Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1188/2025 12.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi xx.xx.2024-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2024-ci il tarixli 3-21-3-33/2-6766/2024 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin koordinatları ilə sənəd üzrə torpaq sahəsinin koordinatları arasında uyğunsuzluğun olduğu və .torpaq sahəsinin digər şəxsə məxsus “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə üstüstə dü.düyü müəyyən edilmişdir.Bu səbəbdən ərizənin icrası mümkün olmamaışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,05 ha torpaq sahəsi və onun üzərində tikilmiş evinə texniki göstəriciləri özündə əks etdirən xəritə,sxem, plan və.s daxil edilməklə texniki pasportun məcburi qaydada hazırlanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli faktiki istifadəsində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir,məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatın qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır. 1.ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin naturada yerləşmə mövqeyini, iş materiallarında mövcud olan, X2 adına qeydə alınmış A 110625 nömrəli plan və ölçü sənədi əsasında müəyyən etmək mümkündür. Həmin torpaq sahəsi, səkkiz fevral iki min iyirmi dördüncü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmışdır. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə almaqla. xx.xx.2024-cü il tarixli **********589 reyestr nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin yerləşdiyi ərazi, torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə və bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasma dair yerquruluşu planına əsasən, xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahəsidir. 2.Həmin torpaq sahəsi üzərində, elktron kadastr məlumat bazasına istinadən başqa şəxslərin və orqanların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müəyyən olunmuşdur. 3.Torpaq sahəsindən 20.0 (iyirmi metr) kənarda metal boru vaistəsilə kommunikasiya xətti keçir. Elektron kadastr məlumat bazasına istinadən, torpaq sahəsinin mühafizə və qorunma zonasında yerləşməsi halı müəyyən olunmamışdır. 4.Həmin torpaq sahəsi üzərində, elktron kadastr məlumat bazasına istinadən başqa şəxslərin və orqanların hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı müəyyən olunmuşdur. 5.İddia olunaraq naturada təqdim olunan 585.0 kv.m torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunmuşdur. 6.İddia olunaraq naturada təqdim olunan 585.0 kv.m torpaq sahəsinin 150.0 kv.m hissəsi üzərində fərdi yaşayış evi mövcuddur. 7.Rəy hazırlanarkən, torpaq islahatı əsasına tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsi, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCA D məlumatlarına eyni zamanda, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələri barədə məlumatların öz əksini tapdığı elektron kadastr məlumat bazasına istinad olunmuşdur. 8.İddiaçının naturada təqdim etdyi torpaq sahəsi, X2 adına qeydə alınmış A 110625 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin hüdudları daxilində yerləşmir (üst-üstə düşmür). 9.Naturad təqdim olunan 585.0 kv.m torpaq sahəsi, JN-960 A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə və həmin Şəhadətnamədə göstərilən 0.05 ha torpaq sahəsilə üst-üstə düşmür. Lakin torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEK.UİS) və AZCAD məlumatlarında, həmin ərazidə mövcud olan digər torpaq sahələri ilə yanaşı, naturada təqdim olunan (iddia olunan) torpaq sahəsi də, faktiki istifadə vəziyyətlərinə uyğulaşdırılaraq sənəd nömrəli qeyd olunmuşdur. Beləki, naturada təqdim olunan torpaq sahəsinin sənəd nömrəsi TEKUİS və AZCAD məlumatlarında, 960A nömrəli Şəhadətnamə olaraq göstərilmişdir. 10.X2 adına qeydə alınmış A 110625 nömrəli plan və ölçü sənədində göstərilən 0.05 ha torpaq sahəsi ilə JN-960 A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən 0.05 ha torpaq sahəsi (ərazinin kompleks yerquruluşu layihəsinə istinadən) 0.039 ha hissədə üst-üstə düşür. TEKUİS və AZCAD məlumatlarına istinadən isə həmin torpaq sahələri üst-üstə düşmür. 11.İddiaçının naturada təqdim etdyi 585.0 kv.m torapq sahəsinin (ərazinin kompleks yerquruluşu layihəsinə istinadən) 516.0 kv.m hissəsi JN-961 A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsilə. 40.0 kv.m hissəsi isə JN-962 A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsilə üst-üstə düşür. İ'EKUİS və AZCAD məlumatlarına istinadən isə üst-üstə diişmə halı mövcud deyildir. 12.JN-960A, JN-961 A Və JN-962 A nömrəli Şəhadətnamələrdə göstərilən torpaq sahələri bir-birləri ilə həmsərhəd qonşu torpaq sahələridir və həmin torpaq sahələrinin üstüstə düşməsi hallan mövcud deyildir. İddiaçı və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbin etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Hazırkı inzibati mübahisə ünvan 1 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə İddiaçı adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsindən ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə istinad olunmalıdır. Həmin Əsasnaməyə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxil edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»n 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin planı və ölçüsünün təsviri»nin 1-ci bəndinə görə bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü təsvir edilir; 2-ci bəndinə görə nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, bu barədə reyestrdən çıxarışın və «Torpaq sahəsinin planı və ölçüsü»nün verilməsi mütləqdir. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasını həyata keçirərək çıxarış təqdim etsə də, torpaq sahəsinin planı və ölçüsü səndi tərtib edilməmişdir.Halbuki, yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Nə qədər ki, mülkiyyət hüququna dair qeyd və onu təsdiq edən çıxarış qüvvədədir həmin sənədə uyğun texniki sənədlərin tərtib edilməsi və iddiaçıya təqdim edilməsi də zəruridir. Bu cür hüquqi mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında da təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi bir çox məhkəmə qərarlarında bu növ işlərlə bağlı qeyd etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutulan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir Məhkəmə hesab edir ki, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçının 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alındığından qeyd olunan torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunaraq iddiaçıya verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 15.1 və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə dair plan və ölçü sənədinin tərtib olunması öhdəliyinin cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1188/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1188/2025
12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver