Məhkəmə qərarları › İş №2-1(114)-1178/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1178/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1178/2020 25.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı pensiya fərqi məbləğinin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Şəmkir rayon şöbəsinə qarşı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan sosial pensiyanın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaqlıqda aldığı xəsarətlə bağlı olaraq ona müddətsiz 3-cü qrup əlillik müəyyən olunmuş, xx.xx.2019-cu il tarixədək pensiyanı mübahisəsiz almışdır. Lakin cavabdeh sonradan heç bir hüquqi əsas olmadan onun pensiyasını dayandırmış, Şəmkir Rayon Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. İddiasında cavabdeh ondan xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ona ödənilmiş 14089,00 manat pulu tələb edir. Həmin tələb zamanı ona məlum olmuşdur ki, onun əlilliyi “Əlillik altsistemində” etibarsız hesab olunmuşdur. Bundan sonra o, təkrar olaraq X4 Komissiyasına müraciət etmiş və xx.xx.2020-ci il tarixdən komissiyanın qiymətləndirmə üzrə qərarı ilə müddətsiz 3-cü dərəcəli əlil hesab olunmuşdur. Hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan ona verilən pensiyanı dayandırmışdır. O, bu xəsarəti sonradan deyil, anadan olandan almışdır və hazırda da həmin xəsarət qalmaqdadır. Heç bir yaxşılaşma yoxdur. Bu səbəbdən də hesab edir ki, cavabdeh xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi dayandırmış olduğu pensiyanı ona ödəməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etdiyini bildirmiş və təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə qeyd edir ki, göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. İddiaçı hazırki tələbində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan sosial pensiyanın ödənilməsini xahiş etmişdir. Halbuki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Şəmkir rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, **********4 nömrəli məktubundan görünür ki, iddiaçıya xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək dövr üçün 14089,00 manat məbləğində əlilliyə görə pensiya ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı yenidən həmin dövr üçün pensiya məbləğinin ödənilməsini tələb edə bilməz. Məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Bu baxımdan, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35.1. maddələri). Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq inzibati orqana hazırkı iddia tələbində qeyd edilən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin ödənilməsinə dair müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X3 publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı pensiya fərqi məbləğinin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar