Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-119/2022 17.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X13, üçüncü şəxslər X2 və Hümbətova (Alıyeva) Sitarə Əli qızının iştirakı ilə, İddiaçı2 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X30, X9, X21 və Hümbətova (Alıyeva) Sitarə Əli qızı) torpaq sahəsinin plan-ölçü sənədinin faktiki istifadəçilərin adına yenidən işlənməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı2, İddiaçı5, X12, İddiaçı4, İddiaçı3 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 30.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onların faktiki istifadəsində olan torpaq sahəsinin plan-ölçü sənədinin iddiaçıların adına, üçüncü şəxslərin faktiki istifadəsində olan torpaq sahəsinin plan-ölçü sənədinin üçüncü şəxslərin adına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Hümbətova (Alıyeva) Sitarə Əli qızı və X9 iddiaçılara qarşı torpaqdan çıxarma tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində göstərilir ki, “Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən iddiaçılara və ailə üzvlərinə Tovuz rayonunun Qovlar qəsəbəsində 0,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə müvafiq olaraq JN-2104 saylı və JN-2105 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Şəhadətnamədə göstərilən cizgilər daxilində yerləşən torpaq sahələrindən guya o, özbaşına istifadə edir, onların mülkiyyət hüququnu pozur”. İddiaçılara Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-cı il tarixli 13 saylı qərarına əsasən Tovuz rayonunun Qovlar qəsəbəsində 0,87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpağa mülkiyyət hüququna dair JN2108 saylı dövlət aktı verilmişdir. İddiaçılara verilmiş torpaq sahəsi ilə üçüncü şəxslərə verilmiş torpaq sahələri həmsərhəddir. Üçüncü şəxslərin onlara məxsus olduğunu iddia etdikləri torpaq sahəsindən iddiaçılar 1997-ci ildən, yəni torpaq islahatının aparıldığı vaxtdan istifadə edirlər. Üçüncü şəxslər isə həmin vaxtdan texniki torpaq sənədlərində iddiaçılara aid olduğu göstərilən torpaqdan istifadə edirlər. Yerquruluşu orqanları torpaq bölgüsü zamanı torpağın bölgüsünü bugünkü faktiki istifadə vəziyyətinə görə aparmış, lakin texniki və hüquqi sənədlərə fərqli məlumatlar daxil edilmişdir. Ona görə də, pay torpaqlarının hüquqi və texniki sənədlərində məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) yaranmışdır. İddiaçıların istifadə etdikləri və üçüncü şəxslər tərəfindən mübahisələndirilən torpaq sahəsində yüzlərlə çoxillik meyvə ağacları, kənd təsərrüfatı təyinatlı tikililəri vardır. Onların bugünkü bazar qiyməti 10 min manatlarla qiymətləndirilir. İddiaçılar onlara və üçüncü şəxslərə verilmiş pay torpaqların hüquqi və texniki sənədlərində məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yer quruluşu qaydasında aradan qaldırılması məqsədilə hüquqi və texniki sənədlərə düzəliş edilməsi, həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmənin 31.08.2021-ci il tarixli qərardadı ilə X30, X9, X21, X22, X14 və Hümbətova (Alıyeva) Sitarə Əli qızı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 06.10.2021-ci il tarixli məhkəmə iclasında X15 və X7 üçüncü şəxs qismində prosessual statuslarına xitam verilmişdir. İddiaçı2 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, islahatdan bu günə kimi o, texniki göstəriciləri üçüncü şəxslərin adına işlənmiş sahədən istifadə etmiş və istifadə etdiyi sahədə xurma bağı salmışdır, üçüncü şəxslər isə ona ayrılmış sahədən istifadə etmişlər. Cavabdehin nümayəndəsi X23 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Əsasnamə”yə əsasən daşınmaz əmlak üzərində hüquqların Dövlət qeydiyyatı aparılmadıqda həmin əmlak barədə hər hansı rəyin, məlumatın verilməsi və digər əməliyyatların aparılması Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Tovuz Tovuz rayon Layihə Tədqiqat idarəsinə) həvalə edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr, Dövlət Aktları və X27 və Monitorinqi X1 X28 tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüləri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verildiyinə, həmin Komitənin varisi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti olduğuna görə bu tip məsələlərin həlli onlara həvalə edilmişdir. Bu səbəbdən də iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş və aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. Üçüncü şəxslər X9 və Hümbətova (Alıyeva) Sitarə Əli qızı məhkəmə iclasında bildirmişlər ki, onların 0.44 ha torpaq sahəsi var, islahat vaxtından 2016-cı il tarixədək həmin sahədən istifadə etmişlər. 2016-cı ildə məlumat almışlar ki, torpağın sənəd üzrə koordinatları fərqlidir, yəni onların torpaq sahəsinin texniki sənədləri iddiaçının adına işlənmişdir, ona görə də 2016-cı ildən həmin sahədən istifadəni dayandırmışlar. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-2108 KOD 50300016 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən İddiaçı2, İddiaçı5, X8, İddiaçı4, İddiaçı3 və İddiaçı1 0.87 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş JN-2105 KOD 50300016 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən X24, X4 və X17 0.44 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş JN-2104 KOD 50300016 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən X18, X10 və Hümbətova (Alıyeva) Sitarə Əli qızına 0.44 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş 24.06.2011-ci il tarixli AZ-İ 475671 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X14 23.06.2011-ci il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş 15.07.2013-cü il tarixli AZ-İ 620004 nömrəli “Ölüm haqqında” şəhadətnamədən görünür ki, X25 13.07.2013-cü il tarixdə ölmüşdür. -surəti işə əlavə edilmiş "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin 15/M-024 nömrəli 09.02.2022-ci il tarixli mütəxəsis rəyindən görünür ki, JN-2108 nömrəli, JN-2105 nömrəli və JN-2104 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında olan torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar vardır, eləcə də X11 istifadəsi kimi təqdim edilən torpaq sahəsində meyvə ağacları vardır və 2015-ci ilə qədər X5 istifadəsi kimi təqdim edilən torpaq sahəsi əkin sahəsi olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarına əsasən 0.87 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmiş və bu barədə JN-2108 KOD 50300016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmişdir. Eyni zamanda sözügedən qərarla 0.44 ha torpaq sahəsi X19 və ailə üzvlərinin, 0.44 ha torpaq sahəsi isə X15 və ailə üzvlərinin mülkiyyətinə verilmiş və bu barədə JN-2105 KOD 50300016 nömrəli və JN-2104 KOD 50300016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktları tərtib edilmişdir. Lakin qeyd olunan Dövlət aktlarında olan torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğu aşkar olunmuş, bununla bağlı cavabdeh orqana müraciət edilsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş mütəxəsis rəyi ilə müəyyən olunmuşdur ki, həqiqətən JN-2108 nömrəli, JN-2105 nömrəli və JN-2104 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktlarında olan torpaq sahələrinin hüquqi və texniki sənədlərindəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar vardır. Yəni, iddiaçıların adına verilmiş JN-2108 nömrəli dövlət aktında qeyd edilmiş torpaq sahəsinin koordinatları (texniki göstəricilər) üçüncü şəxslərə təhkim edilmiş və istifadə etdikləri sahəyə, üçüncü şəxslərin adına verilmiş JN-2105 nömrəli və JN-2104 nömrəli dövlət aktında qeyd edilmiş sahənin koordinatları isə iddiaçılara təhkim edilmiş sahəyə işlənmişdir. Həm iddiaçılar, həm də üçüncü şəxslər islahat zamanı onlara faktiki təhkim edilmiş sahəni qəbul etməklə özününkü hesab etmişlər və istifadə etməkdə davam etmişlər, eyni zamanda iddiaçı tərəfindən istifadə olunan sahəyə çoxillik ağaclar əkilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, sözügedən Dövlət aktları ilə iddiaçıların və üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla həm iddiaçıların, həm də üçüncü şəxslərin faktiki istifadə vəziyyətinin məkan göstəricilərini əks etdirən yeni sənədlərin (planölçü sənədlərinin) hazırlanaraq mülkiyyətçilərə verilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. JN-2108 KOD 50300016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı2, İddiaçı5, X6, İddiaçı4, İddiaçı3 və İddiaçı1 mülkiyyətinə verilmiş 0.87 ha torpaq sahəsinin, JN-2105 KOD 50300016 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə X19, X2 və X16 mülkiyyətinə verilmiş 0.44 ha torpaq sahəsinin və JN-2104 KOD 50300016 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə X15, X7 və Hümbətova (Alıyeva) Sitarə Əli qızının mülkiyyətinə verilmiş 0.44 ha torpaq sahəsinin sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla faktiki istifadə vəziyyətinin məkan göstəricilərini əks etdirən yeni sənədlərin (plan-ölçü sənədlərinin) hazırlanaraq mülkiyyətçilərə verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-119/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-119/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver