Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1196/2023 02.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı Sviridyuk (Kiçka) Tatyana Stepanovnanın vəkili X3, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sviridyuk (Kiçka) Tatyana Stepanovnanın Cavabdehnə qarşı “Nikah haqqında” təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Sviridyuk (Kiçka) Tatyana Stepanovna Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1962-ci il tarixdə Ukraynanın Volın vilayətinin Kamen Kaşirskiy rayonunun Mostışe kəndində anadan olmuş Sviridyuk (nikahdan əvvəlki soyadı: Kiçka) Tatyana Stepanovnanın - nikahının xx.xx.1983-cü il tarixdə Ukrayna Respublikasının Volın vilayətinin Kamen Kaşirskiy rayonunun İcraiyyə Komitəsinin VVAQ şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən nikah haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan/vətəndaşlıq vəziyyəti akt qeydlərinin nüsxələrini saxlayan müvafiq qurumundan alınması üçün Ukrayna Respublikasının həmin qurumuna sorğu göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 21 03.1962-с11 tarixdə Ukraynanın Volın vilayətinin Kamen Kaşirskiy rayonunun Mostşe kəndində anadan olmuşdur. 1962-ci ildə Ukraynanın Volin vilayətinin Kamen Kaşirskiy rayonunun Melniki-Mostişe kənd nümayəndəliyi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X18 Ulyanovna 1934-cü ildə Ukraynanın Volın vilayətinin Kamen Kaşirskiy rayonunun Mostışe kəndində anadan olmuşdur. Anası Ukrayna SSR-nin vətəndaşı olmu, 1978-ci ildə Ukraynanın Volın vilayətinin Kamen Kaşirskiy rayonunun Mostışe kəndində vəfat etmişdir. X17 Adamoviç 1932-ci ildə Ukraynanın Volın vilayətinin Kamen Kaşirskiy rayonunun Mostışe kəndində anadan olmuşdur. Atası Ukrayna Respublikasının vətəndaşı olmuş, 2005-ci ildə Ukraynanın Volin vilayətinin Kamen Kaşirskiy rayonunun Mostışe kəndində vəfat etmişdir. 1969-cu ildə Volın vilayətinin Kamen Kaşirskiy rayonunun Mostışe kənd orta məktəbinin birinci sinfinə getmiş, 1977-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmiş, sonra təhsilini Ternopol vilayətinin Buçaç şəhərindəki Peşə məktəblərindən birində davam etdirmiş və 1977-ci ildən 1981-ci ilə kimi “telefonçu” ixtisası üzrə orada təhsil almışdır. 1978-ci ildə 16 yaşının tamam olması ilə əlaqədar ilk dəfə Ukraynanın Volın vilayətinin Kamen Kaşirskiy rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən SSRİ nümunəli pasportla təmin edilmişdir. xx.xx.1983-cü il tarixdə Ukraynada anadan olmuş X8 nikaha daxil olmuşdur. Onların nikahları Volın vilayətinin Kamen Kaşirskiy rayonunun İcraiyyə Komitəsinin VVAQ şöbəsi tərəfindən qeydə alınmış, bu barədə SSRİ nümunəli pasportunun 11-ci səhifəsində qeyd aparılmışdır. Nikaha daxil olduqdan sonra ona ərinin soyadına uyğun olaraq “Sviridyuk” soyadı verilmişdir. Həmin nikahdan 3 övladları xx.xx.1984-cü il tarixdə X9, xx.xx.1986-cı il tarixdə X2, xx.xx.1993-cü il tarixdə X5 doğulmuşdur. Nikaha daxil olduqdan sonra xx.xx.1984-cü il tarixdə Ukraynanın Volin vilayətinin Kamen Kaşirskiy rayon İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən İV-EQ (ET) seriyalı, 614505 nömrəli SSRİ nümunəli yeni pasportla təmin edilmişdir. 1997-ci ildə işləmək üçün kiçik qızı X5 ilə Rusiya Federasiyasının Lipetsk vilayətinin Qryazi şəhərinə getmiş, orada Azərbaycan Respublikasının vətəndaşı X6 ilə tanış olmuş və elə həmin ildə də qızı ilə birlikdə Azərbaycana gəlmişdir. Azərbaycana gəldiyi vaxtdan Tərtər rayonunun Qazyan kəndində yaşayır. X6 ilə birgə münasibətlərindən Tərtər rayonunun Qazyan kəndində xx.xx.1998-ci ildə bir oğlu (X4) doğulmuşdur, Mustafayev Təvəkgüllə nikaha daxil olmamışdır. Azərbaycana gələndə Ukrayna dövləti tərəfindən verilmiş SSRİ nümunəli pasportla gəlmiş, doğum haqqında şəhadətnaməni və nikah haqqında şəhadətnaməni Azərbaycana gəldiyi zaman özü ilə gətirməmişdir. O, 1997-ci ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da, qeydiyyatsız yaşadığı üçün Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmişdir. 2005-ci ildə isə SSRİ nümunəli pasportlar Azərbaycanda qüvvədən düşdükdən sonra o heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmədiyi üçün vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşmüşdür. Bu səbəbdən də o BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq halında olan şəxs kimi himayəyə götürülmüşdür. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdehnə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq təqdim edilməsini təmin etmələrini xahiş etmiş, lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra o doğum haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq təqdim edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi tələbi ilə xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(83)-510/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə iddiası təmin edilmişdir. Artıq onun 60 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması onun bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə o hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Belə ki, o şəxsiyyəti təsdiq edən sənədi olmayan apatrid - vətəndaşlığı olmayan şəxs kimi işləmək, əmlaka sahib olmaq, başqa yerə getmək imkanından, sosial müdafiədən, dövlət xidmətlərinə çıxışdan və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli arayışından görünür ki, o Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Hazırda onun şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı üçün doğum haqqında şəhadətnamə ilə yanaşı nikah haqqında şəhadətnamənin də təqdim olunması tələb olunur. Bu səbəbdən də onun nikah haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün Ukrayna Respublikasına gedib həmin sənədi ala bilmir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli, 05/15-604/76 nömrəli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının vəkili X10 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə təkrar doğum haqqında şəhadətnamənin istənilməsi ilə bağlı ərizənin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş SSSR nümunəli İV-EQ seriyalı 614505 nömrəli pasportundan məlum olur ki, Sviridyuk (Kiçka) X11 vətəndaşı olmaqla 1962-ci ildə Ukraynanın Volin vilayətinin Kamen Kaşirskiy rayonunun Melniki-Mostişe kəndində anadan olmuşdur. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2019-cu il tarixdə təkrar verilmiş İ-EГ seriyalı 295388 nömrəli “doğum haqqında şəhadətnamə”dən görünür ki, X15 xx.xx.1962-ci il tarixdə Ukrayna, Volin vilayəti, Kamen Kaşirskiy rayonu, Mostişe kəndində anadan olmuşdur. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Sviridyuk (Kiçka) Tatyana Stepanovnanın Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, K/781 nömrəli arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan İddiaçı (himayə sənədi № ***-*******7) Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ünvan 1i ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə, xx.xx.1962-ci ildə anadan olmuş Sviridyuk (Kiçka) Tatyana Stepanovnaya verilmiş və xx.xx.2023-cü il tarixədək etibarlı olan himayə sənədində adı çəkilən şəxsin BMT QAK-ın mandatı altında olan şəxs olması, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin hökümət orqanlarından adı çəkilən şəxsin Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaradılmasını və məcburi geri qaytarılmasının qarşısının alınmasını xahiş etdiyi və sənədin surətinin Daxili İşlər Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə göndərilməsi qeyd edilmişdir. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/15-604/76 nömrəli məktubundan görünür ki, Sviridyuk (Kiçka) Tatyana Stepanovnanın şəxsiyyətini təsdiq edən sənədi olmadığına görə təkrar nikah haqqında şəhadətnamənin istənilməsi ilə bağlı ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinin ikinci bəndinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. -4-cü maddəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. Üçüncü bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. -5-ci maddəsinin 8-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və onlar üçün müəyyən olunmuş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasını tərk etməlidirlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin:- -3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. -21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). -21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. -6-cı maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikası dövlət orqanı tərəfindən qəbul edilmişdir. Digər tərəfdən iddiaçı Azərbaycan Respublikasına gəldiyi zaman qanuni əsaslarla, yəni ona məxsus SSSR nümunəli pasportla gəlmiş, həmin sənəd sonradan baş vermiş dəyişikliklər əsasında qüvvəsini itirmişdir. Lakin hər bir halda bu cür dəyişiklik şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç bir ayrı seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsinin 1. bəndinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Lakin hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli himayə sənədi əsasında şəxsin müraciəti təmin edilməlidir. Bele ki, qeyd edildiyi kimi, iddiaçı ona məxsus sənədlərlə vətəndaşı olduğu ölkəyə qayıda bilmir və lazımı sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında onun vətəndaşlığı olmayan şəxs kimi statusunu tanımış və ünvan 1i ünvanı üzrə qeydiyyata almışdır. Məhkəmə bu halda hesab edir ki, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1983-cü ildə Ukraynanın Volin vilayətinin Kamen Kaşirskiy rayonunun VVAQ şöbəsi tərəfindən nikahın qeydiyyata alınmasını təsdiq edən nikah haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sviridyuk (Kiçka) Tatyana Stepanovnanın xx.xx.1983-cü ildə Ukraynanın Volin vilayətinin Kamen Kaşirskiy rayonunun VVAQ şöbəsi tərəfindən nikah faktının qeydiyyata alınmasını təsdiq edən “nikah haqqında” təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1196/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1196/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver