Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1195/2021 11.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət keçərkən döyüş zonasında yaralanmasına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 1995-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuş, xidmət keçdiyi müddətdə Füzuli rayonu ərazisində ermənilər tərəfindən sol dirsək nahiyəsindən snayper gülləsindən yaralanmışdır. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən müharibə veteranları üçün nəzərdə tutulmuş bütün imtiyaz və güzəştlərdən istifadə etmək hüququna malik olmuş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi 21.04.2021-ci il tarixli 1/M-9934 nömrəli məktubla ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Ona görə də ona «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, 10.04.1998-ci il tarixdə N saylı hərbi hissədə postda öz xidməti vəzifələrinin icrası zamanı düşmən snayperinin açdığı atəş nəticəsində sol dirsək nahiyəsini dəlib keçən güllə yarası almışdır. Ona görə də izahatında göstərdiklərini əsas götürərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, iddiaçı 10.04.1998-ci il tarixdə N saylı hərbi hissədə postda öz xidməti vəzifələrinin icrası zamanı düşmən snayperinin açdığı atəş nəticəsində sol dirsək nahiyəsini dəlib keçən güllə yarası almışdır. Lakin onun xidmət dövrü müharibədən sonrakı, yəni atəşkəs dövrünü əhatə etdiyindən və postda xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı qərarında göstərildiyi qaydada döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı bilavasitə döyüş əməliyyatlarında iştirakı zamanı alınmış xəsarət olmadığından iddiaçının iddia tələbi əsassızdır. Ona görə də İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsinə dair iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 10.10.1995-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet, EPİKRİZ, Mərkəzi Hərbi Həkim Komissiyasının 25.05.2012-ci il tarixli 322 nömrəli qərarı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 29.01.2021-ci il tarixli M-119 nömrəli arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 14.01.2021-ci il tarixli 9/2-198 nömrəli Arxiv Arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 21.04.2021-ci il tarixli 1/M-9934 nömrəli imtina məktubu və cavabdehin 28.07.2021-ci il tarixli 11/3618 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 21.04.2021-ci il tarixli 1/M-9934 nömrəli məktubunda göstərilir ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 17.03.2021-ci il tarixli iclasında baxılmış və 759 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 14.01.2021-ci il tarixli 9/2-198 nömrəli Arxiv Arayışından görünür ki, Bərdə RHKdan təcili hərbi xidmətə çağırılmış, kursant İddiaçı Tapdıq oğlu N nömrəli hərbi hissə komandirinin 11.10.1995-ci il tarixli 246 nömrəli əmrilə bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin 02.10.1997-ci il tarixli 275 nömrəli əmrilə sıravi İddiaçı Tapdıq oğlu şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, Bərdə RHK-nın çağırışçısı, 1977-ci il təvəllüdlü, sıravi İddiaçı Tapdıq oğlu N nömrəli hərbi hissə komandirinin 04.10.1997-ci il tarixli 259 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Müdafiə Nazirinin 22.06.1998-ci il tarixli müvafiq əmrinə əsasən Bərdə RHK-nın çağırışçısı, 1977-ci il təvəllüdlü, sıravi İddiaçı Tapdıq oğlu ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin 10.07.1998ci il tarixli 186 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Bərdə RHK-nın sərəncamına göndərilmişdir. İş materiallarına əlavə edilmiş epikrizdən görünür ki, N saylı hərbi hissənin sıravisi İddiaçı Tapdıq oğlu MHH-in İİ travmatologiya şöbəsində 17.04.98-19.05.98-ci il tarixə kimi sol dirsək oynağını dəlib keçən güllə yarası bazunun distal başının oynaqdaxili sınığı diaqnozu ilə müraciət olunub. (17.04.98) yaranın təkrari cərrahi işlənməsi olub. Yara ikincili birləşmə ilə sağalaraq dərman maddələrindən anti biofiklər ağrıkəsicilər istifadə olunub. Fizioterapiya müalicələr olub. Qanın və stoliydn analizləri normadadır (10.05.98). Kafi vəziyyətdə qospitaldan yazılır. 13 may 1998-ci il tarixdə H.H.Komissiyasına keçidi Müdafiə Nazirliyinin 30.1997-ci il tarixli əmrinin 86-cı maddəsinin İİ bəndinə görə 30 (otuz) sutka məzuniyyət verildi. Xəstə öz hərbi hissəsinə göndərildi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25.05.2012-ci il tarixli 322 nömrəli qərarında göstərilmişdir ki, Bərdə RHK tərəfindən 1995ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Tapdıq oğlu hərbi xidmət dövründə 10.04.1998-ci ildə aldığı və 17.04.1998-ci ildən 19.05.1998-ci ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: «Sol dirsək oynağının dəlib keçən güllə yarası, bazunun distal başının oynaqdaxili sınığı» (Bərdə rayon şöbəsinin 10.05.2012-ci il tarixli 4/304 nömrəli göndərişi, «10.05.2012-ci il tarixli 193 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş 19.05.1998-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisicərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir)», «YARALANMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 29.01.2021-ci il tarixli M-119 nömrəli arayışından görünür ki, xx.xx.1977-ci il tarixdə Azərbaycan Respublikası, Bərdə rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkəmə yuxarıda sadalanan faktları tədqiq edərək hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Yuxarıda göstərilən normanın tələbinə görə, müharibə veteranı adı 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara verilir. Göründüyü kimi, qanunvericiliklə müharibə veteranı adı verilən şəxslərin dairəsi imperativ olaraq qeyd edildiyindən, 1994-cü il 12 may tarixindən sonra xidmət keçmiş iddiaçının isə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən olunmadığından, o, yuxarıda istinad edilən Əsasnamədə nəzərdə tutulan şəxslərin dairəsinə aid edilmir. Belə olan halda, iddiaçının cavabdehə qarşı hazırkı məzmunda tələbi təmin oluna bilməz. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının aldığı xəsarət döyüş tapşırığının icrası ilə bağlı olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1195/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1195/2021
11.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver