Məhkəmə qərarları › İş №2-1(114)-1187/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1187/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1187/2025 10.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “kəşfiyyatçı qismində sığorta edildiyi 5 illik pul təminatı məbləğində sığorta ödəşinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu, Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu olduğundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli sərəncamının 20.11-ci bəndinə əsasən onun həyat və sağlamlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1998-ci ildə Goranboy rayon Əzizbəyov kəndində doğulmuşdur. 2016-cı ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuş və 2018-ci ilin aprel ayında tərxis olunmuşdur. 2018-ci ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş olaraq yenidən xidmətə qayıtmış və xidmətini Goranboy rayonu Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu kimi davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsi başlananda o, bir hərbiçi olaraq müharibəyə yollanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır dərəcədə yaralanmış, Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilmiş və orada 2022-ci ilin aprel ayına kimi orada müalicə olunmuşdur. O, 2022-ci ilin aprel ayında ehtiyata buraxılmış və ona İİİ qrup əllik dərəcəsi verilmişdir. İddiaçı İİ Qarabağ müharibəsi veteranıdır və bir sıra medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il 711-İİQ nömrəli sərəncamının 20.11-ci bəndində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilirlər. İddiaçı kəşfiyyatçı olduğu üçün sözügedən sərəncama uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmiş, lakin cavabdeh orqan ona imtina vermişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3648/2024 nömrəli qərardadı ilə iddia tələbi “Goranboy rayonu, Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu olduğundan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli sərəncamının 20.11-ci bəndinə əsasən onun həyat və sağlamlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edildiyindən, 5 illik pul təminatı məbləğində sığorta məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı iddia ərizəsinə əsasən Goranboy rayonu Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçıpulemyotçu olduğunu bildirmiş və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci bəndinə əsasən həyat və sağlamlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edildiyindən, 5 illik pul təminatı məbləğində sığorta məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Belə ki, İddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-151044/2024 nömrəli məktubla “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-İQ nömrəli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən baş vermiş sığorta hadisəsinə görə tam həcmdə sığorta ödənişi verildiyindən ona əlavə sığorta ödənişinin verilməsi mümkün hesab edilməmişdir. İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar ağır dərəcəli xəsarət aldığına görə ona "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə 2750 manat, xx.xx.2022-ci il tarixdə isə İİİ dərəcəli əlillik təyin edildiyinə görə Fond tərəfindən xx.xx.2022-ci il tarixdə 1650 (4400-2750) manat sığorta məbləği ödənilmişdir. Beləliklə Qanunun 5-ci maddəsinin “ç” bəndində əsasən baş vermiş sığorta hadisəsinə görə tam həcmdə, yəni 4400 manat (11000-in 40 %-i) sığorta ödənişi verildiyindən iddiaçıya əlavə sığorta ödənişinin verilməsi mümkün hesab edilmir. İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edildiyi üçün və ona “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi verildiyi üçün iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz etdi, iddiaya etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İşin halları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş İddiaçı məxsus olan xx.xx.2016-cı il tarixli, SX ******* nömrəli hərbi biletdə göstərilmişdir ki, xx.xx.2020-xx.xx.2020, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Vətən Müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu bitirmə haqqında” 15553 nömrəli sertifikata əsasən əsgər İddiaçı N nömrəli hərbi hissədə kəşfiyyat ixtisası üzrə xx.xx.2018ci il tarixdə “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na başlamış, xx.xx.2018-ci il tarixdə həmin kursu bitirmişdir. İ-14007 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2720 nömrəli Sərəncamı ilə İddiaçı “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-92120 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 1040s nömrəli Sərəncamı ilə İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 955 nömrəli Əmrindən çıxarışdan görünür ki, Kəşfiyyatçı-pulemyotçu MAHHXHQ kiçik çavuş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün düşmən tapdaqlarından azad edilməsi üçün 27 sentyabr 2020-ci il tarixdən etibarən döyüş əməliyyatlarına cəlb edilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “travma haqqında arayış”da göstərilmişdir ki, MAHHXHQ əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində düşmən tərəfindər atılan artilleriya atəşi əticəsində “Partlayış travması. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər və vegetativ damar davamsızlığı. Sol tərəfli bazu leksopatiyasının qalıq əlamətləri. Hər iki gözün posttravmatik şüşəvarı cisminin destruksiyası nəticəsində görmə itiliyinin 0,6-ya qədər azalması, korreksiya 1,0 olmaqla. Döş qəfəsinin ön divarının boşluğa nüfuz etməyən, sol baldırın orta 1\3-nin kor qəlpə yaralanmaları. Barotravma. İki ərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor tip ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 3,5 metr məsafədən eşitməsi ilə” diaqnozu ilə xəsarət almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) “döyüş tapşırığını” yerinə yetirərkən alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin qanunun 4cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən aparılır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində isə sığortaeden tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. Qeyd edilənləri və “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığını nəzərə alaraq kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının 5 illik pul təminatı miqdarında sığortalanması mümkün olmamışdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü yarımbəndində sığortaolunan dedikdə, barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında hərbi xidmətdə olan şəxslər və toplanışda olan hərbi vəzifəlilər nəzərdə tutulur. Həmin qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan 11000 manat məbləğində sığorta edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2-ci yarımbəndində nəzərdə tutulan "xxxx" dedikdə, xx.xx.2022-ci il tarixədək Dövlət Kommersiya Sığorta Şirkəti, həmin tarixdən sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur. Hərbi qulluqçulara sığorta ödənişi qeyd edilən orqanlar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-ci il tarixli “dövlət icbari şəxsi sığorta ödənişi haqqında” məktubda göstərilmişdir ki, o, hərbi xidmət dövründə ağır dərəcəli xəsarət aldığına görə ona "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə 2750 manat, xx.xx.2022-ci il tarixdə isə İİİ dərəcəli əlillik təyin edildiyinə görə Fond tərəfindən xx.xx.2022-ci il tarixdə 1650 (4400-2750) manat sığorta ödənişi verilmişdir. Baş vermiş sığorta hadisəsinə görə tam həcmdə sığorta ödənişi verildiyindən ona əlavə sığorta ödənişinin verilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən onun Azərbaycan Ordusunda tutduğu vəzifə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşları vəzifələrinin siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı Azərbaycan Ordusunda xx.xx.2018-ci il tarixdən xx.xx.2022- ci il tarixədək xidmət etmişdir. Müdafiə Nazirliyi ilə xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında, xx.xx.2021-ci il tarixdən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası barədə bağlanmış müqaviləyə uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən qeyd edilən quruma mərkəzləşmiş qaydada icbari sığorta haqqı köçürülmüşdür. Qeyd olunanları nəzərə alaraq İddiaçı sığortaolunan hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci və 2.8-ci bəndlərinə görə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda "xxxx" ASC tərəfindən, belə sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olduğu halda isə 2022-ci il yanvarın 1-dən etibarən Fond tərəfindən təmin edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 20 may tarixli 296-1Q nömrəli qanununun 2.1.3-cü yarımbəndinə əsasən barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər sığortaolunan hesab edilir və qanunun 4.1-ci bəndinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir. "xxxx" ASC-nin Nazirliyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 01/01 nömrəli məktubuna əlavə olunmuş rəsmi ödəniş siyahısına əsasən hərbi xidmət dövründə ağır dərəcəli xəsarət aldığına görə İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə 2750 manat, xx.xx.2022-ci il tarixdə isə üçüncü dərəcəli əlilliyi təyin edildiyinə görə Fond tərəfindən xx.xx.2022-ci il tarixində 1650 (4400-2750) manat sığorta ödənişi verilmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi tam həcmdə verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-441/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “sığorta edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmiş, onun həyat və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(104)-368/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “sığorta edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-441/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərardad qəbul edilməklə iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2461/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “sığorta edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-368/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2. Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Maddə 27. Hərbi qulluqçuların dövlət tərəfindən məcburi şəxsi sığortalanması Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər.

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.Əsas anlayışlar 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.2. sığortaçı – bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum); 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; 2.1.4. sığortalı – sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi; 2.1.6. sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal; 2.1.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada və məbləğdə sığortalılar tərəfindən hər bir sığortaolunan üzrə hər il üçün sığortaçıya ödənilməli olan pul məbləği; 2.1.9. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti; Maddə 4. Sığorta məbləğinin və sığorta haqqının miqdarı 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Maddə 20. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin hallarından müəyyən olunur ki, İddiaçı 2018-ci ildə N saylı hərbi hissədə kəşfiyyatçı-pulemyotçu kimi xidmətə başlamış, hərbi hissə komandirinin müvafiq əmri ilə İİ Qarabağ Müharibəsində döyüş əməliyyatlarına cəlb edilmişdir. Müharibədə iştirak etmiş iddiaçı hərbi hissə tərəfindən verilmiş arayışa əsasən “döyüş tapşırığını” yerinə yetirərkən xəsarət almışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona kəşfiyyatçı qismində sığorta edildiyi 5 illik pul təminatı məbləğində sığorta ödəşinin verilməsidir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən, kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Hazırkı iş üzrə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Cavabdeh imtinasının əsası kimi qeyd etmişdir ki, iddiaçıya hərbi xidmət dövründə ağır dərəcəli xəsarət aldığına görə ona "xxxx" ASC tərəfindən 2750 manat, İİİ dərəcəli əlillik təyin edildiyinə görə Fond tərəfindən 1650 manat sığorta ödənişi verilmişdir. Baş vermiş sığorta hadisəsinə görə tam həcmdə sığorta ödənişi verildiyindən ona əlavə sığorta ödənişinin verilməsi mümkün hesab edilməmişdir. Belə ki, Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış məktubda kəşfiyyat fəaliyyəti subyektlərinin 5 illik pul təminatı məbləğində sığortalanmasının mümkün olmadığı qeyd edilmişdir. Yəni qeyd olunan halla bağlı icra mexanizmi müəyyən edilməmişdir. Məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir və qeyd edir ki, iddiaçı Yusibov X3 Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində kəşfiyyatçı-pulemyotçu vəzifəsində xidmətə başlamışdır. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunun 20.11-ci maddəsinə əsasən, iddiaçının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onun 5 illik pul təminatı məbləğində sığorta edilmişdir. İddiaçı xidmətdə olarkən İİ Qarabağ Müharibəsində iştirak etmiş və yaralanaraq xəsarət almışdır. Bununla da sığorta hadisəsi baş vermişdir. İş materiallarında olan İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı kəşfiyyatçı qismində 5 illik pul təminatı məbləğində sığorta edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2461/2024 nömrəli qərarında qeyd edilmişdir ki, kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Adı çəkilən Qanunun anlamında nəzərdə tutulan kəşfiyyat fəliyyəti subyekti bu vəzifəyə təyin olunduğu andan avtomatik olaraq 5 illik pul təminatı məbləğində sığorta olunur və əlavə olaraq hər hansı əmrə, müqaviləyə və digər sənədə zərurət qalmır. Qanunun mənasına görə hərbi qulluqçunun müvafiq vəzifəyə təyin edilməsi onun sığorta olunması üçün yetərlidir, sığorta hadisəsi baş verdikdə, yalnız sığorta ödənişi ilə bağlı məsələ müzakirə predmeti ola bilər. Bundan başqa məhkəmənin sorğusuna əsasən, Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, İddiaçı sığortaolunan hesab edilir. Müdafiə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası barədə bağlanmış müqaviləyə uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən qeyd edilən quruma mərkəzləşmiş qaydada icbari sığorta haqqı köçürülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı kəşfiyyat fəaliyyəti subyekti qismində sığorta edildiyi 5 illik pul təminatı məbləğində sığorta ödənişinin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı kəşfiyyat fəaliyyəti subyekti qismində sığorta edildiyi 5 illik pul təminatı məbləğində sığorta ödənişinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar