Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-119/2024 30.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçılar İddiaçı1 (o həm də digər iddiaçılar İddiaçı4, X4, İddiaçı3 və X2 nümayəndəsidir) və İddiaçı2, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X5, X4, İddiaçı4 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Gədəbəy rayonu, Qumlu kəndində yerləşən faktiki istifadələrində olan 0.31 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması və həmin torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X5, X4, X6 və İddiaçı3 kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.84 ha torpaq sahəsi ayrılmış və barədə Torpağa mülkiyyət hüququna dair JN- 0419 KOD 50501004 nömrəli dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi 2 (419 və 419M) konturdan ibarət olmuş, 419 saylı konturda 2490.0 kv.m, 419M saylı konturda isə 5900.0 kv.m torpaq sahəsi yerləşmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Gədəbəy şəhərində yerləşən 0.2490 ha torpaq sahəsinə dair İddiaçı1, İddiaçı2, X5, X4, X6 və İddiaçı3 ümumi birgə mülkiyyət hüquqları qeydə alınmış, habelə həmin torpaq sahəsinə dair A№727811 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
3. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1 ayrılmış 928 kv.m torpaq sahəsi ilə bağlı A№306880 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək, X8 kitabında xx.xx.2010-cu il tarixdə 47 nömrə ilə uçota alınmışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2017-ci il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarış əsasında Gədəbəy şəhəri, ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi və üzərində yerləşən 233.7 kv.m sahədən ibarət fərdi yaşayış evi tikili A ½ hissə və torpaq sahəsi ¾ hissədə X1, tikili A1 tam, tikili A ½ hissə və torpaq sahəsi ¼ hissədə İddiaçı1 adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır.
5. Həmin evə dair xx.xx.2017-ci il tarixə tərtib edilmiş texniki pasportda torpaq sahəsinin sənəd üzrə 0.25 ha, faktiki sahəsinin 0.7401 ha olduğu qeyd edilmişdir.
6. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X5, X4, X6 və İddiaçı3 həyətyanı məqsədilə 0.05 ha torpaq sahəsi ayrılmış və barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-097A KOD 50501004 nömrəli şəhadətnamə tərtib edilmişdir.
7. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1 istifadəsində olan 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair A 306880 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
8. İddiaçılar faktiki istifadələrində olan 0.31 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin verilmədiyini əsas gətirərək, həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, torpaq sahəsinə dair təqdim etdiyi A306880 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsinin ölçüsü 0.0928 ha olmasına baxmayaraq, faktiki olaraq yerində istifadə etdikləri 0.3 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Odur ki, aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanlarına (Gədəbəy şəhər bələdiyyəsi) və yaxud məhkəməyə müraciət etmələri məqsədəmüvafiqdir.
9. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-M-01xx-xx/2022 nömrəli məktubunda bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq torpaq islahatını rayon və yerli aqrar islahat komissiyaları aparmışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında Əsasnaməmin 2-ci bəndinə əsasən yerli aqrar islahat komissiyası tərəfindən “Pay almaq hüququ olan subyektlərin siyahısı” tərtib edilmiş və həmin siyahı rayon aqrar islahat komissiyası tərəfindən təsdiq olunmuşdur. Arxivdə və elektron kadastr məlumat bazasında araşdırma zamanı müəyyən olunmuşdur ki, Gədəbəy rayonu Qumlu kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində saxlanılan yuxarıda adıçəkilən siyahıda yerli aqrar islahat komissiyası tərəfindən onun və ailə üzvlərinin adı siyahıya daxil edilmiş, qanuni istifadədə 0.05 ha həyətyanı torpaq sahəsinin və zəbt kimi 0.33 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Bu səbəbdən həyətyanı torpaq sahəsində mövcud olan zəbt pay torpaq sahəsindən çıxılaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş bölgü layihəsində ailələrinə 0.84 ha pay torpaq sahəsi verilmişdir. Bununla yanaşı vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələri plana alınan zaman qanuni istifadələrində olan 0.05 ha və zəbt kimi qeyd olunmuş 0.33 ha torpaq sahəsinin plana alınmış 0.09 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq hüquqi və texniki sənədlər verilmişdir.
10. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Gədəbəy rayonu Qumlu kəndinin kompleks yerquruluşu xəritəsinə və yeni uçot xəritəsinə əsasən iddiaçıların faktiki istifadəsində olan Gədəbəy rayonu Qumlu kəndində yerləşən 0.3409 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpağı olmaqla iddiaçıların istifadəsində olan və bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. 2) Həmin torpaq sahəsi (0,3409 ha) naturada ölçülməklə, faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələri, koordinatları müəyyən edildi (sxemdə göstərilmişdir). 3) Həmin torpaq sahəsinin hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. 4) Həmin torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2- 3328/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı1 və ailə üzvlərinə Gədəbəy şəhərində verilmiş JN-97 saylı Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin faktiki istifadə olunan ərazisi 0.4831 hektardır. 0.4831 ha torpaq sahəsinin 0.05 ha və 0.0928 ha hissəsinə İddiaçı1 adına JN-97 saylı Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin məqsədi ilə Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Digər hissəsi 0.3403 ha torpaq sahəsi İddiaçı1 ata və anasının adına verilmiş JN-93 saylı Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin zəbti kimi göstərilmişdir. Ümumi bütün ərazi hal-hazırda İddiaçı1 və ailə üzvlərinin istifadəsindədir. II. Məhkəmədə icraat
12. İddiaçılar İddiaçı1, İddiaçı2, X5, X4, X6 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəədəbəy rayonu, Qumlu kəndində yerləşən faktiki istifadələrində olan 0.31 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının aparılması və həmin torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.
13. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 09 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 0.84 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Sonradan vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələri plana alınan zaman onun istifadəsində olan 0.05 ha və faktiki istifadəsində olan 0.38 hektar əkin sahəsi olan torpaq sahəsinin plana alınmış 0.09 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq hüquqi və texniki sənədlər verilmişdir. Lakin yerdə qalan faktiki istifadəsində olan 0.31 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd verilmədiyi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsələr də cavabdeh orqan çıxarış verilməsindən imtina etmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və hesab edirlər ki, iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İİİ. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçılar İddiaçı1 (o həm də digər iddiaçılar İddiaçı4, X4, İddiaçı3 və X2 nümayəndəsidir) və İddiaçı2, cavabdehin nümayəndəsi X7 məhkəmə iclasına gəlmişlər. İV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
24. İddiaçılar İddiaçı1 (o həm də digər iddiaçılar İddiaçı4, X4, İddiaçı3 və X2 nümayəndəsidir) və İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.
25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı1 və ailə üzvlərinə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və ona dair JN-419 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Eyni zamanda Gədəbəy rayon Aqrar İslahat Komissiyasının eyni tarixli, eyni nömrəli qərarı ilə onun istifadəsində olan 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair A306880 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı1 isə istifadəsində olan, yəni zəbt sayılan torpaq sahəsinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sənəd işlənmədiyini bildirir və həmin yerin sənədləşdirilməsini istəyir. Belə ki, o, istifadəsində zəbt torpağı olduğuna görə ona kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin az verildiyini iddia edir. Onun əlində həmin yerə dair hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığına görə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı tərəflərindən mümkün olmamışdır. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Torpağa mülkiyyət hüququna dair JN-0419 KOD 50501004 nömrəli dövlət aktı; - A 306880 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi; - JN-097A KOD 50501004 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-M-01xx-xx/2022 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-40/2- 3328/2023 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi.
Əsaslandırma hissəsi:
Vİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
28. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X5, X4, X6 və İddiaçı3 kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.84 ha torpaq sahəsi ayrılmış və barədə Torpağa mülkiyyət hüququna dair JN-0419 KOD 50501004 nömrəli dövlət aktı tərtib edilmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1 istifadəsində olan 0.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair A306880 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X5, X4, X6 və İddiaçı3 həyətyanı məqsədilə 0.05 ha torpaq sahəsi ayrılmış və barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-097A KOD 50501004 nömrəli şəhadətnamə tərtib edilmişdir.
29. İddiaçılar hazırda faktiki istifadələrində olan 0.31 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh orqan isə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirmişdir ki, arxivdə və elektron kadastr məlumat bazasında araşdırma zamanı müəyyən olunmuşdur ki, Gədəbəy rayonu, Qumlu kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerquruluşu sənədlərində pay almaq hüququ olan subyektərin siyahısında yerli aqrar islahat komissiyası tərəfindən iddiaçının və onun ailə üzvlərinin adı siyahıya daxil edilmiş, qanuni istifadələrində 0.05 ha həyətyanı torpaq sahəsinin və zəbt kimi 0.33 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Bu səbəbdən həyətyanı torpaq sahəsində mövcud olan zəbt pay torpaq sahəsindən çıxılaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş bölgü layihəsində ailsinə 0.84 ha pay torpaq sahəsi verilmişdir. Bununla yanaşı vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahələri plana alınan zaman qanuni istifadələrində olan 0.05 ha və zəbt kimi qeyd olunmuş 0.33 ha torpaq sahəsinin plana alınmış 0.09 ha hissəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq hüquqi və teniki sənədlər verilmişdir.
30. Hazırda iddiaçılar həmin torpaq sahəsinin bütövlükdə faktiki hüquqi əsas olmadan, fasiləsiz olaraq onların istifadələrində olmasını əsas gətirərək, bu hüququn qeydə alınmasından cavabdeh orqanın imtinası ilə razılaşmayaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.
31. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
33. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıların faktiki istifadələrində olsa da, onun iddiaçılara məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir və həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, iddiaçılar tərəfindən zəbt olunmuşdur.
34. Belə ki, iddiaçıların mülkiyyət hüquqlarını qeydə aldırmaq istədikləri torpaq sahəsinin mülkiyyət növünün, təyinatının və kateqoriyasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu Qumlu kəndinin kompleks yerquruluşu xəritəsinə və yeni uçot xəritəsinə əsasən iddiaçıların faktiki istifadəsində olan Gədəbəy rayonu Qumlu kəndində yerləşən 0.3409 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpağı olmaqla iddiaçıların istifadəsində olan və bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Həmin torpaq sahəsi (0,3409 ha) naturada ölçülməklə, faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələri, koordinatları müəyyən edildi (sxemdə göstərilmişdir).
35. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi müliyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.
36. Məhkəmə qeyd edir ki, mülkiyyətin bir növü kimi bələdiyyə mülkiyyətində olan torpaqların idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunla tənzimlənir.
37. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
38. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin ümumi qaydası kimi, onların açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edilməsi nəzərdə tutulmuş, bu qaydadan istisna kimi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə beş il müddətinə özgəninkiləşdirmək qadağan edilməklə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi qeyd olunmuşdur.
39. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunla bələdiyyə torpaqlarının idarə olunması sahəsində ciddi islahatlar həyata keçirilmiş, bələdiyyə torpaqlarının satışı və icarəsinin torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklərin edilməsində əsas məqsəd torpaqların satışı və icarəsi sahəsində şəffaflığın təmin olunması, bazar iştirakçıları üçün bərabər imkanların yaradılması və digər neqativ halların qarşısının alınması olmuşdur (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı).
40. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
42. Cavabdeh orqanın hüquqların dövlət qeydiyyatını həyata keçirməsi üçün isə ərizəçi tərəfindən ona “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci mddəsində göstərilən əsaslardan biri təqdim edilməlidir.
43. Hazırkı işdə mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğundan, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları isə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edildiyindən, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslardan heç biri təqdim edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh orqanın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur.
44. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
45. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva