Məhkəmə qərarları › İş №2-1(114)-1197/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1197/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1197/2023 05.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs) qərarın ləğvi və əlilliyin müddətsiz təyin edilməsi tələbinə dair işə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərarının ləğv edilməsi və ona ömürlük olaraq 02 aprel 2021-ci il tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 02 aprel 2016-cı il tarixdə "Ü, İ, X, gərginlik stenokardiyası 3f.s. infarktdan sonrakı kardioskleroz, Aorta və tac aterosklerozu, Erkən əmələ gəlmiş infarkt stenokardiyası, Arterial hipertenziya orta ağırlığında. Dislipidieniya, Döş qəfəsinin anomaliyası" diaqnozu ilə təkrar müayinə nəticəsində ikinci dərəcəli əlillik təyin edilmişdir. İkinci dərəcəli əlillik təyin edilməsi üçün "Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişiklər qan dövranının davamlı olaraq ikinciüçüncü dərəcəli çatışmamazlığı" əsas meyar kimi götürülmüşdür. Növbəti müayinə tarixi 02 aprel 2021-ci ilə təyin edilmişdir. 26 avqust 2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatda əlillik imkanlarının müəyyən edilməsindən imtina edilmişdir. Baxmayaraq ki, növbəti müayinə vaxtı yəni, 02 aprel 2021ci il tarixədək lazım olan sənədləri iddiaçı təqdim etmişdir. Təəssüf ki, düz bir il dörd ay sonra barəsində ədalətsiz qərar qəbul edilərək pensiya hüququ pozulmuşdur. Keçdiyi bütün müayinələrin nəticəsi ömürlük əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün bütün meyarlar mövcuddur. Etirazına cavab olaraq yenidən sənədlər toplusunu Tibbi-Sosial Ekspert Komissiyasına təqdim olunduqdan sonra komissiya təkrar olaraq ədalətsiz və qərəzli qərar qəbul edərək əlillik və sağlamlıq imkanlarının məhdudluq müddətini 1 il müddətə yəni, 31 avqust 2023-cü il tarixinə təyin etməklə üçüncü dərəcə əlillik müəyyən edilmişdir. Hal-hazırda səhhətinin ağırlığını nəzərə almayan agentlik, gələcəkdə səhhətinin ağırlaşması halını gözləyir. Dövlət səhiyyə müəssisəsi tərəfindən əsas xəstəliklərimlə birlikdə yanaşı xəstəliklərinin də barəsində göndərişdə lazımi qeydlər aparılmışdır. İddiaçı hesab edir ki, Tibbi-Sosial Ekspert Komissiyasının 26 avqust 2022-ci il tarixli "Üçüncü dərəcəli əlillik" təyin edilməsi barədə qərarı ləğv edilməli və ona 02 aprel 2021-ci il tarixdən ömürlük olaraq ikinci dərəcəli əlillik təyin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona ilk dəfə əlillik 2010-cu ildə təyin edilmişdir, 2016-cı ilədək hər dəfə 1 illik, 2016-cı ildə 5 illik təyin edilmişdir, xx.xx.2022-ci ildə isə 3-cü qrup əlillik təyin edilmişdir. Üçüncü şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi X3 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək işin həllini məhkəmənin mülahizəsinə buraxmaqla işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı “Ü, İ, X, gərginlik stenokardiyası 3f.s. infarktdan sonrakı kardioskleroz, Aorta və tac aterosklerozu, Erkən əmələ gəlmiş infarkt stenokardiyası, Arterial hipertenziya orta ağırlığında. Dislipidieniya, Döş qəfəsinin anomaliyası” diaqnozuna əsasən xx.xx.2010, xx.xx.2014 və xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə 2-ci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik, xx.xx.2022-ci il tarixdə “Əvvəllər keçirilən miokard infarktı, ÜlX: Gərginlik stenokardiyasın lil f.s. İnfarktdan sonrakı kardioskleroz. Durğunluq ürək çatışmamazlığı, QDÇ-ğı f.s./NYHA/.” diaqnozuna əsasən 1 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş tibbi-sosial ekspertiza alt sistemindən çıxarışlardan görünür ki, İddiaçı əlilliyi ilə bağlı xx.xx.2021-ci il tarixli göndərişdən “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: bərpa müalicələri (stent, AKŞ) olunması haqda məlumat yoxdur. xəstəliyin ağırlaşmaları əlillik təyin etməyə əsas vermir. İxtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə olunması məsləhətdir.” səbəbi ilə imtina edilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında, 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş “Ü, İ, X, gərginlik stenokardiyası 3f.s. infarktdan sonrakı kardioskleroz, Aorta və tac aterosklerozu, Erkən əmələ gəlmiş infarkt stenokardiyası, Arterial hipertenziya orta ağırlığında. Dislipidieniya, Döş qəfəsinin anomaliyası” diaqnozuna əsasən xx.xx.2010, xx.xx.2014 və xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə 2-ci dərəcə əlillik, eyni diaqnoza əsasən xx.xx.2016-cı il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti başa çatdığı üçün əlillik vəziyyətinə yenidən baxılmış, “Stenokardiyanın digər formaları, ürəyin xroniki işemik xəstəliyi gərginlik stenokardiyası İİİ f.s. Sakitlik stenokardiyası. İnfarktan sonrakı (2009) kardioskleroz. Aorta və tac damarlarının aterosklerozu. MÇ İ dərəcə. Ritm pozgunluğu. Mədəcik ekstrasistoliyası (biqenimiya tip. Laun İİİ) Ürək çatışmamazlığı İİ f.s” diaqnozu qoyulmasına baxmayaraq əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edilmişdir. Daha sonra müvafiq göndərişə əsasən xx.xx.2022-ci il tarixdə “Əvvəllər keçirilən miokard infarktı, ÜlX: Gərginlik stenokardiyasın lil f.s. İnfarktdan sonrakı kardioskleroz. Durğunluq ürək çatınan.uzlığı, QDÇ-ğı f.s./NYHA/.” diaqnozuna əsasən 1 il müddətinə 3-cü dərəcə əlillik təyin edilmişdir. İddiaçı hazırki tələblə Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərarının ləğv edilməsi və ona ömürlük olaraq 02 aprel 2021-ci il tarixdən ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33) -4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, iddiaya dair cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya 2010-cu ildən 2021-ci il tarixədək qoyulmuş diaqnozlar hər müayinə nəticəsində söz ifadəsi olaraq, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müvafiq kodları və X1 qeyd olunan kodlar baxımından eynidir. Həmçinin müəyyən edilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixədək artıq 10 il müddətinə fasiləsiz əlillik dərəcəsi təyin edildiyindən növbəti müayinə zamanı ona müddətsiz (ömürlük) təyin edilməli idi. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya üçüncü dərəcə əlillik təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Vidadi Müslüm oğluna 3-cü dərəcə əlillik təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və ona 02 aprel 2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar