Məhkəmə qərarları › İş №2-1(114)-118/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-118/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-118/2025 17.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, Cavadehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyi ilə bağlı məlumatların altsistemə daxil edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və həmin Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun barəsində məlumatın Agentliyin alt sisteminə daxil edilməsi, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan güzəşt və kompensasiyaların təmin edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 40000 manat məbləğində, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən 40000 manat məbləğində mənəvi zərərin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, SSRİ-nin Silahlı Qüvvələrində hərbi xidmət zamanı Çernobıl AES qəzasının ləğvində baş leytenant rütbəsində iştirak etmişdir. Həmin fakt həm şəxsi işi, həm də RF SSR Müdafiə Nazirliyinin Baş Arxiv İdarəsindən alınmış arayışla təsdiq olunur. İİ qrup əlilliyi xx.xx.2000-ci il tarixdə müayinə aktı əsasında təsdiqlənmişdir. O, Prezident təqaüdçüsüdür. Hər il “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq verilən pul kompensasiyalarını və sanator-kurort putyovkalarını 2022-ci ilədək almışdır. Növbəti dəfə kompensasiya və putyovka almaq üçün Gəncə 8 nömrəli TSEK-ə müraciət etmiş və ona bildirmişlər ki, onun Çernobıl qəzasının ləğvində iştirak etməsi və radiasiya ilə əlaqədar aldığı xəstəliyi Agentlik tərəfindən təsdiq olunmalıdır. O, həmin sənədləri xx.xx.2022-ci il tarixdə Gəncə 8 nömrəli TSEK-ə təqdim etmişdir. Lakin ona bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə X5 düşməsi üçün **********5 saylı müayinə aktı və digər sənədlər Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsinə baxmayaraq kompüter alt sistemə daxil etməmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1959/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı (hakim Gülşən Əliyeva) ilə iddia mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-524/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(114)-1959/2023 saylı qərardadı ləğv edilmiş, iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-409/2024 qərardadı ilə əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 409/2024 qərardadı ilə ilkin iddia tələbi “əlilliyi ilə bağlı məlumatların altsistemə daxil edilməsi” tələbinə dəqiqləşdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı "məlumatların əlillik tələbinə dair iddia ərizəsinə dair etirazda qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəlləyə görə, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi, həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Bu cür iddialara öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia deyilir (İPM-in 34-cü maddəsi). Məsələn, dövlət orqanının və ya bələdiyyənin istənilən şəxs qarşısında qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliyi mövcuddur, lakin həmin orqanlar öhdəliyi icra etməkdən yayınır. Belə olan halda şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanından və ya bələdiyyədən, inzibati aktın qəbul edilməsinə yönəlməyən müəyyən hərəkətlərin edilməsini və həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara: buna öhdəliyin icrası haqqında iddiada deyilir; bu o deməkdir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məsələn, dövlət orqanının və ya bələdiyyənin istənilən şəxs qarşısında qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliyi mövcuddur, lakin həmin orqanlar öhdəliyi icra etməkdən yayınır. Belə olan halda şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək dövlət orqanından və ya bələdiyyədən müəyyən hərəkətlərin edilməsini və həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini də tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia növünün xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Bundan başqa Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən həmçinin göndərişin natamam doldurulması ile əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adı çəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali. Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı şəhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır." Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iş materialarına əlavə edilmiş AA seriyalı ******* şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. - iş materialarına əlavə edilmiş MN Mərkəzi Hərbi Komissiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 345 nömrəli qərarına əsasən Gəncə şəhəri Nizami RHK-ğı tərəfindən 1986-cı ildə hərbi toplanışa çağırılmış, vətəndaş İddiaçı 1986-cı ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.2019-cu ildə Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən təyin edilmiş xəstəlik diaqnoz "Radiasion toksiki ensefalopatiya, kəskin ifadə olunmuş asteno-nevrotik vəziyyət. Radiasion mielopatiya" (Azərbaycan Respublikası SHXÇDX-nin Nizami rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 922 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 147 nömrəli arayışı. Xəstəliklərin səbəbinin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən verilmiş 14 03.2019-cu il tarixli ekspert rəyi, MN MHHK-nın həkim mütəxəssisinevropatoloqun rəyi ilə təsdiq edilir), "XƏSTƏLİKDİR, ÇERNOBİL AES-də qəza ilə əlaqədar HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİN (XİDMƏTİ VƏZİFƏLƏRİN) İCRASİ ZAMANİ ALİNMİŞDİR". - iş materialarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 139 nömrəli arayışdan görünür ki, baş leytenant 1959-cu il təvəllüdlü İddiaçı Şamil oğluna, ondan ötrü ki, o, həqiqətən xx.xx.1986-cı il tarixdən xx.xx.1986-ci il tarixə kimi SSRİ Silahlı Qüvvələrində N saylı hərbi hissənin tərkibində xidməti zamanı Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsində 30 km zonada iştirak etmişdir və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsində qeydiyyatdadır. - iş materialarına əlavə edilmiş Xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının ekspert rəyindən görünür ki, xəstəlik Çernobıl AES-də qəzanın ləğvi işləri zamanı radioaktiv şüalanma ilə əlaqədardır rəyi ilə radiasiyon toksiki ensefalopatiya, kəskin asteno-nevrotik vəziyyət. Radiasiyon mielopatiya diaqnozu qoyulmuşdur. - iş materialarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı regional ərazi filialının sosial müavinət, təqaüd və kompensasiya təyinatları üzrə xx.xx.2021-ci il tarixli, 330 nömrəli qərarından görünür ki, İddiaçı Şamil oğluna CAES əlillərinə verilən 2021-ci il üzrə birdəfəlik 237 manat məbləğində müavinət təyin edilmişdir. - iş materialarına əlavə edilmiş xx.xx.2000-ci il tartixdə verilmiş 208178 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Şamil oğluna ikinci dərəcəli ÇAES müharibə əlilidir. - iş materialarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/2-28201/2024 saylı məktubda qeyd edilmişdir ki, İddiaçı Şamil oğlunun əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və göndəriş (Forma 088) aşkar edilməmişdir. Nəzərinizə çatdırırıq ki, vətəndaşın müayinə aktı Agentliyin arxiv protokolları ilə üzləşdirilərkən əlillik səbəbinin Çernobıl AES-də hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə olduğu məlum olmuşdur. Lakin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində əlillik səbəbi Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar qeyd edilmişdir. Bundan irəli gələrək, şəxsin əlillik məlumatlarının "Əlillik" altsisteminə daxil edilməsi mümkün olmamışdır. - iş materialarına əlavə edilmiş Azərbaycan Respublikası DSMF-nun Gəncə şəhəri Kəpəz rayonu şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şamil oğlu ikinci dərəcə ÇAES görə 117,16 manat məbləğində pensiya alır. - iş materialarına əlavə edilmiş sərəncamdan görünür ki, "Sosial müavinətlərin artırılması haqqında" AR Prezidentinin xx.xx.2013-cü il tarixli fərmanına əsasən İddiaçı Şamil oğluna ömürlük 85 manat məbləğində müavinət təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1: 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 3.1.21. Müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək Agentliyin vəzifələridir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnamənin: 1.1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə” (bundan sonra Əsasnamə) Azərbaycan Respublikası Prezidentinin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanının 2.4.1-ci yarımbəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sistemindən (bundan sonra – MEİS) istifadənin, MEİS-də informasiya ehtiyatlarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 1.2. MEİS-in əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə (bundan sonra – müvafiq sahə) informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. 2.1. MEİS-in strukturuna aşağıdakı altsistemlər daxildir - 2.1.4. “Sosial ödənişlər” altsistemi; - 2.1.5. “Əlillik” (TSERAS) altsistemi; - 2.1.8. “Pensiya” altsistemi; - 2.1.15-1. “Zəfər” altsistemi; 2.2. “Məşğulluq haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məşğul şəxslərin və əlilliyi olan şəxslərin reyestrlərinin formalaşdırılması MEİS vasitəsilə təmin edilir. 2.3. MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: - 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; 2.3.15-1. şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların “Zəfər” altsistemi vasitəsilə toplanması və sistemləşdirilməsi, habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestrinin aparılması; 2.4. Vətəndaşların təqdim etdikləri, həmçinin başqa informasiya ehtiyatlarından sorğular vasitəsilə əldə olunan və MEİS-ə daxil edilən informasiyanın tərkibi və informasiyanın növü Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu, sosial müdafiəsi və sosial təminatı, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirmək üçün zəruri məlumatları əhatə edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyuişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bəhs olunan qanunvericilik və normativ hüquqi aktların tələblərinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs statusuna malikdir. Qeyd edilməlidir ki, Agentlik öz səlahiyyətləri çərçivəsində Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət sahələrində zəruri tədbirləri həyata keçirir və normativ hüquqi aktlarda əks olunmuş vəzifələrin icrasını təmin edir. Bu vəzifələr sırasında müvafiq sahədə elektron xidmətlərin təşkili və göstərilməsi də xüsusi yer tutur. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi çərçivəsində bir sıra altsistemlər fəaliyyət göstərir və onlardan biri olan “Əlillik” (TSERAS) altsisteminə məlumatların ötürülməsi məhz Agentlik tərəfindən həyata keçirilir. Hazırkı işin faktiki halları göstərir ki, iddiaçı müddətsiz əsaslarla təyin olunmuş ikinci dərəcəli əlillik statusuna malik olduğunu bildirməklə, bu məlumatın müvafiq altsistemə ötürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzərinə qoyulmasını tələb edir. Cavabdeh isə iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən vətəndaşın müayinə aktı Agentliyin arxiv protokolları ilə üzləşdirilərkən əlillik səbəbinin Çernobıl AES-də hərbi xidmət dövrü ilə əlaqədar səbəbilə olduğu məlum olmuşdur. Lakin Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirmə reyestrində əlillik səbəbi Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar qeyd edilmişdir. Bu səbəbdən şəxsin əlillik məlumatlarının "Əlillik" altsisteminə daxil edilməsi mümkün olmadığını qeyd etmişdir. Bununla əlaqədar olaraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi əlillik və pensiya təyinatına dair sənədlərdən aydın olur ki, ona ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilmiş, bu əsasla pensiya təyin olunmuş və ikinci dərəcə əlilliyə görə pensiya ödənilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya təyin olunan əlillik dərəcəsinin "Əlillik" altsistemində ona dair məlumat aşkarlanmaması halı ilə ikinci dərəcə əlilliyə görə pensiya alması ilə bağlı ziddiyyətli halların mövcudluğu araşdırılmış, lakin cavabdeh tərəfindən bu ziddiyyətin aradan qaldırılması istiqamətində hər hansı əsaslı izahat verilməmişdir. Belə olan halda, məhkəmə mövcud sənədlərin məzmunu əsasında hesab edir ki, iddiaçıya faktiki olaraq ikinci dərəcəli ÇAES görə əlillik təyin olunmuşdur. Əlillik ilə bağlı məlumatın olmamasına gəldikdə məhkəmə aşağıdakiları qeyd etməyi məqbul hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Doğrudur ki, 2000-ci ildə iddiaçıya müddətsiz ikinci dərəcəli ÇAES görə əlillik statusu verilmişdir. Həmin əlillik statusu ləğv edilməmiş, qüvvədən düşməmiş və ya məhkəmə tərəfindən qərar etibarsız sayılmamışdır. Bununla belə, cavabdeh inzibati orqan, əlilliyin təyini ilə bağlı iddiaçıya verilmiş müddətsiz ikinci dərəcəli əlillik barədə məlumatın olmadığına istinad edir. Halbuki, cavabdehin üst qurumu, başqa sözlə desək tabe olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aidiyyəti üzrə yerli şöbəsi uzun müddət ərzində həmin əlillik əsasında iddiaçıya pensiya ödəmişdir. Bu halda, DSMF-nin uzun müddət ərzində iddiaçıya məhz ikinci dərəcəli müddətsiz əlillik əsasında pensiya ödənişlərini həyata keçirməsi, cavabdehin üst qurumunun özü tərəfindən bu statusun faktiki olaraq tanındığını göstərir. Belə bir hüquqi vəziyyətdə cavabdeh tərəfin iddiaçının əlilliyini qəbul etməməsi faktiki olaraq Nazirliyinin tabeçiliyində olan struktur orqanlar arasında daxili uyğunsuzluğun olduğuna dəlalət edir. Bundan başqa, məhkəmə, “İnzibati icraat haqqında” Qanunun 13.4-cü maddəsinə əsaslanaraq vurğulayır ki, vətəndaşın, yəni iddiaçının dövlət orqanlarının qanuni və yazılı qərarlarına güvənərək hüquqi mövqeyini müəyyən etməsi onun etimad hüququnun birbaşa təzahürüdür. İddiaçıya ikinci dərəcəli əlillik statusu əsasında uzun müddət pensiya ödənilməsi, bu hüquqi münasibətin legitim gözləntilərin formalaşması ilə nəticələnmişdir. Beləliklə, cavabdeh tərəfindən bu statusun tanınmaması və aidiyyəti altsistemlərə daxil edilməsinin rədd olunması həm etimad hüququnun pozulması, həm də inzibati fəaliyyətin qanunauyğunluğunun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda onu da vurğulamağı zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Lakin hazırki iş üzrə iddiaçıya ehtimal olunan əlilliyin əsassız olması ilə bağlı 1 il müddətində əlilliyin ləğvi və ya əlilliyə görə səhv təyin olunmuş pensiya ödənişinin dayandırılması istiqamətində də hər hansı tədbir görülməmişdir. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2-ci dərəcə müddətsiz ÇAES səbəbi ilə təyin edilmiş əlilliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminə daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar