Məhkəmə qərarları › İş №2-1(114)-118/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-118/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-118/2022 17.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və vəkili X36 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxslər Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru, X31, X32, X16, X17, X27, X10, X11 və X28) qarşı ona mərhum atasından miras qalmış, Şəmkir rayon Ağlavaşlı kəndində yerləşən fərdi yaşayış evinin 1/10 hissəsinə və həyətyanı torpaq sahəsinin 15/24 hissəsinə hüququnun qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasından miras qalmış, Şəmkir rayon Ağlavaşlı kəndində yerləşən fərdi yaşayış evinin 1/10 hissəsinə və həyətyanı torpaq sahəsinin 15/24 hissəsinə hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 07.04.2022-ci il tarixli Qəradadı ilə Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoru, X31, X32, X16, X17, X27, X10, X11 və X28 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin əmlakın yerləşdiyi ünvanda yaşayır. Mərhum atası X2 miras qalmış Şəmkir rayonu Ağlavaşlı kəndində yerləşən fərdi yaşayış evinin 1/10 hissəsinə Şəmkir rayon 1 saylı Notariat Kontorunun 11.12.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə əsasında, həyətyanı torpaq sahəsinin 15/24 hissəsinə isə həmin tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsə tanınmışdır. Sözügedən şəhadətnamələrə əsasən miras əmlakdan ona düşən əmlaka mülkiyyət hüquqlarını qeydiyyata alıması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qeyri-qanunidir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin **********82 nömrəli, 02.08.2021-ci il tarixli imtina barədə bildirişində qeyd olunmuşdur ki, iddiaçı mərhum atası X2 miras qalmış fərdi yaşayış evinin 1/10 hisəsinə qanun üzrə, həyətyanı torpaq sahəsinin 15/24 hissəsinə isə vəsiyyət üzrə vərəsə kimi tanınmışdır. Qeyd edilən əmlakla bağlı məhkəmə prosesində iştirak edən, hüquqlarına toxunan tərəflər arasında mübahisə olduğuna və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunması barədə məlumat onlara daxil olmadığından ərizənin icrası mümkün deyildir. Cavabdehin 13.09.2021-ci il tarixli, **********25 nömrəli etiraz məktubunda əlavə olaraq qeyd olunmuşdur ki, Məhkəmə Qətnaməsi haqqında Azəraycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il 2 nömrəli Qərarına əsasən qətnamənin nəticə hissəsi qısa, dəqiq, şərtsiz məzmunda ifadə edilməklə, tərəflərin tələb və etirazlarına qəti cavab verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-485/2021 nömrəli, 24.02.2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində X1 miras qalmış fərdi yaşayış evinin 1/10 hissəsinə qanun üzrə, həyətyanı torpaq sahəsinin 15/24 hissəsinə isə vəsiyyət üzrə vərəsə tanınması barədə münasibət bildirilmiş, lakin qərarın qət etdi hissəsində İddiaçı iddiasının mümkün sayılmaması qeyd edilmişdir. Bundan başqa məhkəmə qərarları qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə icra olunması üçün icra qurumuna göndərilir və “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Üçüncü şəxs X13 nümayəndəsi məhkəmənin dəftərxanasına ərizə təqdim edərək üçüncü şəxs tərəfindən ona verilmiş etibarnamənin tərcümə olunmaması səbəbi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsinin ərizəni məhkəmə iclasının olduğu tarixdə (17.05.2022) məhkəmənin dəftərxanasına təqdim edərək məhkəmə iclasında iştirakdan yayınmasına Məhkəmə nümayəndənin icraatı qəsdən yubandırması kimi qiymət verərək onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin **********82 nömrəli, 02.08.2021-ci il tarixli imtina barədə bildirişi, 13.09.2021-ci il tarixli, **********25 nömrəli etiraz məktubu, Şəmkir Rayon Məhkəməsinin 2(076)-295/2010 nömrəli Qətnaməsi, RX ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, Şəmkir 1 saylı Notariat Kontorunun 01.12.2010-cu il tarixli, 2V-3-363 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsi, 11.12.2018-ci il tarixli qanun üzrə və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəahdətnamələri, 17.05.2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanma müqaviləsi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia tələbindən göründüyü kimi tələb iki hissədən: Şəmkir rayon Ağlavaşlı kəndində yerləşən fərdi yaşayış evinin 1/10 hissəsinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 15/24 hissəsinə mülkiyyət hüququnun qeydə alınması hissələrindən ibarətdir. İddia tələbinin birinci hissəsi Məhkəmənin 17.05.2022-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Tələbin ikinci hissəsi yəni, evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 15/24 hissəsinə mülkiyyət hüququnun qeydə alınması üzrə ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia tələbinin ikinci hissəsi isə, yəni həyətyanı torpaq sahəsinin 15/24 hissəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı iş materiallarını nəzərdən keçirib, məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-295/2010 nömrəli, 07.04.2010-cu il tarixli Qətnaməsindən görünür ki, mərhum X8 tərəfindən İddiaçı adına Şəmkir Rayon Birinci Dövlət Notariat Kontorunda verilmiş 26.08.2008-ci il traixli, 2 v-275 reyestr nömrəli vəsiyyətnamə Şəmkir rayon Qasım İsmayılov kəndində yerləşən X5 ilə X6 istifadəsində olmuş fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilmişdir. X1 miras qalan Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən və JN-248 F saylı “Toprağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0.50 ha həyətyanı totpaq sahəsinə və JN-0347 saylı “Torpağa mülkiyyət hüququna dair“ Dövlət Aktı əsasında 0.96 ha pay torpaq sahəsinə, həmçinin 34245 hesab nömrəli Əmanət Kitabçası üzrə ona məxsus olan 7330,54 rubl məbləğində pul vəsaitinin ½ hissəsində X11, X17, X18, X33, X22, Həsənova Zülfiyyə Mədət qızı, X40, X31 və X23 vərəsə təyin edilmiş və onların X1 miras qalan Şəmkir rayonu, Qasım İsmayılov kəndində yerləşən və JN-248 F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 0.50 ha həyətyanı torpaq sahəsini və JN-0347 saylı “Torpağa mülkiyyət hüquuqna dair” Dövlət Aktı əsasında 0.96 ha pay torpaq sahəsinin, həmçinin 34245 hesab nömrəli Əmanət Kitabçası üzrə ona məxsus olan 7330,54 rubl məbləğində vəsaitin ½ hissəsindəki miras payları onların hər birinə 1/24 hissədə müəyyən ediliş və həmin hissədə onların mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şəmkir 1 saylı Notariat Kontorunun 01.12.2010-cu il tarixli, 2V-3-363 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, DƏDRX Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 03.09.2010-cu il tarixli, 31/453 nömrəli arayışa əsasən miras qoyana aid olan ünvan 1 ünvandakı 0.50 ha torpaq sahəsində inşa edilmiş A literli yaşayış sahəsi 43.6 kv.m köməkçi sahəsi 31.3 kv.m ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evi 20.10.2009-ci il tarixdə vəfat etmiş X3 vərəsələri Şəmkir rayonu, Q.İsmayılov kəndində yaşayan arvadı X11, övladları X27, X17, X32, X16, X9, X34, X40 və Şəmkir rayonu Qaralar kəndində yaşayan X31 bərabər hissədə irs almalıdır. Həmin şəhadətnamələrdə 1/10 hissə pay açıq saxlanılmışdır. İş materiallarında olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* nömrəli, 08.12.2010-cu il tarixli Çıxarışdan görünür ki, 0.50 ha torpaq sahəsində yerləşən A literli yaşayış evi X31, X32, X16, X17, X27, X10, X40, X11 və X19 hər birinə 1/10 hissədə, torpaq sahəsi isə X31, X32, X16, X17, X27, X10, X40 və X24 1/24 hissədə və X7 isə 13/24 hissədə verilmişdir. B literli yaşayış evi X12, C literli yaşayış evi isə X14 tam mülkiyyətindədir. İş materiallarında olan 17.05.2016-cı il tarxli Daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, X32, X11, X18, X10, X40, X34 və X31 ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 0.2583 ha topraq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evinin onlara düşən hisəsini X35 bağışlamışlar. İş materiallarında olan RX ******* nömrəli, 31.08.2018-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 74.7 kv.m sahəsi olan fərdi yaşayış evi X13 tam, 0.2583 ha torpaq sahəsi isə 21/24 hissədə Dövlət reyestrində qeydə alınmış, 3/24 hissədə isə açıq saxlanılmışdır. İşin yuxarıda şərh olunan hallarından göründüyü kimi, iddiaçının mübahisələndirdiyi həyətyanı torpaq sahəsinin ½ hissəsinə Şəmkir Rayon Məhkəməsinin 07.04.2010-cu il tarixli Qətnaməsi ilə X11, X17, X18, X33, X22, X29, X40, X31 və X23 hər biri 1/24 hissədə vərəsə kimi tanınmışlar. Yerdə qalan ½ hissə isə mirasa daxil olmadığı üçün X4 mülkiyyətində saxlanılmışdır. Göründüyü kimi, sözügedən torpaq sahəsinin artıq 21/24 (12/24 + 9/24) hissəsinə göstərilən şəxslərin hüquqları dövlət reyestrində qeydiyyatdan keçmiş, 3/24 hissə isə açıq saxlanılmışdır. Belə olan halda idiaçının sözügedən torpaq sahəsinin açıq saxlanılan 3/24 hissəsinə hüquqları vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinə əsasən qeydə alınmalıdır. Beləliklə ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.3 və 8.0.4-cü maddələrində nəzərdə tutulmuş şərtlər ödənilsə də cavabdeh orqan iddiaçının müraciətindən əsassız olaraq imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- Maddə 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 11. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; ... Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin açıq saxlanılmış 3/24 hissəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə malikdir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin 3/24 hissəsi İddiaçı adına dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar