Məhkəmə qərarları › İş №2-1(114)-1178/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1178/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1178/2021 29.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1nə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə) qarşı adının vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh1 05.02.2021-ci il tarixli, C-6-073 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Respublika ərazisini tərk etdiyi üçün ona verilən vahid aylıq müavinətin ödənişi dayandırılmış, 182 gündən artıq respublikadan kənarda yaşadığına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və komunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydasının müvafiq maddəsinə uyğun olaraq bərpa edilməmişdir. Müavinətin dayandırılmasını qanunsuz hesab edən İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək təyin olunmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin bərpa edilməsi və 2019cu ilin sentyabr ayından və bu günə qədər olan həmin müavinətin cavabdehlər tərəfindən ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində (dəqiqləşmə) Cavabdeh1 cavabdeh, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsini isə üçüncü şəxs qismində qeyd etməklə məhkəmədən təyin olunmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin dayandırılmasının qanunsuz hesab edilməklə, onun adının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi” Qaydalarına müvafiq olaraq siyahıya daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1973-cü il tarixdə Kəlbəcər şəhərində doğulmuş, məcburi köçkündür. 1991-1994-cü il tarixlərdə Qarabağ müharibəsində iştirak etmiş, bunun nəticəsində kəllə-beyin travması almışdır. Yüksək təzyiq, kəllə-beyin travması və baş ağrılarından əziyyət çəkir, müalicə məqsədi ilə tez-tez yəni, ildə bir dəfə Rusiya Federasiyasına gedir. Cavabdeh1 ünvanına vahid aylıq müavinət ödənişinin bərpa olunması barədə yazmış olduğu ərizəyə 05.02.2021-ci il tarixli C-6-073 saylı cavabda qeyd olunmuşdur ki, Respublika ərazisini tərk etdiyinə və 182 gündən artıq Respublikadan kənarda yaşadığına görə ona verilən vahid aylıq müavinətin ödənişi dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq müavinətin ödənilməsi Qaydası”nın müvafiq maddəsinə uyğun bərpa edilməmişdir. Hesab edir ki, vahid aylıq müavinətinin kəsilməsi qanunsuz və əsasssızdır, ona görə də bərpa olunmalıdır. Çünki Rusiya Federasiyasına getməyi yalnız müalicə üçündür, hər hansı kommersiya, biznes fəaliyyəti ilə bağlı deyildir. Bakı İnzibati Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2-1(112)-4637/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, mümkünsüz hesab edilməli və təmin edilməməlidir. Belə ki, İddiaçı ona vahid aylıq müavinətin ödənilməsinin bərpa edilməsi barədə 11.02.2020-ci il tarixli müraciəti Komitə tərəfindən 01/8232 nömrəli 02.03.2020-ci il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.8-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə vahid aylıq müavinət şamil olunmur. İddiaçı 182 gündən artıq ölkə xaricində olduğundan vahid aylıq müavinətin verilməsi Cavabdeh1 tərəfindən mövcud Qaydalara əsasən dayandırılmışdır”. 2021-ci ildə isə iddiaçının Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə heç bir müraciəti daxil olmamışdır. Aparılmış araşdırma zamanı, İddiaçı 2018-ci ilin 19 yanvar tarixindən 2019-cu ilin 11 fevral tarixənədək - 388 gün müddətinə, 2019-cu ilin 16 fevral tarixindən 2019-cu ilin 26 oktyabr tarixənədək - 252 gün müddətinə Rusiya Federasiyasında olduğu müəyyən olunmuşdur. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə və üçüncü şəxsə hazırki məhkmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İPM-in 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - M/V 078612 nömrəli iddiaçıya məxsus müharibə veteranı vəsiqəsinin surəti; - AA 311427 nömrəli iddiaçıya məxsus məcburi köçkün vəsiqəsinin surəti; - 185884 nömrəli iddiaçıya məxsus İİ qrup əlil vəsiqəsinin surəti; - Cavabdeh1 05.02.2021-ci il tarixli, C-6-073 nömrəli məktubu; - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sərhəd nəzarətinin 19.06.2021-ci il tarixli 33/2052 nömrəli məktubu. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Məhkəmə işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, iddiaçı məcburi köçkün statusuna malikdir və ona məcburi köçkün kimi ödənilən müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.8-ci bəndinə əsasən dayandırılmışdır. Hazırki iddia tələbində iddiaçı müavinətin dayandırılmasını əsassız hesab edərək, adının aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsini xahiş etmişdir. İddia tələbinin əsasını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təşkil edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 01 yanvar 2017-ci ildən qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda hazırlanmışdır. Qaydanın 1-ci hissəsində qeyd edilmişdir ki, bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydaya əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: - 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); Qaydanın 2.8-ci hissəsinə əsasən, məcburi köçkün statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə aylıq müavinət şamil edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti sərhəd nəzarətinin 19.06.2021-ci il tarixli 33/2052 nömrəli məktubu ilə İddiaçı 2004-2021ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı məlumatlar məhkəməyə təqdim edilmişdir. Həmin məlumatlardan görünür ki, İddiaçı 19.01.2018-ci il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, 11.02.2019-cu il tarixdə respublika ərazisinə qayıtmış, yenidən 16.02.2019-cu il tarixdə Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş, 26.10.2019-cu il tarixdə respublika ərazisinə qayıtmışdır. Beləliklə, İddiaçı 2018-ci təqvim ili ərzində 346 gün, 2019-cu təqvim ili ərzində isə 294 gün başqa ölkədə olmuşdur. İddiaçı başqa ölkədə - Rusiya Federasiyasında olmasının səbəbini səhhətində yaranan problemlərin müalicəsi ilə əlaqələndirib məhkəməyə 16.02.2019-26.10.2019-cu il tarixlərdə müalicə olunması ilə bağlı sənədləri təqdim etsə də, analoji sübutları 2018-ci il üçün təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə iddiaçının xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında müalicə olunmasının məcburiliyi ilə bağlı qeyd edir ki, iddiaçı öz iddia ərizəsində və izahatında qeyd etdiyi xəstəliklərin, yəni yüksək təzyiq, kəllə-beyin travması və baş ağrısının Azərbaycan Respublikasında da müalicəsi mümkündür və iddiaçı məhz Rusiya Federasiyasında müalicə olunmasının labüdlüyünü təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də, nəzərə almaq lazımdır ki, yuxarıda adıçəkilən Qaydanın 2.8-ci bəndində göstərilən təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olmanın üzrlü və ya üzrsüz səbəbi fərqləndirilməmiş, heç bir xüsusi hal istisna kimi qeyd edilməmişdir. Belə olan halda, məhkəmə iddia tələbinin iddiaçının səhhəti ilə bağlı başqa ölkədə olması barədə dəlilini əsassız hesab edir və bu nəticəyə gəlir ki, iddiaçı 2018-ci təqvim ili ərzində 346 gün, 2019-cu təqvim ili ərzində isə 294 gün başqa ölkədə olmuşdur. Bu fakt isə İddiaçı aylıq müavinətin şamil olunmaması üçün Qaydaların 2.8-ci maddəsində nəzərdə tutulan haldır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası yuxarıda qeyd edilən normalara uyğundur və tələbin təmin edilməsi üçün qanuni əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinin tələblərinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh1nə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə) qarşı adının vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar