Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1181/2020 07.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Bərdə rayon filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Bərdə rayon filialına qarşı sərəncamın ləğv edilməsi, iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bərdə rayon şöbəsinin (bundan sonra Dövlət X5 Bərdə rayon şöbəsi) xx xxxxx 2020-ciiltarixli, **********2 nömrəli məktubu ilə İddiaçı əmək kitabçası olmadığıüçünəmək pensiyasının bərpa olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət X5 Bərdə rayon şöbəsinə qarşı onun onun 1979-1986-cı illərdə Tərtər rayonu “Bakı fəhləsi” kolxozunda (AİM)-də işləməsinə dair 09 saylı, xx.xx.2020-ci il tarixli Tərtər rayon Dövlət Arxivinin arayışında qeyd edilən illərin iş stajı kimi nəzərə alınmasının və pensiyasının yenidən təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının dayandırılmasına dair xx.xx.2020-ci il tarixli sərəncamın ləğv edilməsini, Tərtər rayonu “Bakı Fəhləsi” adına kolxozda 1979-cu il tarixdən 1986-cı il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə xx.xx.2020-ci il tarixdən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman təqdim etdiyi sənədlərə Tərtər rayonu “Bakı fəhləsi” kolxozunda işlədiyi 1979-1986-cı illərə dair iş stajı barədə əmək kitabçası olmadığı üçün təyin edilmiş əmək pensiyası xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Dövlət X5 Bərdə rayon şöbəsinə ərizə ilə müraciət edərək pensiyasının yenidən davam etdirilməsi üçün Tərtər rayon Dövlət Arxivinin 09 saylı, xx.xx.2020-ci il tarixli arxiv arayışında qeyd edilən 1979-1986-cı il Tərtər rayonu “Bakı fəhləsi” kolxozunda işlədiyi illərin, iş stajının nəzərə alınmasını xahiş etmiş, ancaq şöbə sənədlərini özünə qaytararaq pensiyanın davam etdirilməsindən imtina etmişdir. Belə ki, əmək kitabçası olmadığı üçün Tərtər rayon Dövlət Arxivinin 09 saylı, xx.xx.2020-ci il tarixli arxiv arayışında onun 1979-1986-cı illərdə Tərtər rayonu “Bakı fəhləsi” kolxozunda işləməyi öz təsdiqini tapsa da, Nazirlik yanında Dövlət X5 Bərdə rayon şöbəsi bunu nəzərə almamışdır. Odur ki, 1979-1986-cı illərdə Tərtər rayonu “Bakı fəhləsi” kolxozunda işləməyi ilə əlaqədar iş stajının nəzərə alınaraq pensiyasının yenidən təyin edilməsinə dair məhkəmə qərarına ehtiyac vardır. İddiaçı xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Bərdə rayon filialının etibarnamə üzrə nümayəndəsi X2 xx xxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı təqdim etdiyi sənədlərdə 1979-1986-cı illərə dair iş stajı barədə əmək kitabçası olmadığı üçün təyin edilmiş əmək pensiyası xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyaları sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3-cü fəsli, 3.1.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi gündən sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Odur ki, Tərtər rayonu sabiq “Bakı fəhləsi” kolxozunda işləməsi 1979-1986-cı illərə dair iş stajı barədə əmək kitabçası təqdim etdiyi halda pensiya hüququna yenidən baxılacaq. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, Tərtər rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 09 nömrəli arxiv arayışının təsdiqlənmiş surəti, xx.xx.2020-ci il tarixli sərəncamın surəti, İT-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Bərdə rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 134 nömrəli məktubunun surəti, iddiaçının pensiya işinin surəti, cavabdeh Dövlət X5 Bərdə rayon şöbəsinin iddiaçıya ünvanladığı xx xxxxx 2020-ci il tarixli, **********2 nömrəli, xx xxx 2020-ci il tarixli, **********7 nömrəli və xx xxxxxxxx 2020-ci il tarixli, **********5 nömrəli məktubları aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyanın dayandırılması barədə xx.xx.2020-ci il tarixli sərəncam qəbul olunmuş, sərəncamı və pensiyanın dayandırılmasını qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, işin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə əksini tapmış 1979-1986-cı illərdə Bərdə rayonu “Bakı fəhləsi” koxlozunda işlədiyi dövrü cavabdeh əmək stajı kimi qəbul etməməsini onunla əsaslandırmışdır ki, iddiaçının kolxozda işlədiyi stajı əmək kitabçası ilə təsdiqlənmir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 1979-1986-cı illərdə Bərdə rayonu “Bakı fəhləsi” kolxozunda işlədiyi dövr Tərtər rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli, 09 nömrəli arxiv arayışında öz təsdiqini tapmışdır və cavabdeh həmin arayışın mötəbərliyini mübahisələndirməmişdir. İşdə olan Tərtər rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli, 09 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1979-1986-cı illərdə Bərdə rayonu «Bakı fəhləsi» kolxozunda işləmişdir. Həmçinin arxiv arayışında minimum əmək günü norması və iddiaçının işlədiyi faktiki əmək günləri qeyd olunmuşdur. Əmək günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, kolxozda 1979-1984, və 1986-cı illər üzrə minimum əmək günü norması 160 gün, 1985-ci ildə 150 gun müəyyən olunmuş, iddiaçı 1979-1985-ci illərdə minimum əmək günü normasından artıq, 1986-cı ildə isə cəmi 108 əmək günü işləmişdir. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə almır. xx xxxxxxxx 1992-ci ildə qəbul edilmiş və x xxxx 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Bu halda iddiaçının “Bakı fəhləsi” kolxozunda 1986-cı ildə işlədiyi cəmi 108 əmək günü kolxozda müəyyən olunmuş minimum əmək günü normasına əsasən cəmi 7 ay staja bərabər tutula bilər və bununlada iddiaçının “Bakı fəhləsi” kolxozunda olan əmək stajı cəmi 7 il 7 ay təşkil edir. Məhkəmə iddiaçının “Bakı fəhləsi” adına kolxozdakı əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında əks olunmuş məlumatların və arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının “Bakı fəhləsi” kolxozunda işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Məhkəmə iddiaçının pensiya işini və işdə olan sübutları araşrıraraq müəyyən etmişdir ki, iddiaçının ümumilikdə sosial sığorta stajı 25 il 6 ay (əmək kitabçasında təsdiqini tapmış sığorta stajı 18 il 11 ay, sağlamlıq imkanları məhdud əlil uşağa qulluq etdiyi müddət 7 il 4 ay, fərdi hesabın sığorta hissəsində qeydə alınmış dövr 10 il 7 ay və kolxozda işlədiyi illər 7 il 7 ay) təşkil edir və buda yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan stajdan artıqdır. Odur ki, inzibati orqanının iddiaçının yaşa görə əmək pensiyasının dayandırılmasına dair qəbul etdiyi sərəncam qanunauyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Bərdə rayon filialının xx xxxxxx 2020-ci il tarixli, 812416 nömrəli sərəncamı ləğv edilməli, Azərbaycan Respublikası Milli X8 rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli, 09 nömrəli arxiv arayışı ilə müəyyən edilən minimum əmək günü norması nəzərə alınmaqla İddiaçı 1979- 1986-cı illərdə Bərdə rayonu «Bakı fəhləsi» kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə xx.xx.2020-ci il tarixdən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Bərdə rayon filialının xx xxxxxx 2020-ci il tarixli, 812416 nömrəli sərəncamı ləğv edilsin. Azərbaycan Respublikası Milli X8 rayon İcra Hakimiyyəti Tərtər rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli, 09 nömrəli arxiv arayışı ilə müəyyən edilən minimum əmək günü norması nəzərə alınmaqla İddiaçı 1979-1986-cı illərdə Bərdə rayonu «Bakı fəhləsi» kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən dayandırılmış yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsin Bərdə rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1181/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1181/2020
07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver