Məhkəmə qərarları › İş №2-1(114)-1193/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1193/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1193/2024 25.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X14, X15, X6, X16, X17, X9, X10, X12, X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Gəncə şəhəri 6 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən mənzil X15 tərəfindən İddiaçı (bundan sonra mətndə - iddiaçı) satılmışdır. Müqavilə bağlanan zaman X7, X16, X17 mənzilin satılmasına etiraz etməmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Ümumi sahəsi 92,2 kv.m olan **********02-051101-093005 reyestr nömrəli daşınmaz əmlak üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 50,40 kv.m olan bir otaqlı, **********02- 05101-093004 reyestr nömrəli daşınmaz əmlak üzərində X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən iddiaçıya və Yazgül Həsənovaya məxsus əmlaklar ayrı-ayrı mənzillər olsa da, hər ikisinin ünvanı eynidir. Sözügedən ünvandakı bina birgə yaşayış binasıdır. İddiaçıya məxsus mənzilin ünvanı 2003-cü il qeydiyyat vəsiqəsinə əsasən, X4 məxsus mənzil isə məhkəmə qətnaməsi əsasında 2013-cü ildə qeydiyyata alınmışdır. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayış əsasında X14, X15, X6, X16, X17, X9, X10, X12, X2 onun mülkiyyətində olan mənzildə qeydiyyatda olduğunu bilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək ona məxsus olan mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-57/2-Q- 34603/11/23 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər X14, X13, X15, X6, X16, X17, X9, X10, X12, X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, evi alan zaman kirayəçi yaşamış, lakin hazırda usta təmir etdiyi üçün evdə heç kim yaşamır. Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2024-cü il tarixli məktubla məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X10 iddia tələbini qəbul etməmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, qeydiyyatda olduğu ünvan anasının evidir. İddiaçının evi ilə anasının adına olan ev eyni ünvandadır. Həmin ünvandakı evlər əvvəllər bir mülk olmuş, sonradan ev anası X11 ilə xalası X13 arasında bölünmüşdür. İddiaçının evi əvvəllər xalası X8 məxsus olmuşdur. Üçüncü şəxslər sırasında olan Baxşiyev soyadlı şəxslər onun ailə üzvləridir. Digər üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəfindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini **********02-051101-093005 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayış, cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-57/2- Q-34603/11/23 nömrəli imtinası, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsidiqinə dair notariat işinin təsdiqlənmiş surəti təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı qismən əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X15 tərəfindən iddiaçıya satılmış, müqavilə bağlanan zaman satıcının ailə üzvləri – X16, X17, X7 mənzildən qeydiyyatdan çıxmaq barədə öhdəlik götürmüşlər. Həmin şəxslərə münasibətdə məhkəmə hesab edir ki, həmin mənzili iddiaçıya satmaqla satıcı və mənzilə hüququ olan ailə üzvlərinin bütün hüquqlarına xitam verilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi X15, X16, X17, X2 mübahisəli mənzilə hüquqları mövcud deyil, işdə onların həmin mənzildə yaşamaları barədə sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə tələbin “X14, X6, X9, X10, X5 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində aşağıdakıları qeyd edir: Məhkəmə sorğusuna cavab olaraq verilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21- 3-33/2-0911/2024 nömrəli məktubuna əsasən iddiaçıya və Yazgül Həsənovaya məxsus əmlaklar ayrı-ayrı mənzillər olsa da, hər ikisinin ünvanı eynidir. Sözügedən ünvandakı bina birgə yaşayış binasıdır. İddiaçıya məxsus mənzilin ünvanı 2003-cü il qeydiyyat vəsiqəsinə əsasən, X4 məxsus mənzil isə məhkəmə qətnaməsi əsasında 2013-cü ildə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxslər X14, X6, X9, X10, X12 isə X4 məxsus mənzildə yaşamışlar. X1, X6, X9, X10, X12 iddiaçının mülkiyyətində olan evdə deyil, onunla ilə eyni ünvan göstəricilərinə malik başqa bir evdə qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə qeyd edir ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxslər ayrı-ayrı əmlakların mülkiyyətçiləri (üçüncü şəxslərin əmlaka dair gözlənilən mülkiyyət hüquqları yaranmış) olsalar da, eyni ünvan göstəricilərinə malikdirlər və onlar da məhz özünün mülkiyyətində və gözlənilən mülkiyyət hüquqları yarandığı daşınmaz əmlakın yerləşdiyi ünvan üzrə qeydiyyata alınmışdır, belə olan halda iddiaçı onunla bərabər statusda olan, fərqli daşınmaz əmlaklar olsa da, lakin eyni ünvan göstəricilərinə hüququ olan başqa bir şəxsin (və ya ailə üzvlərini) həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. X15, X16, X17, X2 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar