Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1187/2021 17.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilməklə yeni çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 17.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, JN- 043A KOD 50808005 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən mülkiyyətçi kimi adı yazılmış X1 adının şəhadətnamədən çıxarılmaqla, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 31.10.1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən Göygöl rayonu Quşçu kəndində yerləşən yaşayış evinin yerləşdiyi 0.40 ha həyətyanı torpaq sahəsinə JN-043A KOD 50808005 seriyalı şəhadətnamə verilmiş, həmin şəhadətnamədə iddiaçının, mərhum anası X6, bacısı X4, qardaşı X5, həmçinin ailə üzvü olmayan X1 adları qeyd olunmuşdur. Halbuki, X3 nə iddiaçının ailə üzvü nə də ki qohumu deyil. Hazırda qeyd olunan torpağa aid şəhadətnamə olsa da, həmin torpaq sahəsində yerləşən yaşayış evinin mülkiyyət sənədi yoxdur. İddiaçı ona miras qalmış evi və torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün JN-043A KOD 50808005 seriyalı şəhadətnamədə qanunsuz olaraq qeydiyyata alınmış X2 adının çıxarılaraq çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Göygöl Rayon İcra Hakimiyyəti başçısının Qarabulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28.04.2021-ci il tarixli 24/65 nömrəli arayışında Göygöl rayonunun Quşçu kəndində X1 qeydiyyatda olmadığı və yaşamadığı bildirilir. -Göygöl Rayon İcra Hakimiyyəti başçısının Qarabulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 10.08.2021-ci il tarixli 27 nömrəli məktubunda mərhum X6 1995-1998-ci illərə dair Qarabulaq kənd İƏD üzrə təsərrüfatbaşına kitabda ailə tərkibində özü ilə yanaşı oğlu X10, qızları X8, İddiaçı və X9 qeyd olunduğu bildirilir. -02.11.2020-ci il tarixli AZ-İİ 062740 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28.10.2020-ci il tarixdə vəfat etmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 20.04.2021-ci il tarixli **********13 nömrəli bildirişinin məzmunundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -JN-043A KOD 50808005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 31.10.1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən 0.40 ha torpaq sahəsi X11, İddiaçı, X9, X10, X1 mülkiyyətinə verilmişdir. Xanlar Rayon Aqrar İslahat Komissiyasının 31.10.1997-ci il tarixli, 15 nömrəli qərarı əsasında Xanlar rayon, Quşçu kəndi üzrə həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin adlı siyahısından çıxarışın surətindən görünür ki, X1 da adı həmin siyahıda iddiaçı və onun ailə üzvləri ilə birlikdə, eyni təsərrüfat kimi qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Xanlar Rayon Aqrar İslahat Komissiyasının 31.10.1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən 0.40 ha torpaq sahəsi X11, İddiaçı, X9, X10, X1 mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün JN-043A KOD 50808005 seriyalı şəhadətnamədə X1 adının şəhadətnamədən çıxarılaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir, bu səbəbdən də aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədə uyğundur. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Xanlar rayon, Quşçu kəndi üzrə X16 Komissiyasının siyahısında iddiaçı ilə birlikdə torpaq sahəsi verilən subyektlərin dairəsində X1 da adı yazılmışdır. Belə olan halda həmin şəxsin adının şəhhadətnamədən çıxarılması istisna olunur. Başqa sözlə şəhadətnamə ilkin sənəd olan Xanlar Rayon Aqrar İslahat Komissiyasının siyahısındakı məlumatlar əsasında yazılmışdır və ilkin sənəddə həmin şəxsin adı olduğu halda şəhadətnamədən adın çıxarılması yolverilməzdir. Digər tərəfdən X1 adının şəhadətnamədən çıxarılması şəhadətnamədə adları qeyd olunan digər payçıların pay həcminin artması və islahat komissiyasının müəyyən etdiyi normadan artıq olmasına zəmin yaradacaq. Odur ki, iddiaçı və şəhadətnamədə adları qeyd olunan digər payçılar hər biri, yaxud birlikdə özlərinin pay haqqına münasib həcmdə hissənin daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq hüquqları izah olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı şəhadətnamədə düzəliş edilməklə çıxarışın verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1187/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1187/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver