Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1195/2022 11.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bərdə Mənzil Təmir İstismar sahəsi, Bərdə Rayon İcra Hakimiyyəti) mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1989-cu ildən ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanda yerləşən 2 otaqlı mənzildə yaşayır. Mənzilin bütün kommunal xərcləri onun tərəfindən ödənilir. Qeyd olunan mənzili alan zaman onun adına order verilmişdir, lakin sonradan həmin order naməlum səbəblərdən itmişdir. Bununla bağlı X3 filialına müraciət etmiş, orderin arxivdə tapılmaması barədə arayış verilmişdir. Dövlət Arxivində orderin kötüyü tapılmadığı üçün iddiaçı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət edərək həmin mənzilin orderinin yenidən ona verilməsini xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. Məhkəmə qaydasında da bu məsələ müsbət həll edilməmişdir. Bundan sönra həmin mənzilin onun adına qeydə alınması üçün cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mənzilə dair order Bərdə pambıq zavodu tərəfindən verilmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən mənzilə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir, bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Bərdə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 439 nömrəli arayışından görünür ki, Bərdə şəhəri, Təbriz küçəsində yerləşən 55 nömrəli 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 7 nömrəli mənzil 2 otaqlı, yaşayış sahəsi 30.3 kv.mdən ibarət olmaqla Bərdə Mənzil Təmir İstismar Sahəsinin balansındadır, mənzilin əsas kirayəçisi İddiaçıdur və o, 6 nəfər ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. -DƏDRX-nin 7 saylı Bərə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. İş materialları ilə müəyyən olunur ki, iddiaçı sözügedən mənzilin order əsasında ona verilməsini əsas gətirərək, mənzilin onun adına qeydə alınmasını tələb etsə də cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:- -146.3-cü maddəsinə əsasən bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. -146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2009-cu il tarixli 153 nömrəli Fərmanının 26 avqust 2019-cu il tarixli 818 nömrəli Fərmanla 2.1-ci bəndə edilmiş dəyişikliyə görə Mənzil Məcəlləsinin 146.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti həyata keçirir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunur ki, iddiaçı mənzilin müvafiq qurum tərəfindən order əsasında ona verilməsini iddia etsə də bunu təsdiq edən, eyni zamanda qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri həcmində hər hansı sübut təqdim edə bilmədi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1195/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1195/2022
11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver