Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1189/2021 13.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı, Üçüncü şəxslər X15, X7 və X11 və onların vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X15, X7 və X11) qarşı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İşin faktiki halları Daşkəsən rayon Zağalı kənd sovetinin 1960-1962-ci illərin 36 saylı təsərrüfatbaşına kitabının 169 nömrəli şəxsi hesabından və Daşkəsən rayon Zağalı kənd sovetinin 1963- 1965-ci illərin Xoşbulaq kəndinə dair 44 saylı təsərrüfatbaşına kitabının 148 nömrəli şəxsi hesabından məlum olur ki, X2 şəxsi istifadəsində 0,15 ha torpaq sahəsi və 1958-ci ildə tikilmiş ev olmuşdur. Təsərrüfatın ailə başçısı X8, arvadı X12, oğulları X20, X21, qızları X9 olmuşdur. Ailə 1964-cü ildə Kirovabad şəhərinə köçmüş, bu barədə təsərrüfatbaşına kitabda xüsusi qeyd aparılmışdır. Həmin illərdən sonra yəni, Xoşbulaq kəndinin 1966-1995-ci illəri əhatə edən təsərrüfatbaşına kitabları yoxlanılan zaman X8 barəsində heç bir məlumat aşkar olunmamışdır. X8 29.08.1997-ci il tarixdə Gəncə şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 30.08.1997-ci il tarixdə 495 nömrə ilə qeyd aparılmışdır. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən mərhum atası X3 məxsus olmuş torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə 12.03.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh 07.06.2021-ci il tarixli **********70 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı, əmlaka müayinə baxışına şərait yaradılmadığı, həmçinin torpaq sahəsinə dair planı və ölçü sənədinin ərizəyə əlavə edilmədiyi və fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmiş, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. İmtinanı əsassız hesab edən iddiaçı cavabdehin üzərinə Daşkəsən rayonu, Zağalı kəndində yerləşən mərhum atası X2 adına olan 0,15 ha torpaq sahəsinə və 1958-ci ildə tikilmiş evə dair çıxarışın verilməsi vəzifəsinin qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evin atası X2 adına dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 13.09.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı tərəfin münasibəti: Tələb onunla əsaslandırılmışdır ki, mərhum atası X2 adına Daşkəsən rayonu Zağalı kənd sovetliyinin 1960-1962-ci illərin 36 saylı təsərrüfatbaşına kitabının 169 nömrəli şəxsi hesabında 0,15 ha torpaq sahəsi və 1958-ci ildə tikilmiş ev vardır. O, atasının adına olan evə və torpaq sahəsinə dair sənəd almaq üçün cavabdehə müraciət edərək 0,15 ha torpaq sahəsinə və 1958-ci ildə tikilmiş evə dair çıxarışın verilməsini xahiş etmişdir. Lakin ona imtina cavabı verdilər ki, güya ərizəyə torpaq sahəsinə dair plan və ölçüsü əlavə edilməmiş, həm də torpaq sahəsi başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı hesab edir ki, bunun heç bir hüquqi əsası yoxdur. Çünki mərhum atasına məxsus torpaq sahəsi və ev hazırda onun istifadəsindədir. Belə olan halda torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi mümkün deyildir. Ona görə də cavabdehin üzərinə Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0,15 ha torpaq sahəsinə və atasının adına olan evə dair çıxarışın verilməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə iclaslarında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda mübahisəli ev boşdur, torpaq sahəsi də sahibsiz şəkildə durur, zəbt olunmamışdır. Qənirə Yusifova dayısının yoldaşı, Azər, Məhəmməd və Rəfiqə isə onun övladlarıdır. 1961-ci ildə atası ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüşdür, mübahisəli evi isə yaşamaları üçün ana nənəsi və atasının həm qaynanası, həm xalası Tutu Yusifovaya müvəqqəti vermişlər. Üçüncü şəxslərə məxsus olmuş 68 sot torpaq sahəsinin 8 sotunu özü, 4 sotunu isə qardaşı alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Həmin 68 sot torpaq sahəsinin mübahisəli torpaq sahəsinə dair heç bir aidiyyatı yoxdur. Cavabdeh tərəfin münasibəti: Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı, əmlaka müayinə baxışına şərait yaradılmadığı, həmçinin torpaq sahəsinə dair plan və ölçü sənədi ərizəyə əlavə edilmədiyi və fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən, “torpağın mülkiyyətə verilməsinə dair” JN-442A saylı şəhadətnamə ilə X4, X13, X5 və X6 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Üçüncü şəxsin münasibəti: Məhkəmənin 04.08.2021-ci il tarixli qərardadı ilə X10, X15, X7 və X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxslərdən X10 25.08.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 26.08.2020-ci il tarixdə 842 nömrə ilə qeyd aparılmışdır. Üçüncü şəxslərdən X15 iddia tələbini qəbul etməmiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsində yalnız bir ev mövcuddur və həmin evdə onlar yaşayırlar. Evin yerləşdiyi torpaq sahəsi onların mülkiyyətindədir. X25 adına olması barədə heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Dövlət aktında qeyd edilən iki tikilidən biri ev, digəri isə tövlədir. Hazırkı iddia ilə bağlı bu vaxtadək məhkəmədə heç bir mübahisələri olmamışdır. İddiaçıya verilən arayışda göstərilən 1958-ci ildə tikilmiş ev ilə onlara verilmiş arxiv arayışında qeyd olunan 1967-ci ildə tikilmiş ev eyni yaşayış sahəsidir. Məhkəmə iclasında iştirak etmiş digər üçüncü şəxslər X7 və X11 da iddia tələbini qəbul etməmiş, Azər Yusifovun dediklərini müdafiə etmişdirlər. Üçüncü şəxslərin vəkili iddia tələbini qəbul etməmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli ərazinin mülkiyyətçiləri üçüncü şəxslərdir və bu barədə onların hüquqmüəyyənedici sənədləri vardır. Məhkəmə araşdırmasının predmetini cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunun surəti, ölüm haqqında şəhadətnamələrin surəti, Daşkəsən rayon Dövlət Arxivinin 20.06.2016-cı il tarixli 78 nömrəli arxiv arayışının surəti, Daşkəsən rayon Dövlət Arxivinin 24.05.2021-ci il tarixli 11 nömrəli, 17.06.2021-ci il tarixli 13 nömrəli və 23.08.2021-ci il tarixli 18 nömrəli məlumatları, Daşkəsən rayon Dövlət Arxivinin 23.08.2021-ci il tarixli 19 nömrəli və 02.09.2021-ci il tarixli 74 nömrəli Arxiv arayışları, cavabdehin 07.06.2021-ci il tarixli **********70 nömrəli etirazı, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Zağalı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 08.09.2021-ci il tarixli 441 nömrəli arayışı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə uğurlu deyildir. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə, öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh orqan iddiaçının daşınmaz əmlakının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinin təmin edilməsindən imtina edərkən ona istinad etmişdir ki, əmlaka müayinə baxışına şərait yaradılmamış, torpaq sahəsinin plan və ölçü sənədi əlavə edilməmiş və fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsi üçüncü şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Hazırkı iş üzrə iddiaçı məhkəmədən 1) Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0,15 ha torpaq sahəsi və 2) 1958-ci il tikilmiş fərdi yaşayış ev üzərində atası X2 adına dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsini tələb edir. Qeyd edilməlidir ki, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunla təznimlənir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması əsasları, 10-cu maddəsində qeydiyyat orqanına verilən ərizəyə əlavə olunan sənədlərin siyahısı, 15-ci maddəsində isə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasları öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun: 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuşdur. Həmin normaya görə bu əsaslara aiddir: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1-ci maddə); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2-ci maddə); daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı (8.0.3-cü maddə); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4-cü maddə); 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5-ci maddə); mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (8.0.6-cı maddə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (8.0.7-ci maddə); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8-ci maddə).... 10.2-ci maddəsinin tələblərinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri (10.2.1); torpaq sahəsinin planı və ölçüsü (10.2.2); torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi (10.2.3); dövlət rüsumunun ödənilməsi barədə sənəd (10.2.4). 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsi ilə nəzərdə tutulan qayda yalnız həmin Qanunun 8-ci və 10-cu maddələrinin tələblərinə riayət edilən halda müsbət nəticə verə bilər. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin hazırkı işdən görünür ki, həmin əsaslardan hər hansı biri iddiaçı tərəfindən nə cavabdeh orqana, nədəki məhkəməyə təqdim olunmamış, bu cür əsaslardan birinin mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi 1960-1962-ci illərə dair təsərrüfatbaşına kitabdan çıxarışın mövcudluğu da məhkəmənin hazırkı iş üzrə gəldiyi nəticəni dəyişmir. Belə ki, həmin sənəd də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan əsaslardan biri kimi çıxış etmir. Belə ki, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçının atası ailəsi ilə birlikdə 1964-cü ildə Kirovabad şəhərinə köçmüşdür (bax. Daşkəsən rayon Dövlət Arxivinin 23.08.2021-ci il tarixli 19 nömrəli arayışı). Məhkəmə xidməti vəzifəsinə görə 1962-ci ildən 1995-ci il tarixədək X2 təsərrüfatı barədə məlumatın məhkəməyə təqdim olunması üçün Daşkəsən rayon Dövlət Arxivinə 06.08.2021-ci il tarixdə sorğu göndərmiş, Arxivin sorğuya verdiyi 23.08.2021-ci il tarixli 18 nömrəli cavab məktubunda göstərilmişdir ki, Daşkəsən rayon Zağalı kənd İƏDÜN-nin arxivdə mühafizə olunan Xoşbulaq kəndinə dair 1963-1965-ci illəri əhatə edən təsərrüfatbaşına kitablar yoxlanıldı. Qeyd olunan illərin sənədindən məlum olur ki, X8 ailəlikcə Kirovabad şəhərinə köçüblər. Həmin illərdən sonra yəni, Xoşbulaq kəndinin 1966- 1995-ci illəri əhatə edən təsərrüfatbaşına kitabları yoxlanılan zaman vətəndaş X8 barəsində heç bir məlumat aşkar olunmadı. İşin faktiki hallarından göründüyü kimi, 1965-ci ildən sonra X2 təsərrüfatı mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin vaxt qüvvədə olan 1964-cü il tarixli redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin: 119-cu maddəsində qeyd olunur ki, kolxozçu həyətinin əmlakı birgə mülkiyyət hüququ əsasında, onun üzvlərinə məxsusdur. Kolxozçu həyətinin mülkiyyətində kolxoz nizamnaməsinə müvafiq olaraq, onun istifadəsində olan həyətyanı torpaq sahəsindəki yardımçı təsərrüfat, yaşayış evi, məhsuldar mal-qara, ev quşları və xırda kənd təsərrüfatı alətləri ola bilər. Bundan əlavə, kolxozçu həyəti üzvlərinin, kolxozun ictimai təsərrüfatında iştirak etməklə əldə edib, həyətin mülkiyyətinə verdikləri əmək gəlirləri və ya həyətin mülkiyyətinə verdikləri sair əmlak, habelə ümumi vəsait hesabına əldə edilmiş ev, məişət və şəxsi istehlak şeyləri kolxozçu həyətinə məxsusdur. 124-cü maddəsinə əsasən həyətin əmək qabiliyyətli üzvü üç il müddətində öz əməyi və vəsaitləri ilə həyətin təsərrüfatının birgə aparılmasında fasiləsiz olaraq iştirak etmədikdə, kolxozçu həyətinin əmlakındakı paya olan hüququnu itirir. Həyətin üzvü müddətli hərbi xidmətə çağırılmaq, məktəbdə oxumaq və ya xəstəlik nəticəsində təsərrüfatın işində iştirak etmədikdə, bu qayda tətbiq edilmir. 125-ci maddəsinə əsasən kənd təsərrüfatında özlərinin və ailə üzvlərinin ancaq şəxsi əməyinə əsaslanan fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların ümumi birgə mülkiyyətində bu Məcəllənin 119-cu maddəsində göstərilən əmlakdan başqa həmin şəxslərə istifadəyə verilmiş torpaq sahəsini becərmək üçün zəruri olan iş heyvanı (rayon, şəhər xalq deputatları Soveti icraiyyə komitəsinin icazəsi ilə) və kənd təsərrüfatı alətləri ola bilər. Kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan ayrı-ayrı vətəndaşların şəxsi mülkiyyətində bu maddənin birinci hissəsində göstərilən əmlak ola bilməz. Kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların bu maddədə göstərilən təsərrüfat əmlakı şəxsi mülkiyyət hüququ ilə həmin təsərrüfatın üzvlərinə məxsusdur (maddə 111). Kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların birgə mülkiyyət hüququna, müvafiq surətdə bu Məcəllənin 120-124-cü maddələri tətbiq olunur. Məhkəmələrin formalaşdırdığı hüquqi mövqeyə görə, torpaq sahəsinə dair çıxarış verilməsi tələbinə dair işlərə baxılarkən cavabdehin imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olub-olmadığının məhkəmə tərəfindən müəyyən edilməsi zəruridir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə və yaşayış evinə dair hüquq müəyyənedici sənəd təqdim olunmadığından iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X15, X7 və X11) qarşı “Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0,15 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evin atası X2 adına dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1189/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1189/2021
13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver