Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1179/2021 24.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pensiyanın təyin olunması üçün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun təminat xərcliyinə uyğunlaşdırılmaqla təminat xərcliyinin hesablanması və müəyyən olunmuş qaydada “Məlumat vərəqinin” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı 14.12.2021-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiyanın təyin olunması üçün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun təminat xərcliyinə uyğunlaşdırılmaqla təminat xərcliyinin hesablanması və müəyyən olunmuş qaydada “Məlumat vərəqinin” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 01.03.2021-ci il tarixli, 2-1(112)- 3202/2021 nömrəli qərardad ilə iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra mətndə cavabdeh) ilə əvəz olunmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 17.08.2021-ci il tarixli, 2-1(114)-1179/2021 nömrəli qərardad ilə iddiaçının cavabdehin əvəz olunmasına dair ərizəsi təmin edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 28 may 1980-cı ildən 02 sentyabr 1980-cı ilədək SSSR-i Silahlı Qüvvələri sırasına müddətli həqiqi hərbi xidmətə olmuşdur. 02 sentyabr 1980-ci ildə xəstəliklə əlaqədar olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Erməni silahlı birləşmələrinin Vətən torpaqlarının işğalına başlayan zaman 31 yaşıında könüllü olaraq N saylı hərbi hissənin tərkibinə daxil olmuş, 11 mart 1992-ci ildən 06 iyun 1992-ci ilədək döyüş əməliyyatlarında iştirak etmişdir. 22.06.1992-ci il tarixində yaralandıqdan sonra uzun müddət ərzində müalicədə olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 08.10.2018-ci il tarixli, 1444 nömrəli xəstəlik haqqında qərarı ilə təmin edilmişdir. Hazırda 2-ci qrup müharibə əlilidir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar olması göstərilmişdir. Müharibə əlili kimi müddətli həqiqi hərbi xidmətdə olmayan hərbi qulluqçu kimi pensiyanın təyin olunması üçün zəruri sənədləri yəni şəxsi işi Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə idarəsinə göndərilmişdir. Şəxsi işini və digər zəruri sənədlərin Müdafiə Nazirliyində olmasına baxmayaraq vəzifəli şəxslərin hərəkətsizliyi ilə üzləşmişdir. Müdafiə Nazirliyinin xətti ilə pensiyanın təyin olunması üçün təminat xərcliyini hesablanmamış və bu barədə müəyyən olunmuş qaydada məlumat vərəqi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməmişdir. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə 14.10.2020-ci il tarixdə yazılı müraciətinə cavab verilməmişdir, lakin şifahi olaraq onun Sovet Ordusunda iki il tam xidmət müddəti olmadığı bildirilmişdir, bu səbəbdəndə barəsində “Məlumat vərəqinin” tərtib edilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməmişdir. Odur ki, cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin məhkəmə iclası 24 avqust 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək pensiyanın təyin olunması üçün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun təminat xərcliyinə uyğunlaşdırılmaqla təminat xərcliyinin hesablanması və müəyyən olunmuş qaydada “Məlumat vərəqinin” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı 17.06.2021-ci il tarixli, 12/1372 nömrəli etirazda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 07421945 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçıya məxsus ******* nömrəli hərbi biletin surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 27.04.2020ci il tarixli, 9/2-4649 nömrəli arxiv arayışının surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 08.10.2018-ci il tarixli, 1444 nömrəli qərarının surəti; - məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 03.08.2021-ci il tarixli, 8-49 nömrəli cavab məktubu; - məhkəmənin sorğusu əsasında alınmış iddiaçıya məxsus qeydiyyat kartasının surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan 1 qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Tərtər Rayon Hərbi Komissarlığı tərəfindən 30 avqust 2005-ci il tarixdə verilmiş AO ******* nömrəli hərbi biletdən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 23 may 1980-ci il tarixdən 17 sentyabr 1980-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində N nömrəli hərbi hissədə N ay N gün (SSRİ Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin (qarnizon hərbi hospitalının) hərbi həkim komissiyasının 149 nömrəli 02 sentyabr 1980-ci il tarixli "Xəstəlik haqqında şəhadətnamə"silndəki qeydlərə əsasən Qorki rayon psixi-nevroloji xəstəxanasına daxil olduğu 14 iyun 1980-ci il tarixədək olan dödrü nəzərə alsaq, bu müddət cəmi 21 gün təşkil edir) müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Bundan başqa, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi arxivindən verilmiş 9/2-4649 nömrəli 27 aprel 2020-ci il tarixli arayışda olan məlumatlara əsasən 11 mart 1992-ci il tarixədən 06 iyun 1992-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində N ay N gün, ümumilikdə isə cəmi 06 ay 19 gün müddətli həqiqi hərbi xidmətdə olmuş, lakin müddətdən artıq həqiqi hərbi xidmət keçməmişdir. Belə ki, "Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci ilin aprel-iyun aylarında həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdırmış əsgərlərin, matrosların, serjantların, starşinaların ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1992-ci il tarixli 686 nömrəli Fərmanı ilə 1965-1974-cü illərdə anadan olmuş, çağırış gününədək 18 yaşı tamam olan Azərbaycan Respublikası vətəndaşlarının, Xəzər Donanması gəmilərinin matrosları və starşinaları üçün - iki il, qalan əsgərlər, serjantlar və starşinalar üçün - bir il altı ay müddətə həqiqi hərbi xidmətə çağırılması elan edilmişdir. SSRİ Silahlı Qüvvələrində isə bu müddət 2 il müəyyən edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında könüllü daxil olurlar. Həmin Qanunun 38.1.1 -ci maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: ali təhsili olanlar - 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar - 1 il 6 ay müddətləri təqvim hesabı ilə müəyyən edilmişdir. İddiaçı, ümimiyyətlə, nə 2 il, nə də 1 il 6 ay xidmət etməmiş, o, 17 sentyabr 1980-ci il tarixdə hərbi xidmətdən xidmət müddətini başa çatdırmaqla deyil, məhz xəstəliyə görə, hərbi həkim komissiyasının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə sıradan kənar xidmətə yararlı kimi şəhadətləndirilərək ehtiyata buraxılmışdır. Bu səbəbdən, onun sonradan Azərbaycan Ordusunda yenidən 11 mart 1992-ci il tarixədən 06 iyun 1992-ci il tarixədək xidmət keçdiyi müddət könüllü olsa da, müddətdən artıq həqiqi hərbi xidmət hesab edilə bilməz. Belə ki, müddətdən artıq həqiqi hərbi xidmətə bağlaşma (müqavilə) əsasında ilkin olaraq üç illik müddətə qəbul edilirlər, bu müddət bitdikdən sonra bağlaşma müddəti yenidən uzadıla bilər. İİddiaçı isə N nömrəli hərbi hissədə cəmi N ay N gün xidmət etdikdən sonra öz ərizəsinə əsasən xidmətdən azad edilmişdir. Nəticə etibarı ilə, İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu statusunda olmamış və müddətdən artıq həqiqi hərbi xidmət keçmiş şəxs hesab edilmir. Nəticə etibarı ilə İddiaçı müddətdən artıq həqiqi hərbi hidmət hərbi qulluqçusu statusunda olmamış və müddətdən artıq həqiqi hərbi xidmət keçmiş şəxs hesab edilmir. O, 11.03.1992-ci il tarixdən 06.06.1992-ci il tarixədək məhz (“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq məcburi) müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərmiş olduğu halları özünün müddətdən artıq xidmət etmiş hərbi qulluqçu olmasını hər hansı sübutla sübuta yetirə bilməmişdir. Beləliklə də, yuxarıd qeyd edilənlərə, məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 24 avqust 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pensiyanın təyin olunması üçün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun təminat xərcliyinə uyğunlaşdırılmaqla təminat xərcliyinin hesablanması və müəyyən olunmuş qaydada “Məlumat vərəqinin” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pensiyanın təyin olunması üçün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun təminat xərcliyinə uyğunlaşdırılmaqla təminat xərcliyinin hesablanması və müəyyən olunmuş qaydada “Məlumat vərəqinin” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1179/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1179/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver