Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1193/2025 22.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı (bundan sonra məntdə - iddiaçı) xx.xx.1996-cı il tarixdə ********** VÖEN ilə 12 saylı Ərazi Vergi Baş İdarəsində (bundan sonra mətndə - cavabdeh) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. "xxxx" MMC ilə bağlanmış D05/2021 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçıya • 8 ədəd 28.320 manat dəyərində su qaldırıcı nasos ESV 10-65-110 satılmış, bu barədə xx.xx.2021-ci il tarixdə EBAY seriyalı, 245771 nömrəli elektron qaimə, xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. • 2.124 manat dəyərində 1 ədəd su qaldırıcı nasos ESV 6-10-110; 5.900 manat dəyərində 2 ədəd su qaldırıcı nasos ESV 8-25-150 satılmış, bu barədə xx.xx.2021ci il tarixdə EBAY seriyalı, 568898 nömrəli elektron qaimə, xx.xx.2021-ci il tarixdə təhvil-təslim aktı tərtib edilmişdir. • 1.906,88 manat dəyərində 202 kisə sement 600 marka; 3.540,00 manat dəyərində 20 ədəd dəmir list 12-lik; 138,06 manat dəyərində 13 ədəd rezba 114 mm; 368,16 manat dəyərində dəmir dirsək 114 mm; 1327,50 manat dəyərində 15 qab emulsiya mavi 25 kq; 1534,00 manat dəyərində 65 qutu boya mavi okeanus 2.51; 3.245 manat dəyərində 11 ədəd su sayğacı 100 mm; 472 manat dəyərində 2 ədəd su sayğacı 80 mm; 1.298 manat dəyərində 11 ədəd zadvişka 100 mm; 188,80 manat dəyərində 2 ədəd zadvişka 80 mm satılmış, bu barədə xx.xx.2021-ci il tarixdə EBAY seriyalı, 803254 nömrəli elektron qaimə, həmçinin təhvil-təslim aktı tərtib edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********176700 nömrəli qərarı ilə "xxxx" MMC (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərin siyahısına daxil edilmişdir. "xxxx" MMC ilə bağlanmış 23 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə iddiaçıya • 1 ədəd 7.100 manat dəyərində qazma baltası 295 mm; 900 ədəd 4.320 manat dəyərində uqolnik 50 mm satılmış, bu barədə xx.xx.2023-cü il tarixdə EBDE seriyalı, 228213 nömrəli elektron qaimə tərtib edilmişdir. • 71.977,36 manat dəyərində 998 metr **********-metal boru 168 mm satılmış, bu barədə xx.xx.2023-cü il tarixdə EBDG seriyalı, 485979 nömrəli elektron qaimə tərtib edilmişdir • 5.074 manat dəyərində 1 ədəd **********-qazma baltası 215,9 mm; 8.378 manat dəyərində 1 ədəd **********-qazma baltası 295 mm satılmış, bu barədə xx.xx.2023cü il tarixdə EBDM seriyalı, 697683 nömrəli elektron qaimə, həmçinin təhvil-təslim aktı tərtib edilmişdir. • 4.828,56 manat dəyərində 1860 kq **********-sinkləşdirilmiş məftil; 796,50 manat dəyərində 1.500 metr **********-Katinka 8 mm; 8.496 manat dəyərində 1500 metr 722111100-Uqolnik 50 mm satılmış, bu barədə xx.xx.2023-cü il tarixdə EBDN seriyalı, 806019 nömrəli elektron qaimə, həmçinin təhvil-təslim aktı da tərtib edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********498200 nömrəli qərarı ilə "xxxx" MMC (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərin siyahısına daxil edilmişdir. "xxxx" MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə iddiaçıya • 1.998 manat ƏDV olmaqla, 13.098,00 manat dəyərində 300 metr **********- metal boru 168 mm; 900 manat ƏDV olmaqla, 5.900,00 manat dəyərində 2 ədəd **********-Qazma baltası satılmış, bu barədə xx.xx.2023-cü il tarixdə EBDA seriyalı, 859869 nömrəli elektron qaimə tərtib edilmişdir. • 2.322 manat ƏDV olmaqla, 15.222,00 manat dəyərində 3 ədəd **********- Qazma baltası 215,9 mm; 3.834 ƏDV olmaqla, 25.134,00 manat dəyərində 3 ədəd **********-Qazma baltası 295 mm; 5.904 manat ƏDV olmaqla, 38.704 manat dəyərində 2000 ədəd **********-Qazma baltası 394 mm satılmış, bu barədə xx.xx.2023-cü il tarixdə EBDC seriyalı, 222023 nömrəli elektron qaimə tərtib edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********342800 nömrəli qərarı ilə "xxxx" MMC (VÖEN:**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyicilərin siyahısına daxil edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya məktub ünvanlayaraq müvafiq dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi, geniş izahat məktubu və məktuba əlavə edilmiş təsdiqedici sənədləri 5 iş günü ərzində vergi orqanına təqdim olunmasını tələb etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, uyğunsuzluqda qeyd edilən qaimələr üzrə əvəzləşdirilən ƏDV məbləği kameral vergi hesablama ilə əvəzləşmədən silinən qədər olmamışdır. Həmin qaimələr əvəzləşdirilən məbləğ 30.000 manat olmasına baxmayaraq silinən əvəzləşmə 48.000 manatdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarı ilə kameral vergi yoxlaması nəticəsində Mart 2024 dövrü üzrə 30563.60 manat ƏDV hesablanmış, 18.143,60 manat əlavə dəyər vergisinin azaldılması müəyyən edilmişdir. Qərar cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 17:47:54-də imzalanmış, iddiaçı tərəfindən xx.xx.2024 tarixdə, saat 15:20:08-də oxunmuşdur. İddiaçı cavabdehə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarı ilə iddiaçıya 30.563 manat əlavə vergi məbləği hesablanmışdır. Verginin hesablanmasına əsas isə iddiaçının riskli vergi ödəyiciləri ilə əməliyyat aparması əsas göstərilmişdir. “EKOS TRADE" X4 ilə əməliyyatlar EBDA seriyalı, 859869 nömrəli və xx.xx.2023-cü il tarixli və EBDC seriyalı, 222023 nömrəli və xx.xx.2023cü il tarixli elektron qaimələr ilə aparılmışdır. “EKOS TRADE" MMC əməliyyatlar aparılan dövrdə riskli vergi ödəyicisi olmamışdır. Vergi məlumat bazasına əsasən “EKOS TRADE" MMC (VÖEN: **********) xx.xx.2024 tarixdə riskli vergi ödəyicisi olmuşdur. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – Nazirlər Kabinetinin təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini Nazirlər Kabineti müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilir. Vergi Məcəlləsinin müvafiq maddəsindən aydın olur ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi üçün vergi ödəyicisinin həyata keçirdiyi əməliyyatlar Nazirlər Kabineti tərəfindən təsdiq edilən Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarında nəzərdə tutulmuş əməliyyatlar olmalı və vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə Dövlət Vergi Xidmətinin qərarı olmalıdır. İddiaçı barəsində qəbul edilmiş qərar onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş “EKOS TRADE" X3 ilə aparılan alqı-satqı əməliyyatlarının yekunu olaraq ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilən elektron qaimə-fakturaların qəbul edilməməsi nəticəsində çıxarılmışdır. Halbuki, alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və bu səbəbdən iddiaçı bu barədə məlumatlı olmamışdır. Məhz buna görədə vergi orqanının 2024-cü ildən əvvəlki dövrlərə oxşar qərar qəbul etməsi qanunvericiliyin və Ali Məhkəmənin analoji işlər üzrə vahid məhkəmə təcrübəsinə ziddir. 1 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş Vergi Məcəlləsinə olan dəyişikliklərə əsasən, təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, habelə iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər əldə etmək vergi ödəyicisinin vəzifəsi olaraq, həmin məlumatları vergi orqanlarında tələb etmək isə hüququ olaraq təsbit edildiyi üçün izah verilən məsələ 2024-cü ildən əvvəlki hesabat dövrlərinə şamil edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, alqı-satqı müqaviləsi bağlayarkən həmin müəssisələrin riskli vergi ödəyicisi olması barədə məlumatı olmamışdır.. Cavabdeh məhkəməyə təqdim etdiyi **********657300 nömrəli etirazında bildirmişdir ki, İddiaçınə (VÖEN: **********) 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Bu qərarla iddiaçıya 2024-cü ilin mart ayı üçün 30563.60 manat ƏDV hesablanmışdır. ƏDV məbləğinin hesablanmasına əsas vergi ödəyicisinin əvəzləşdirilmiş elektron qaimə-faktura üzrə aparılan əməliyyatları riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi üçün əvəzləşdirilmədən çıxarılması olmuşdur. Belə ki, iddiaçı 2021-2024-cü illər ərzində "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə əməliyyatlar aparmış və onlardan e-qaimə əsasında müxtəlif mallar almışdır. Lakin qeyd olunan müəssisələr riskli vergi ödəyicisi hesab olunduğundan onlarla aparılan əməliyyatları ilə bağlı əvəzləşmələri qəbul olunmamışdır. "xxxx" MMC (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması haqqında” xx.xx.2021-ci il tarixli **********176700 nömrəli qərar əsasında riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Onun riskli vergi ödəyicisi hesab olunmasına səbəb və əsas xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin e-qaimə ilə satışında 24.0 m.m ( ƏDV-si 4.3 m.m) dəyərində su qaldırıcı nasos satışı qeyd olunmuşdur. Lakin vergi ödəyicisinin idxalı və alışında su qaldırıcı nasos aşkar edilməmişdir. Beləliklə, əldə olunmamış malların satışı riskli hesab edilir. Həmçinin "xxxx" MMC tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması haqqında” xx.xx.2021-ci il tarixli **********176700 nömrəli qərar mübahisələndirilməmiş və həmin qərar hal-hazırda qüvvədədir. "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsinə əsas olmuş e-qaimə isə İddiaçınə verilən qaimədir. Belə ki, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 245771 nömrəli e-qaimə əsasında İddiaçı "xxxx" MMC-dən dəyəri 24000 manat, ƏDV-si 4300 manat olan su nasosu almışdır və bu əməliyyata görə "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Riskin başlanma tarixi xx.xx.2021-ci il tarix hesab olunur və daha sonrakı EBAY seriyalı 568898 nömrəli eqaimə ilə də rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli əməliyyatı da su nasosunun satışı ilə bağlı olmuşdur. Vergi ödəyicisinin vergi orqanında qeydiyyata alındığı xx.xx.2020-ci il tarixdən 2021-ci ilin aprel ayına qədər olan dövr ərzində alışı və idxalı araşdırılmış, lakin hər hansı məlumat aşkar edilməmişdir. Vergi ödəyicisinin alışında və idxalında hər hansı mal aşkar olunmamasına baxmayaraq o, İddiaçınə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində su nasosu, su sayğacı və digər növ tikinti materialları təqdim etmişdir. İddiaçı ilə "xxxx" MMC arasında aparılmış əməliyyatlar xx.xx.2021-ci il tarixli EBAY seriyalı 245771 nömrəli, xx.xx.2021-ci il tarixli EBAY seriyalı 568898 nömrəli və xx.xx.2021-ci il tarixli EBAY seriyalı 803254 nömrəli qaimlərlə rəsmiləşdirilmiş və "xxxx" MMC tərəfindən İddiaçınə müvafiq olaraq ilk iki qaimə üzrə su nasosları, sonuncu xx.xx.2021-ci il tarixli EBAY seriyalı 568898 nömrəli qaimə üzrə isə boya, emulsiya, rezba və s. kimi məhsullar təqdim edilmişdir. Göründüyü kimi, "xxxx" MMC ilə əməliyyatları əldə olunmamış malların satışı ilə bağlı olduğundan İddiaçı həmin əməliyyatlarla bağlı əvəzləşmələri qəbul edilməmişdir. "xxxx" MMC (VÖEN: **********) “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması haqqında” xx.xx.2024-cü il tarixli **********498200 nömrəli qərar əsasında riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Onun riskli vergi ödəyicisi olmasına səbəb və əsas 26.04-xx.xx.2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi ******* manat dəyərində " lampa, alçıpan, otsep və s." təqdim edilmiş və həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. Belə ki, araşdırma zamanı “Molater Es" MMCnin ünvan 1 ünvanında “Anbar” adı qeydiyyatda olan obyektində xx.xx.2023-cü il tarixdə vergi orqanında **********-18001 kodla qeydiyyata alınmış təsərrüfat subyektində (əsas sahəsi 30 kv m, yardımçı sahəsi 0 kv m) faktiki fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Vergi ödəyicisi ilə əlaqə yaratmaq qeyri-mümkün olduğundan, icarədar "xxxx" ASC-nin mühasibi ilə müşahidə keçirilib. İcarədarın nümayəndəsi ASC-nin ərazisində olan 2-ci mərtəbəsində yerləşən DVP material ilə bölünmüş qapısı bağlı sahəni göstərərək, obyektin həmin hissəsini icarə müqaviləsi əsasında “Molater Es" MMC-yə icarə verildiyini bildirib. Həmin anbarın fotoşəkilləri qoşmada təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-6142/2024 nömrəli qərarı əsasında iddiaçı "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli, **********498200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-6142/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “cavabdeh tərəfindən məhkəməyə elektron daşıyıcıda təqdim edilmiş 2023-cü ilin aprel-sentyabr ayları üzrə iddiaçı tərəfindən aparılmış əməliyyatlarla bağlı “malların (işlərin)” təqdim edilməsi haqqında cədvəldən görünür ki, iddiaçı tərəfindən müxtəlif şirkətlərdən qaimələr əsasında mallar alınmışdır. Bunlardan bir qismi tikinti materialı və bununla bağlı mallar olmuşdur ki, həmin malların böyük sahə tutması səbəbindən saxlanmaları üçün geniş sahəsi olan anbara ehtiyac vardır. Eyni zamanda iddiaçıya məxsus olan yeganə anbar ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir ki, həmin qeyri-yaşayış sahəsinin məhkəməyə təqdim edilmiş fotoşəkillərindən qeyri-yaşayış sahəsinin çox kiçik sahəni əhatə etdiyi və iddiaçının apardığı əməliyyatlar əsasında alışında müəyyən olunan malların orada saxlanması mümkün deyildir.” "xxxx" MMC ilə İddiaçı arasında əməliyyatlar xx.xx.2023xx.xx.2023-cü il tarixində həyata keçirilmiş və EBDE seriyalı 228213 nömrəli, EBDG seriyalı 485979 nömrəli, EBDM seriyalı 697683 nömrəli, EBDG seriyalı 485979 nömrəli eqaimələrlə rəsmiləşdirilmişdir. Lakin tərəflər arasında baş tutan əməliyyatlar əmtəəsiz əməliyyatlar olduğundan onlar əvəzləşməyə əsas vermir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 etirazda qeyd olunanları müdafiə etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisələndirilən qərar kameral vergi yoxlaması əsasında qəbul olunduğu üçün yerində yoxlama olmamışdır. İddiaçının hər üç müəssisə ilə apardığı əməliyyatlar Vergi Məcəlləsinin 175.10-cu maddəsinin təsiri altına düşür. Həmin normanın tələbinə görə riskli əməliyyatlar çərçivəsində aparılırsa, əvəzləşdirilmədən çıxarılmalıdır. Həmin maddənin tələblərinə əsasən baxış keçirilməsinə ehtiyac yoxdur. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə riayət edilmişdir. Belə ki, mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarı iddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə oxumuş, xx.xx.2024-cü il tarixdə mübahisələndirmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıqaşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarı mübahisələndirilir. Həmin qərar ilə iddiaçının 2024-cü ilin mart ayı üçün təqdim edilmiş ƏDV hesabatına 30.563,60 manat ƏDV hesablanmış, 18.143,60 manat əlavə dəyər vergisinin azaldılması müəyyən edilmişdir. ƏDV məbləğinin hesablanmasına əsas iddiaçının 2021-2024-cü illərdə riskli vergi ödəyiciləri ilə aparmış olduğu əməliyyatlardır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin normanın məzmunundan da göründüyü kimi, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Hazırkı mübahisənin faktiki hallarından görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə, "xxxx" MMC isə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarlarla riskli vergi ödəyicisi hesab olunmuşdur. İddiaçı isə həmin müəssisələrlə bağladığı müqavilələr əsasında "xxxx" MMC üzrə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə, "xxxx" MMC ilə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə, "xxxx" MMC il isə xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə elektron qaimə tərtib etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən müvafiq alğı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bu halı mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə-fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Bundan əlavə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********176700 nömrəli qərarı ilə "xxxx" MMC (VÖEN:**********) riskli vergi ödəyicisi hesab olunaraq riskli vergi ödəyicilərin siyahısına daxil edilməsinə baxmayaraq cavabdeh yalnız 2024-cü ildə aparılmış kameral vergi yoxlaması nəticəsində bu məsələyə münasibət bildirmişdir. Eyni zamanda,cavabdeh öz etirazında qərarın qəbulunun əsası kimi iddiaçının yuxarıda adları sadalan vergi ödəyiciləri ilə aparılmış əməliyyatların əmtəəsiz olduğunu göstərmişdir. Qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Qanunvericilik “əmtəəsiz əməliyyat” termininə Məcəllədə hüquqi izah versə də, (əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar), “riskli əməliyyatlar” termininə Məcəllədə aydınlıq gətirilməmişdir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3-cü bəndi riskli əməliyyatları aşağıdakı kimi təsbit etmişdir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan başqa, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd edildiyi kimi, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Həmçinin, Məcəllənin 13.2.81-ci maddəsi əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Məhkəmə onu da qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmə inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmamalıdır. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Məhkəmə xüsusi olaraq vurğulayır ki, hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan malların alınmasını qadağan edən də hər hansı imperativ norma mövcud deyildir. Sonda məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı iddiaçıya Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən ƏDV hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxsin (mal aldığı şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Beləliklə, yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” cavabdehin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarı əsaslı sayıla bilməz. Qeyd olunmalıdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(102)-2208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2233/2023 nömrəli xx.xx.2024cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-64/2024 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-305/2024 nömrəli xx.xx.2024-ci il tarixli 2-1(102)- 1644/2024 nömrəli, 2-1(102)-480/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarında da oxşar mövqe əks etdirilmişdir. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 12 saylı Vergilər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin olunsun. 12 saylı Ərazi Vergilər Baş İdarəsi 12 saylı Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********408900 nömrəli qərarı ləğv olunsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1193/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1193/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver