Məhkəmə qərarları › İş №2-1(114)-1191/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1191/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1191/2024 13.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və pul məbləğinin tutulmasının cavabdehə qadağan edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən əsassız tutulmuş 1059,90 manatın geri qaytarılması və yerdə qalan 3162,59 manat məbləğin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı övladları X3 və X4 görə ailə başçısının itirməyə görə xx.xx.2021-ci il tarixədək əmək pensiyası almış, sonradan ona telefonla məlumat göndərilərək bildirilmişdir ki, ailə başçısının ailə üzvlərinin (X3 və X6) xx.xx.2019cu il tarixində 23 yaşları tamam olmasına baxmayaraq, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək ödəniş aparılması səbəbindən 4222,49 manat artıq ödəmə müəyyən olunmuş, 4222,49 manat məbləğdən 1059,90 tutulmuşdur, yerdə qalan məbləğ isə onun tərəfindən geri qaytarmalıdır. Bu məlumatı əldə etdikdən sonra iddiaçı cavabdeh orqana dəfələrlə müraciət edərək, qeyd olunan ödənişin onun təqsiri ucbatından aparılmaması və əsassız tutulmuş məbləğin geri qaytarılmasını xahiş etmiş, lakin bu günədək bununla bağlı olaraq ona hər hansı cavab verilməmişdir. İddiaçı isə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “1059,90 manat məbləğin geri qaytarılması və 3162,59 manat məbləğin tutulmasının cavabdehə qadağan edilməsi” barədə iddia tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya artıq ödəmə olmuşdur, həmin məbləğ hissə-hissə onun pensiyasından tutulur. Ödənilmiş pulun iddiaçıdan tutulması barədə qərar mövcud deyil. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli etirazda qeyd olunmuşdur ki, "Əmək pesniyaları haqqında" Qanunun 12.1 maddəsinin xx.xx.2011-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2023-cü il tarixdən 420,71 manat çatdırılmışdır. Həmçinin, iddiaçının övladları X4 və X2 Qanunun 14-cü maddəsinin 2012-ci ildə qüvvədə olan redaksiyasının tələblərinə uyğun qaydada xx.xx.2012-ci il tarixdən ailə başçısını itirməyə əmək pensiyası təyin edilmişdir. İddiaçının övladları X6 və X3 xx.xx.2019-cu il tarixdə 23 yaşına çatmışdır. Lakin ailə başçısını itirməyə görə oğlu əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Hesab edirik ki, İddiaçı pensiyasından aparılan tutulmalar qanunauyğun olmuşdur. Belə ki, iş üzrə icraat materialları ilə müəyyən edilmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi xx.xx.2019-cu il tarixdə dayandırlmalı olduğu halda xx.xx.2021-ci il tarixədək davam etdirilmiş və nəticədə 4222,49 manat artıq ödəmə müəyyən olunmuş, qeyd olunan məbləğin 1059 manatı tutulmuş, 3162,59 manatı isə geri qaytarılmamışdır. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxsə mövcud qanunvericiliklə pensiya ödənişinin müddəti 23 yaşa çatanadək müəyyən edilmişdir. Hansı ki övladlarına təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının iddiaçının adına açılmış kart hesabına ödənilməsi və nəticədə övladlarının təhsilini başa vurduğunu bildiyi halda ödənişlərin davam etdirilməsindən xəbərdar olan şəxsin əldə etdiyi vəsaitin artıq ödəmə olduğunu bilməməsi həyatın normal axışında ağlabatan deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş İ-AZ 026313 nömrəli, xx.xx.1999-cu il tarixli « Doğum haqqında şəhadətnamə »dən görünür ki, X3 xx.xx.1998-ci il tarixdə anadan olmuş, ata qrafasında « X7 », ana qrafasında isə « İddiaçı » qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş İ-AZ 026314 nömrəli, xx.xx.1999-cu il tarixli « Doğum haqqında şəhadətnamə »dən görünür ki, X6 xx.xx.1998-ci il tarixdə anadan olmuş, ata qrafasında « X7 », ana qrafasında isə « İddiaçı » qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya "Əmək pesniyaları haqqında" Qanunun 12.1 maddəsinin xx.xx.2011-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, iddiaçının övladları X4 və X2 Qanunun 14-cü maddəsinin 2012-ci ildə qüvvədə olan redaksiyasının tələblərinə uyğun qaydada xx.xx.2012-ci il tarixdən ailə başçısını itirməyə əmək pensiyası təyin edilmişdir. İddiaçının övladları X6 və X3 xx.xx.2019-cu il tarixdə 23 yaşına çatmışdır. Lakin ailə başçısını itirməyə görə oğlu əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixədək davam etdirilmişdir. Cavabdeh hesab etmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi xx.xx.2019-cu il tarixdə dayandırlmalı olduğu halda xx.xx.2021-ci il tarixədək davam etdirilmiş və nəticədə 4222,49 manat artıq ödəmə müəyyən olunmuş, qeyd olunan məbləğin 1059 manatı iddiaçıdan tutulmuş, 3162,59 manatın isə ondan tutulmasının davam etdirilməsi nəzərdə tutulmuşdur. İddiaçı hazırki tələblə cavabdehin qeyd olunan hərəkətlərini mübahisələndirməklə pensiya ödənişindən tutulmuş məbləğin geri qaytarılması və pul məbləğinin tutulmasının cavabdehə qadağan edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.1. maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -4.1. maddəsinə əsasən, bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. -11.1. maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. -14.1. maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. Qeyd olunan normaların məzmununa və iş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçının övladlarına təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyası cavabdeh orqanın bu sahədə səlahiyyətli qurumu tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək iddiaçıya pensiya ödənişi aparılmış və bundan sonra ona müvafiq ödəniş edilmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli qurumun onun üçün müəyyən etdiyi statusa görə (ailə başçısını itirməyə görə) dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə (səhhəti, sosial durumu və s.) görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Hazırki işin hallarından göründüyü kimi cavabdeh orqan isə qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədən iddiaçının pensiyasına müvafiq məbləğdə tutma yönəltmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, iddiaçıya təyin edilmiş pensiya ödənişindən tutulmuş 1059,90 manat cavabdeh tərəfindən ona geri qaytarılmalı və 3162,59 manat məbləğin onun pensiyasından tutulması cavabdehə qadağan edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş pensiya ödənişindən tutulmuş 1059,90 manat məbləğində pulun ona geri qaytarılması və onun pensiyasına yönəldilmiş tutmanın dayandırılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar