Kəlbəcər rayonunda anadan olmuşdur. xx.xx.1983-cü ildə Familə Şəfiyeva adlı bir qadınla rəsmi nikaha girməklə evlənmiş, birgə nikahdan 3 uşağı olmuşdur. 1993-cü il tarixdə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal olduğu üçün məcburu köçkün olaraq Daşkəsən Rayon Xoşbulaq kəndində məskunlaşmış, həmin vaxt Xoşbulaq kənd sovetliyinin kitabında kənd sakini İbrahim Musa oğlunun evinə qeydiyyata düşmüşdür. xx.xx.1994-cü il tarixdən 1994-cü ilin mart ayının sonuna kimi Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, bundan sonar səhhətində olan problemlərə görə döyüşə bilməmiş, 1994-cü ilin mart ayının sonunda işləyib pul qazanmaq üçün ailəsi ilə birlikdə Rusiya Fedarasiyasına getmişdir. Uzun müddət orada yaşamalı olmuş, 2007-ci il tarixdə Rusiya vətəndaşlığını qəbul etmiş, eyni zamanda birgə evlilikdən olan 3 uşağı da Rusiyanın vətəndaşlığını qəbul etmiş, arvadı isə Azərbaycan vətəndaşı olaraq qalmışdır. Hazırda övladlarından ikisinin müraciətləri əsasında Azərbaycan Respublikasının vətandaşlığı bərpa olunmuşdur. İddiaçı qeyd edir ki, onun artıq 66 yaşı var öz ölkəsində qayıdıb məhdudiyyətsiz olaraq yaşamaq istəyir. Lakin Rusiya vətəndaşı olduğu üçün bu ona müəyyən çətinliklər yaradır. Buna görə də xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasının 3.11-ci bəndini və 4.1-ci bəndini rəhbər tutaraq onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 1993-cü ildə Daşkəsən rayonunun Xoşbulaq kəndində qeydiyyata düşmüş və 1994-cü ilədək həmin kənddə yaşamışdır. 1994-cü ildə isə Rusiya Federasiyasına getmiş və orada yaşamağa başlamışdır. İddiaçının vəkili X1 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.1998-ci il tarixdən Azərbaycanda qeydiyyatda olmadığına görə qərar əsaslıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir :- -surəti işə əlavə edilmiş İ-ИЕ 145417 nömrəli xx.xx.1956-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur. -surəti işə əlavə edilmiş Krasnodar diyarı Balaxtinsk rayonu üzrə Daxili işlər şöbəsi (bölmə kodu:240- 043) tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 452892 saylı pasportdan görünür ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. -Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2022-ci il tarixli 170-8161-1222 nömrəli məktubundan görünür ki, İddiaçı 1993-cü ildən hal-hazıra qədər Q və ŞVQ-da pasport qeydiyyatı barədə məlumat yoxdur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.1956-cı il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, 1994-cü ildən Rusiya Federasiyasına getmiş və xx.xx.2007-ci il tarixdən hal-hazıradək Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncunun xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina etmişdir. İddiaçı hazırki tələblə cavabdeh orqanın sözügedən qərarını mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmişdir):- - 1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. - 5-ci maddəsinə görə aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 18 mart tarixli, 84 №-li qərarı ilə təsdiq edilmişdir):- -1.1-ci bəndinə görə bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. -2.2-ci bəndinə görə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 4.1.1-ci bəndinə görə bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. 4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. İşin faktiki hallarından göründüyü kimi iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi sözügedən qanunda nəzərdə tutulmuşdur. Bu hal isə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını istisna edir. Məhkəmə qeyd edir ki, ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o, yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (sözügedən Qaydanın 4.3cü bəndinə əsasən). Bu səbəbdən də iddiaçıya münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi də tətbiq edilə bilməz. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması qanunvericiliyinin müddəaları gözlənilməklə həyata keçirilmişdir ki, həmin icraat nəticəsində qəbul edilmiş qərar əsaslıdır və ləğv edilməsi üçün əsas yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın mübahisələndirilən “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarı qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğvi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1177/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1177/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver