Məhkəmə qərarları › İş №2-1(114)-1182/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1182/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1182/2025 12.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, iki il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtina qərarının ləğv edilərək, ona əlillik dərəcəsinin təyin edilməsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 22 aprel 1999-cu il tarixdə anadan olmuşdur. 44 günlük Vətən Müharibəsi başlayanda könüllü olaraq müharibəyə getmişdir. Müharibənin axır vaxtlarında aparılan döyüşlərin birində üzərinə minamyot mərmisi düşmüş və uzun müddət torpaq altında qalmışdır. Nəticədə güclü stress keçirmiş və onurğa sütununda yırtıq əmələ gəlmişdir. İlk tibbi yardımı döyüş vaxtı almışdır. Müharibədən qayıdanda sağlamlıq vəziyyəti olduqca ağır olmuşdur. İddiaçı o vaxtdan normal danışa bilmir, kəkələyir. Yaddaşı xeyli zəifləmişdir. O, çətinliklə yeriyir, daim əsəbi vəziyyətdə olur. Dəfələrlə müxtəlif xəstəxanalarda müalicə götürmüşdür. X7 xəstəxanasında xx.xx.2021-ci il tarixdə fəqərələr arası diskin yırtığı diaqnozuna görə əməliyyat edilmişdir. xx.xx.2021-ci il tarixdən başlayaraq “Posttravmatik stress pozuntusu, dissosiativ hərəkət pozunluğu, tez-tez müşahidə edilən nevrotik reaksiyalar. Yaddaş zəiflikləri” diaqnozu ilə ardıcıl olaraq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasında, X7 xəstəxanasında, Gəncə şəhər Psixiatriya Xəstəxanasında, Respublika Psixiatriya Xəstəxanasında, MN MHP-da müayinə və müalicədə olunmuşdur. MN MHP-nın 27 noyabr 2023-cü il tarixli, 12593 saylı Xəstəlik haqqında Şəhadətnaməsində xəstənin diaqnozunun “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi tez-tez təkrarlanan dekompensasiyalar və çoxsaylı özünü kəsmələr F62.0” olduğu göstərilmişdir. Eyni zamanda göstərilmişdir ki, həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Müşaiətçiyə zərurət var, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. Uzun müddət dəfələrlə aparılan müalicələr iddiaçının səhhətində yaxşılaşmaya səbəb olmamışdır. Əksinə onun səhhəti günü-gündən ağırlaşır, daha çox dərman qəbul edir. Həkimlər dərmanların dozasını da artırmışlar. İddiaçıda tez-tez özünə qapanma baş verir. Bir neçə dəfə özünə qəsd etməyə cəhd göstərmişdir. Heç nədən əsəbləşir, ətrafdakılarla aqressiv rəftar edir. Normal yemək yeyib, yata bilmir. Onun müalicəsinə xeyli xərc çıxır. İddiaçının ailəsi maddi cəhətdən imkansızdır. O, belə xəstə vəziyyətdə işləyə bilmir. Əlillik pensiyası düzəltmək üçün xəstəxanada müalicə aldığı barədə sənədləri Gəncə şəhər Psixatriya xəstəxanasının həkimi tərəfindən VTEK-a ötürülmüşdür. Oradan iddiaçı Bakı şəhərinə X6 göndərilmişdir. Müayinə zamanı huşunu itirmişdir. Bundan 15 gün sonra imtina məktubu almışdır. İmtinanın səbəbi kimi xx.xx.2024-cü il qiymətləndirilməsinə görə diaqnozun öz təsdiqini tapmaması göstərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə SN Psixi Sağlamlıq mərkəzinin direktoru professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, ona “Fəlakətdən (müharibə) sonrakı şəxsiyyət dəyişikliyi. Özünü kəsmələrlə F62.0” diaqnozu təyin olunmuşdur. O, F. İsmayılovun məsləhəti ilə o, bir neçə dəfə Bakı şəhəri, Məştağa qəsəbəsində yerləşən 1 saylı Psixi xəstəxanada müalicə olunmuşdur. Lakin müalicələrin heç bir xeyri olmamışdır. xx.xx.2023-cü il tarixdə professor Fuad İsmayılov tərəfindən təkrar müayinə olunmuş, ona “Fəlakət keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi. Teztez təkrarlanan dekompensasiyalar və çoxsaylı özünü kəsmələrlə F62.0” diaqnozu təyin olunmuşdur. İddiaçı axırıncı dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Səhiyyə nazirliyinin Respublika Psixi xəstəxanasında müalicə olunmuşdur. Ona “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar və çoxsaylı özünü kəsmələr, hal-hazırda psixotik epixod” diaqnozu təyin olunmuşdur. İddiaçı könüllü olaraq döyüşlərdə iştirak etmiş, ona müharibə veteranı adı verilmiş, Laçının, Cəbrayılın, Qubadlının azad edilməsinə görə və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Lakin hazırda səhhəti ağır vəziyyətdə olsa da, ona əlillik dərəcəsi təyin edilmir. Cavabdehin imtinası onun qanuni hüquqlarını pozduğu üçün iddiaçı cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1182/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, iki il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ikinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Həmin dövrdə minamyot partlayışı zamanı travma almışdır. Travması nəticəsində qapalı kəllə beyin travması keçirmiş və kəkələmə problemi ilə rastlaşmışdır. Eyni zamanda bədənində fəqərələr arası yırtıq aşkarlanmışdır. “Diaqnozun mətni: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F43 - Ağır stresə və adaptasiya pozğunluğuna qarşı reaksiya => F43.1 - P... X2: Posttravmatik stress pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli postravmatik stress pozuntusu dissosiativ hərəkət pozğunluğu, tez-tez müşahidə edilən nevrotik reaksiyalar. Dissosiativ hərəkət pozğunluqları. Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli postravmatik stress pozuntusu dissosiativ hərəkət pozğunluğu, tez-tez müşahidə edilən nevrotik reaksiyalar. Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, L5-S1 fəqərəarası diskdə arxa mərkəzi, sol-sağ paramedian yırtıq (12.7mm). Kəskin kökcük ağrıları ilə. Sol aşağı ətrafın periferik parezi. Yerişin nevrotik pozuntuları. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi -Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində “Posttravmatik stress pozğunluğu. Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli postravmatik stress pozuntusu dissosiativ hərəkət pozğunluğu, tez-tez müşahidə edilən nevrotik reaksiyalar. Dissosiativ hərəkət pozğunluqları. Mülayim dərəcədə ifadə olunmuş uzun müddətli postravmatik stress pozuntusu dissosiativ hərəkət pozğunluğu, tez-tez müşahidə edilən nevrotik reaksiyalar. Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, L5-S1 fəqərəarası diskdə arxa mərkəzi, sol-sağ paramedian yırtıq (12.7mm). Kəskin kökcük ağrıları ilə. Sol aşağı ətrafın periferik parezi. Yerişin nevrotik pozuntuları” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində “Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulpatiya ilə, L5-S1 fəqərəarası diskdə arxa mərkəzi, sol-sağ paramedian yırtıq (12.7 mm). Kəskin kökcük ağrıları ilə. Sol aşağı ətrafın periferik parezi. Yerişin nevrotik pozuntuları. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Tez-tez müşahidə edilən psixotik hallar, davamlı postravmatik stress pozğunluqları” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərardan şikayətə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1271 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Qurbanov X5 tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar və çoxsaylı özünü kəsmələrlə F62.0 Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 27 noyabr 2023-cü il tarixli, 12593 nömrəli xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar və çoxsaylı özünü kəsmələr F62.0” diaqnozu “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Baş beyin zədələnməsi və ya xəstəliyi ilə əlaqədar olmayan şəxsiyyətin davamlı dəyişiklikləri. Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, çoxsaylı özünü kəsmələrlə” Diaqnoz öz təsdiqini tapmaması (diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz öz təsdiqini tapmaması. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərardan şikayətə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə Psixiatriya xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi müraciət tarixi xx.xx.2024 - F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi müraciət tarixi xx.xx.2024 - F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi müraciət tarixi xx.xx.2024 - F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi müraciət tarixi xx.xx.2024 Stasionar müalicə aldığı müəssisələr: Respublika Psixiatriya Xəstəxanası – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi Bakı “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi Gəncə Psixiatrik xəstəxana – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi Gəncə Psixiatrik xəstəxana – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi Həkim müayinəsinin nəticəsi: F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, F62.0 – Fəlakət (müharibə) keçirdikdən sonra davamlı dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar və çoxsaylı özünü kəsmələr (müayinə tarixi xx.xx.2024) TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz F62.0, Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, çoxsaylı özünü kəsmələrlə Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2024-cü il tarixli göndərişə Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə

7. Psixi və davranış pozuntuları 7.7. Spesifik şəxsiyyət pozuntuları 7.7.1. fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi - F62.0 Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski - 35-60% - 2 il

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.7.1-ci yarımbəndində fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi- F62.0 meyarı nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski – orqanizmin funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.7.1.1-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1271 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, İddiaçı “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar və çoxsaylı özünü kəsmələrlə F62.0” diaqnozu qoyulmuşdur. Gəncə Psixiatriya xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçı son bir il ərzində ambulator və stasionar müalicələr almış və xx.xx.2024-cü il tarixli həkim müayinəsinin nəticəsindən “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, F62.0 – Fəlakət (müharibə) keçirdikdən sonra davamlı dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalar və çoxsaylı özünü kəsmələr” müəyyən olunur. Qeyd olunan tibbi göndəriş haqqında məlumata əsasən, iddiaçıya “F62.0, Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, çoxsaylı özünü kəsmələrlə” əsas diaqnoz qoyulmuşdur. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi - F62.0 meyarı üzrə son bir il ərzində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə almasına baxmayaraq, onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntusu qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Mərkəzi Hərbi Həkim Komissiyasının 27 noyabr 2023cü il tarixli, 12593 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, 2 il müddətinə əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Nicat Əfqan oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 2 il müddətinə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar