Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1191/2022 22.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1977-xx.xx.1978, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982xx.xx.1992, xx.xx.1992-xx.xx.2014-cü il tarixlərdə və xx.xx.2014-cü il tarixdən hazırkı günədək əmək fəaliyyəti ilə məşğul olur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, müraciətlər xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə cavabdehə daxil olmuşdur. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.1985-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin “Gəncə Gil- Torpaq” İstehsalat Birliyində işlədiyi qeyd olunmuşdur. Mərkəzi filialın aidiyyəti mütəxəssisləri tərəfindən sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.2004-xx.xx.2004-cü il və xx.xx.2009-xx.xx.2014cü il tarixləri arasındakı dövrlər ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün qeyd olunan dövrlər ərzində, ümumilikdə 05 il 05 ay 21 gün ödənişsiz məzuniyyətdə olduğu müddət ümumi iş stajına daxil etmək mümkün deyil. Bu fakt "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən, ümumi iş stajı 25 ildən az (21 il 21 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (08 il 06 ay 08 gün) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39.800 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitaılı cəmi 28.686,98 manat təşkil edir. Qeyd olunanları nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək pensiya yarandığı 57 yaşından, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın inzibati orqana müraciət etdiyi tarixdən 3 il əvvəlki - 29 dekabr 2017-ci il tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.2006-cı il tarixədək əmək kitabçası üzrə 26 il 07 ay 14 gündən çox, güzəştli şərtlərlə xüsusi stajı 14 il təşkil edir. O, xx.xx.2020-ci ildə cavabdehə ərizə ilə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh isə ona imtina cavabı vermişdir. İmtinanın səbəbi kimi isə, guya iddiaçı xx.xx.1985-xx.xx.2012-ci il tarixlər arasındakı dövrdə "xxxx" ASC-nin “Gəncə Gil-Torpaq” İstehsalat Birliyində işləmişdir. İddiaçı 1992-ci ilə qədər Kirovabad KPSSU idarəsində təmirçi, çilingər işləmişdir. Bu haqda Gəncə “ASAN Xidmət” mərkəzindən arayışı da var. İddiaçı əmək kitabçası üzrə xx.xx.1992-ci ildən xx.xx.2014-cü ilə kimi Azəralüminium” ASC-nin “Gəncə Gil-Torpaq” İstehsalat sahəsində təmirçi, çilingər vəzifəsində işləmişdir. İmtina cavabı kimi guya xx.xx.1994-xx.xx.1999-cu illər və xx.xx.2004-xx.xx.2004-cü illərdə ödənişsiz məzuniyyətdə olmuşdur. Bu səhv və yanlış məlumatdır. İddiaçı iddia edir ki, 1992-ci ilin yanvar ayından 2009-cu ilin 01 iyun tarixinədək fasiləsiz işləmiş və əmək haqqı almışdır. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının dəlilləri əsassızdır. İlk olaraq “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 01 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə 3 şərtə - 1) qanunla tələb olunan pensiya yaşına çatması, 2) tələb olunan zəruri staja (ümumi və güzəştli) sahib olması və 3) peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında göstərilməsi riayət etməklə yaranır. Hazırkı iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının filiala təqdim etdiyi əmək kitabçasına əsasən onun ümumi iş stajına xx.xx.1977-xx.xx.1978 (06 ay 01 gün), xx.xx.1978-xx.xx.1980 (1 il 11 ay 22 gün hərbi xidmət dövrü), xx.xx.1980xx.xx.1981 ( 06 ay), xx.xx.1981-xx.xx.1982 ( 04 ay 04 gün), xx.xx.1982-xx.xx.1982 (02 ay 01 gün), xx.xx.1982-xx.xx.2006 (23 il 01 ay 16 gün) daxildir. Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının sənədlərində qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1994-xx.xx.1999, xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı dövlər ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün qeyd olunan dövrlər ərzində ümumilikdə 05 il 05 ay 21 gün ödənişsiz məzuniyyətdə olduğu müddət ümumi iş stajına daxil etmək mümkün deyil. Belə olan halda, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı tələb edilən 25 ildən az (21 il 01 ay 21 gün), güzəştli şərtlərlə iş stajı isə 12 il 06 aydan az (08 il 06 ay 08 gün) təşkil edir. İkincisi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsini iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, Həmin Qanunun qeyd olunan maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39.800 manat hesablanmışdır. İddiaçının isə cəmi pensiya kapitalı 28.686,98 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil etirazda qeyd olunanları müdafiə etmiş, xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********5 nömrəli etirazda bildirilmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci ildə yaranmışdır. Tələb olunan 12 il 06 ay güzəştli sosial sığorta stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərə və "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, 22 nömrəli arayışına əsasən güzəştli iş stajı xx.xx.1992-xx.xx.2006-cı illərdə "xxxx" ASC-nin “Gəncə Gil-Torpaq” İstehsalat sahəsində işlədiyi illəri əhatə edir və cmi 08 il 06 ay 08 gün təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının işlədiyi "xxxx" ASC-də iş illərinin qarşılıqlı yoxlaması ilə bağlı xx.xx.2021-ci il tarixli akt tərtib olunmuş və həmin aktda iddiaçının xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.2004-xx.xx.2004-cü illərdə ödənişsiz məzuniyyətdə olması göstərilmişdir. “Əmək pensiyaları haqqında” qanunun 21.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sosial sığorta stajı kimi nəzərə alınmır. Göründüyü kimi bu tələb ödənilmir. İddiaçının təqdim etdiyi mübahisəsiz ümumi iş stajı 21 il 01 ay 21 gün təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39.800 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitaılı cəmi 28.686,98 manat təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının edilməsi qeyri-mümkündür. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 etirazda qeyd olunanları müdafiə edərək iddianın rədd edilməsi barədə qərar olunmasını xahiş etmişdir. İş materiallarında olan: - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətinə və “Sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumata əsasən iddiaçı xx.xx.1977-xx.xx.1978, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1982, xx.xx.1982xx.xx.1982, xx.xx.1982-xx.xx.1992, xx.xx.1992-xx.xx.2014-cü il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuş və xx.xx.2014-cü il tarixdən hazırkı günədək işləyir. -iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1978xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur. -iddiaçının xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə cavabdehə daxil olmuş müraciətlərinə xx.xx.2021-ci il tarixdə imtina cavabı verilmişdir. -"xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli, 22 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 2 nömrəli Siyahının İX bölməsinin, 9a “Giltorpaq istehsalatı” yarımbölməsində qeyd olunan 2091100a-18559 kodlu təmirçi çilingərlər peşəsində, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu (texniki səhv olaraq 2000 qeyd olunmuşdur) il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nörməli qərarı ilə təsdiq edilmiş Siyahının 7.bölməsinin 29-cu “Giltorpaq istehsalatı” yarımbölməsində qeyd olunan təmirçi çilingərlər peşəsində işləmişdir. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 001-012 nömrəli arayışına əsasən iddiaçı 2005-ci ilin yanvar-iyul, sentyabr-dekabr ayları, 2006-2008-ci illərdə (bütün aylarda) və 2009-cu ilin yanvar-may aylarında əmək haqqı almışdır. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 001-034 nömrəli məktubu ilə arayışa əsasən iddiaçıya 1992-1994-cü illərdə (bütün aylarda), 1995 və 1996-cı illərin yanvar-oktyabr və dekabr ayları, 1997-ci ilin yanvar-noyabr, 1998-ci ilin yanvar-aprel, iyul, sentyabr-dekabr ayları, 1999-cu ilin iyul-dekabr ayları, 2000-2004-cü illərdə (bütün aylarda) əmək haqqı ödənilmişdir. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 001-038 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.1995-xx.xx.1995, xx.xx.1996-xx.xx.1996, xx.xx.1997-xx.xx.1997, xx.xx.1998xx.xx.1998, xx.xx.1998-xx.xx.1998, xx.xx.1999-xx.xx.1999-cu il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. -cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubla təqdim edilmiş iddiaçının pensiya işi materiallarında olan xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində tərtib edilmiş aktdan görünür ki, iddiaçı xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.2004xx.xx.2004-cü il və xx.xx.2009-xx.xx.2014-cü il tarixləri arasındakı dövrlər ərzində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olmuşdur. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.2017-ci ildə 57 yaşı tamam olmuşdur. İddiaçı zərərli - Giltorpaq istehsalı sahəsində təmirçi çilingər peşəsində işlədiyini, işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib, əvvəlki ərizəsində xx.xx.2019-cu il tarixdən, sonra dəqiqləşdirilmiş ərizəsində isə pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı və 12 il 06 ay güzətşli iş stajı toplamadığı və hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə 39.800,00 manat təşkil etməli olduğu halda, onun fərdi hesabının sığorta hissəsində 28.686,98 manat pensiya kapitalı qeydə alınmışdır. Cavabdeh eyni zamanda iddiaçının xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.2004xx.xx.2004-cü il və xx.xx.2009-xx.xx.2014-cü il ödənişsiz məzuniyyətdə olduğu dövrün onun ümumi stajına daxil edilməsinin qanunazidd olduğunu bildirir. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı ona xx.xx.2006-cı ilədək qüvvədə olmuş pensiya qanunvericiliyi əsasında hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Bu baxımdan hazırkı mübahisə xx.xx.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndində qeyd olunur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.20-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə - yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən sosial sığorta stajı müəyyən edilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində qeyd edilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. İstinad edilən qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajına və xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci il tarixədək xx.xx.1977-xx.xx.1978-ci illər üzrə 06 ay 01 gün, xx.xx.1978-xx.xx.1980-ci (hərbi xidmət) illər üzrə 02 il 02 gün, xx.xx.1980-xx.xx.1981-ci illər üzrə 06 ay, xx.xx.1981-xx.xx.1982-ci illər üzrə 04 ay 04 gün, xx.xx.1982-xx.xx.1982-ci illər üzrə 02 ay 01 gün, xx.xx.1982xx.xx.1992-ci illər üzrə 09 il 01 ay 15 gün sığorta stajı, cəmi 12 il 07 ay 23 gün sığorta stajı toplamışdır ki, həmin müddət cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Mübahisə edilən dövr edilən dövr xx.xx.1992-ci ildən sonrakı dövrdür. Həmin dövrlə bağlı məhkəmənin sorğusu əsasında "xxxx" ASC tərəfindən təqdim olunan əmək haqqı cədvəlləri barədə arayışlardan görünür ki, iddiaçı 1992-1994-cü illər üzrə 3 il, 1995-ci il üzrə 11 ay, 1996-cı il üzrə 11 ay, 1997-ci il üzrə 11 ay, 1998-ci il üzrə 09 ay, 1999-cu il üzrə 06 ay, 2000-2004-cü illər üzrə 05 il, 2005-ci il üzrə 11 ay təmirçi-çilingər vəzifəsində işləməklə, xx.xx.2006-cı il tarixədək 12 il 11 ay sığorta stajı toplamışdır. İddiaçının işlədiyi “təmirçi, təmirçi-çilingər” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda İX bölməsinin, 9a “Giltorpaq istehsalatı” yarımbölməsində qeyd olunan 2091100a-18559 kodlu təmirçi çilingərlər peşəsinin funksiyalarına uyğundur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə uyğunluğu müəyyənləşdirilərkən əmək kitabçasının müvafiq qeydləri ilə yanaşı, habelə həmin peşələrlə bağlı və iddiaçının yerinə yetirdiyi əmək funksiyalarının məzmununa dair iş yerindən arayışlar, habelə əmrlərdən çıxarışlar da nəzərə alınmalıdır. Bu baxımdan mübahisəyə dair işin müəyyən olunmuş hallarından iddiaçının işlədiyi peşə və vəzifələrin istinad olunan siyahılarda nəzərdə tutulmuş peşə və vəzifələrə uyğun olduğu görünür. Cavabdeh inzibati orqan həm imtinasında, həm də etirazlarında iddiaçının xx.xx.1994-xx.xx.1999-cu il, xx.xx.2004-xx.xx.2004-cü il tarixlərində haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı iddiaçının yalnız xx.xx.1995-xx.xx.1995, xx.xx.1996-xx.xx.1996, xx.xx.1997-xx.xx.1997, xx.xx.1998xx.xx.1998, xx.xx.1998-xx.xx.1998, xx.xx.1999-xx.xx.1999-cu il tarixlərdə ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Həmin müddət isə yuxarıdakı hesablamada nəzərə alınmamışdır. Cavabdehin istinad etdiyi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində tərtib edilmiş akta gəldikdə isə, həmin aktın əslinin və onun tərtib olunmasına əsas olmuş sənədlər həm cavabdehin nümayəndəsi və vəkili Vəkil, həm də Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi filialının nümayəndələrindən məhkəməyə təqdim olunması tələb edilmiş və bunun üçün onlara kifayət qədər müddət verilsə də, həmin sənədlər aşkar edilməmişdir. Bu səbəbdən, məhkəmə cavabdehin arqumentlərini əsassız hesab edir. Beləliklə, iddiaçının işlədiyi peşənin 2 nömrəli Siyahıda olması iş yerinin ətraflı arayışları ilə təsdiq olunduğundan, 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı mövcud olduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Cavabdehin imtinasından görünür ki, iddiaçının ilkin ərizəsi xx.xx.2020-ci il tarixdə daxil olmuş, iddiaçının həmin tarixdən əvvəl inzibati orqana müraciət etməsi işdə olan hər hansı sübutla təsdiq olunmamışdır Buna görə də, məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın ödənilməsinin əvvəlinin iddiaçının cavabdehə yeganə müraciəti olan 29 dekabr 2020-ci il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi ödənilməklə, pensiyanın hesablanmasının əvvəli 29 dekabr 2017-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməsinin əvvəlinin 29 dekabr 2017-ci il tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1191/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1191/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver