Məhkəmə qərarları › İş №2-1(114)-1181/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1181/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1181/2021 09.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsi başlayan zaman hərbi xidmətə getmiş və N saylı hərbi hissənin tərkibində 02.06.1992-ci il tarixdən N-cü ilin fevral ayınadək erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etmiş və döyüşlərdə iştirak etməsinə dair sənədləri almaq üçün cavabdehə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi 04.02.2004-cü il tarixli 26/2 2-277 saylı cavab məktubu ilə bildirmişdir ki, N saylı hərbi xidmətdə olmuş İddiaçı hərbi hissə komandirinin 24.08.1992-ci il tarixli N saylı əmrilə hərbi hissənin siyahısından çıxarılmışdır. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 19.01.2018-ci il tarixli 1/Ə-611 saylı cavab məktubunda bildirilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində müharibə veteranı adının və vəsiqəsinin verilməsi üzrə komissiyanın 17.01.2018-ci il tarixli iclasında baxılmış və iddiaçının barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmış, mərkəzi arxivin 04.02.2004-cü il tarixli 26/2 2-277 nömrəli arayışına əsasən 24.08.1992-ci il tarixdən sonrakı xidməti, yaralanması və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Ona görə də ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən N-cü il mayın 12dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adi verilir. Şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması, bunun müvafiq sənədlərdə əks edilməsi, bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Mərkəzi Arxiv tərəfindən təqdim edilmiş 17.11.2020-ci il tarixli 9/2-10527 nömrəli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında 17.10.1973cü il təvəllüdlü İddiaçı xidməti barədə qeydiyyat aparılmamışdır. N () nömrəli hərbi hissə komandirinin 02.06.1992-ci il tarixli 28 nömrəli əmrində sıravi İsayevin (əmrdə vəzifə, adı, ata adı yazılmamış və bu əmr hərbi hissə komandiri, eləcə də qərargah rəisi tərəfindən imzalanmamışdır) Ağdam şəhəri hərbi döyüş rayonuna getmiş hesab edilməsi barədə məlumat vardır. Perekeşkül şəxsi heyəti qəbul məntəqəsindən göndərilmiş, Goranboy RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin 20.02.1995-ci il tarixli 51 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 2-ci MAT-a təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 30.09.1996-cı il tarixli müvafiq əmrinə əsasən 5-ci MAT-m hərbi qulluqçusu, atıcı, sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin 15.11.1996-cı il tarixli 320 nömrəli əmrilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Goranboy RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun-avqust 1992-ci il, yanvar-mart N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş НЗ ******* nömrəli hərbi biletin (kserosurət) N () və N nömrələrin hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydlər müəyyən edilmir. Ona görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 20.03.1992-ci il tarixli НЗ seriyalı ******* nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 21.10.2015-ci il tarixli, 9/2-7357 nömrəli Arxiv Arayışı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 13.05.2015-ci il tarixli HP-02/2075 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin 20.10.2020-ci il tarixli 11/5295 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 11.11.2020-ci il tarixli 1/İ-14820 nömrəli imtina məktubu və cavabdehin 01.03.2021-ci il tarixli 11/927 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli 20.03.1992-ci il tarixli hərbi biletin 4-cü səhifəsində iddiaçının 20.05.92-ci ildən 24.02.94-cü ilədək 877 saylı, 20.02.95ci ildən 15.11.96-cı ilədək N nömrəli hərbi hissədə xidmətdə olması göstərilsə də, lakin onun hərbi xidmətdə olduğu zaman döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi biletində heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 21.10.2015-ci il tarixli, 9/2-7357 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas: 1992-ci il tarixli əlifba kitabı səh. 22) İddiaçı 17.10.1973-cü il təvəllüdlü olması və 20.05.92-ci il tarixdə Goranboy RHK-dan çağırılması qeyd edilmiş, N nömrəli hərbi hissə komandirinin 02.06.1992-ci il tarixli 28 nömrəli əmrində (əsas: səh.-25, ss3, sıra-93, qeyd: adı tam atasının adı isə yazılmamışdır) Müdafiə Nazirliyi Baş Qərargah rəisinin 02.06.92-ci il tarixli sərəncamına əsasən Ağdam şəhər hərbi döyüş rayonuna getməsi qeyd edilmiş, N nömrəli hərbi hissə komandirinin fevral N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamış, Pereküşkül şəxsi heyəti qəbul məntəqəsindən hərbi xidmətə göndərilmiş fərari olmuş İddiaçı N nömrəli hərbi hissə komandirinin 20.02.1995-ci il tarixli 51 nömrəli əmrilə (əsas: səh.-98, ss-1, sıra-3) şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş və Müdafiə Nazirinin 30.09.96-cı il tarixli əmrinə əsasən 31.12.92-ci il tarixə kimi həqiqi hərbi xidmətə çağırılmış, Silahlı Qüvvələrdən ehtiyata buraxılmış atıcı-sıravi İddiaçı komandirin 15.11.1996-cı il tarixli 320 nömrəli əmrilə (əsas: səh.-115, ss-5, sıra9) şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün Goranboy RHK-na göndərilmişdir. Məhkəmə yuxarıda sadalanan faktları tədqiq edərək hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan N-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan N-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə onun hərbi biletində heç bir qeydiyyat aparılmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar