Məhkəmə qərarları › İş №2-1(114)-1181/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1181/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1181/2025 23.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin “əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi” barədə xx.xx.2023cü il tarixli və “tam reabilitasiya olunmasına dair” xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi və ona xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının qərarının ləğv edilməsi və 2-ci qrup əlillik dərəcəsinin dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2003-cü ildən növbəli şəkildə ikinci dərəcə əlilliklə əlaqədar pensiya almışdır. Daha sonra müayinə əsasında xx.xx.2013-cü il tarixdən ona 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Ona baş beyin travmatik x-yi yaddaşın və intellektin enməsi diaqnozu qoyulmuş və həmin xəstəlikdən əziyyət çəkir. Əlillik dərəcəsi təyin edildikdən sonra əmək pensiyası təyin edilmişdir. Daha sonra ikinci dərəcəli əlilliyi ləğv edilmiş və əlilliyə görə verilən ödəniş də 2023-cü ilin may ayından dayandırılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müayinədə iştirak etmiş və ümumi xəstəlik səbəbindən xx.xx.2013-cü il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı 23 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində, şəxsən tibb elmləri doktoru, professor Fuad İsmayılovun müayinə üçün qəbulunda olmuşdur. Müayinənin nəticəsi olaraq 15 yanvar 2024-cü il tarixli, 233 nömrəli məktubdan görünür ki, ona üzvi (keçirilmiş kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, yaddaş və intellektin zəifləməsi ilə F07.0. Anamnezində özünə xəsarət yetirmələri ilə diaqnozu qoyulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışdan məlum olur ki, o, Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsində də müayinə olunmuş və orada da eyni yəni, üzvi mənşəli şəxsiyyət pozunluğu F07.0 diaqnozu qoyulmuşdur. Əvvəlki müayinə zamanı ona əlillik “müddətsiz” olaraq verilmiş və onun səhhəti ağır vəziyyətdədir. İddiaçı müharibə iştirakçısı olmuş və travma almışdır. O, hələ də xəstəliyi ilə əlaqədar xəstəxanadan dərmanlar alır və mütəmadi olaraq dərmanlar qəbul edir. Mütəmadi olaraq dərman qəbulu həkim müayinələri nəticəsində məsləhət görülmüşdür. Göründüyü kimi, iddiaçıya verilmiş əlillik dərəcəsi müddətsiz verildiyi halda heç bir əsas olmadan o, təkrar müayinədən keçirilmiş və səhhətində heç bir yaxşılaşma olmadığı halda, əksinə vəziyyəti daha da pisləşərək əlillik təyin edilməsinə əsas olmuş xəstəliyi daha da ağırlaşdığı halda təkrar müayinə nəticəsi olaraq onun müddətsiz 2-ci dərəcə əlilliyi ləğv edilmiş və nəticədə hüquqları cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1181/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin “əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi” barədə xx.xx.2023-cü il tarixli və “tam reabilitasiya olunmasına dair” xx.xx.2024cü il tarixli qərarlarının ləğv edilməsi və ona xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1181/2025 nömrəli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin “əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi” barədə xx.xx.2023-cü il tarixli və “tam reabilitasiya olunmasına dair” xx.xx.2024-cü il tarixli qərarlarının ləğv edilməsi və ona xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ümumi xəstəlik səbəbindən bronxial astma xəstəliyindən mütəmadi olaraq əziyət çəkmiş, 2016-cı ildən etibarən 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Lakin, sonraki Əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 0278003AAJ7E nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. “Diaqnozun mətni: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.9 - Başın dəqiqləş... X2: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən - XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.9 - Başın dəqiqləş... müvafiq ağırlaşmalar əyani müayinə zamanı öz əksini tapmamışdır. Əlavə müayinə və müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları İddiaçı xx.xx.2003-cü il tarixdə İİ dərəcəli, xx.xx.2004-cü il, xx.xx.2005-ci il, xx.xx.2006-cı il tarixlərdə İİİ dərəcəli, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il tarixlərdə İİ dərəcəli 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar, “travmatik xəstəliyi intellektin enməsi ilə” diaqnozu ilə əlillik təyin edilmişdir. İddiaçı xx.xx.2013-cü il tarixdən müddətsiz ümumi xəstəlik ilə əlaqədar, “Baş beyin travmatik x-yi yaddaşın və intellektin enməsi ilə” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-cü il tarixli, bildirişdən görünür ki, o, 17 yanvar 2023-ci il tarixdə saat 13:10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuş, əyani müayinəyə gələrkən özüylə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə “İZ” formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməsi xahiş olunmuş, əyani müayinəyə gəlmədiyi halda iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı barəsində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, bildirişdən görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat 13:10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuş, əyani müayinəyə gələrkən özüylə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə “İZ” formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməsi xahiş olunmuş, əyani müayinəyə gəlmədiyi halda iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əyani müayinəsi keçirilmiş İddiaçı barəsində xx.xx.2024-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Tam reabilitasiya olması. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə Agentlikdə əyani müayinədə iştirak etmiş və ona ümumi xəstəlik səbəbindən xx.xx.2013cü il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2013-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Belə ki, vətəndaş X1 daxil olmuş xx.xx.2022-ci il tarixli, **********9 nömrəli müraciət ərizəsində yaşadığı Gədəbəy rayonu üzrə bəzi vətəndaşların adlarını qeyd edərək əlillik vəziyyətlərinin saxta olduğunu bildirmişdir. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2022-ci il tarixli, **********0 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Qərardan narazı olan vətəndaş müraciəti əsasında xx.xx.2024-cü il tarixli, 3-17-4/2-1-7465/2024 nömrəli məktubla yenidən xx.xx.2024-cü il tarixində komissiyaya dəvət edilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. X7 ərizəsində bir neçə vətəndaşın əlilliklərinin saxta olması qeyd olunmuşdur. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 193/25 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, İddiaçı Komissiya tərəfindən müayinə olunub. Diaqnoz: F07.0 Üzvi (keçirilmiş kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, yaddaş və intellektin zəifləməsi ilə. Anemnizində özünə xəsarət yetirmələri ilə. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Həmçinin iddia müddəti bərpa edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2003-cü il tarixdə İİ dərəcəli, xx.xx.2004-cü il, xx.xx.2005-ci il, xx.xx.2006-cı il tarixlərdə İİİ dərəcəli, xx.xx.2007-ci il, xx.xx.2008-ci il, xx.xx.2009-cu il, xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il tarixlərdə İİ dərəcəli 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar, “travmatik xəstəliyi intellektin enməsi ilə” diaqnozu ilə əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçıya xx.xx.2013-cü il tarixdən ümumi xəstəlik ilə əlaqədar, “Baş beyin travmatik x-yi yaddaşın və intellektin enməsi ilə” diaqnozu ilə İİ dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, sonuncu müayinədə iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Daha sonra müraciəti əsasında iddiaçı xx.xx.2024-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, İddiaçı əyani müayinəsi keçirilmiş və barəsində xx.xx.2024-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Hazırda iddiaçı cavabdehin “əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi” barədə xx.xx.2023-cü il tarixli və “tam reabilitasiya olunmasına dair” xx.xx.2024cü il tarixli qərarlarının ləğv edilməsini və ona xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi qanunverici Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi və ya ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Şəxsin əyani müayinəyə cəlb edilməsi üçün ən əvvəl inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına olan əsasların mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə cavabdeh orqan TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi iddiaçı ilə eyni bölgədə yaşayan X7 ərizəsinin olmasını, həmin ərizədə iddiaçı da daxil olmaqla bir neçə şəxslərin əlilliklərinin saxta olmasının bildirməsini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, göstərilən ərizə əlilliyin müəyyən olunması barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qəbul edilə bilməz. Məhz əlilliyin saxta olması qanunda nəzərdə tutulan qaydada təsdiq edilmədən belə əsası olmayan məlumatlar əsasında qüvvədə olan əlillik barədə qərarın yoxlanılmasını məhkəmə qanuni hesab etmir. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının əyani müayinəsini keçirmədən sonuncu barəsində xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz qüvvədə olan əlilliyin ləğvi haqqında xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir ki, bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndində zidd olmuşdur. Həmçinin iddiaçının əyani müayinəsi keçirilmədən mövcud sənədlər əsasında əlillik ləğv edilərkən cavabdeh tərəfindən məhz hansı əsaslara görə əlilliyin ləğv edilməsi əsaslandırılmamışdır. Daha sonra isə iddiaçının özünün müraciəti əsasında xx.xx.2024-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş, əyani müayinəsi keçirilmiş və barəsində xx.xx.2024-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə qeyd olunan qərarı da qanunsuz hesab edir. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının “əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi” barədə xx.xx.2023-cü il tarixli və “tam reabilitasiya olunmaya dair” xx.xx.2024-cü il tarixli qərarları ləğv edilməli və iddiaçıya xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının “əlillik təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi” barədə xx.xx.2023-cü il tarixli və “tam reabilitasiya olunmaya dair” xx.xx.2024-cü il tarixli qərarları ləğv edilsin. İddiaçı xx.xx.2013-cü il tarixdə təyin edilmiş İİ dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar