Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-12/2021 17.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəsinin xx.xx.2019-cu il tarixli, 020 gm nömrəli əmrinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəsinin xx.xx.2019-cu il tarixli, 020 gm nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, 2-1(083)-998/2019 nömrəli qərardad ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə əsasən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəsinin xx.xx.2019-cu il tarixli, 020 gm nömrəli əmrinin ləğv edilərək, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən ehtiyata buraxılması vəzifəsinin cavabdehin üzərinə qouyulması barədə iddianın dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişidr. İddiaçı xx.xx.2019-cu il tarixdə məhkəməyə iddia qaldırmaq üçün qanunla müəyyən edilən, buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir. Gəncə İnzibati- İqtisadi Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, 2-1(083)-998/2019 nömrəli qərardad ilə iddiaçının ərizəsi təmin olunmamış, iddia qaldırmaq üçün qanunla müəyyən edilən, buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, 2- 1(083)-998/2019 nömrəli qərardadından iddiaçı Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, 2-1(104)-689/2019 nömrəli qərardad ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2019-cu il tarixli, 2-1(083)- 998/2019 nömrəli qərardadı ləğv olunmuş, iddia qaldırmaq üçün qanunla müəyyən edilən, buraxılmış prosessual müddət bərpa edilmiş və iş baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2020-cu il tarixli, 2-1(114)-39/2020 nömrəli qərardad ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəsinin xx.xx.2019-cu il tarixli, 020 gm nömrəli əmrinin ləğv edilməsi barədə iddianın dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişidr. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Xidməti vərəqədən çıxarışın sonuncu səhifəsində göstərilən imzaların onun tərəfindən icra edilmədiyini bildirmiş və həmin imzaların onun tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün məhkəmə xətt-şünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir . Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, 2-1(114)-39/2020 nömrəli qərardad ilə İddiaçı ərizəsi təmin edilmiş və Xidməti vərəqədən çıxarışın sonuncu səhifəsində göstərilən imzaların iddiaçı tərəfindən icra edilib-edilmədiyinin müəyyənləşdirilməsi üçün ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2020-ci il tarixli, 4/747 nömrəli məktubla ekspertizanın nəticəsini məhkəməyə göndərmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 2010-cu ildən 2015-ci ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində gizir kimi ön xətdə Fizuli və Beyləqan rayonlarında xidmət etmişdir. Sonralar “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 72- ci maddəsinin “Z” bəndinə əsasən ailə vəziyyətinə görə Ali Baş Komandanın və Müdafiə Nazirinin dəstəyi ilə əvvələr Bakı və daha sonra Gəncə şəhərlərində N saylı hərbi hissənin, 2ci taborun, 4-cü bölüyün baş çavuşu vəzifəsində hərbi xidmətini davam etdirmişdir. Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrinin Baş Qərərgah rəisinin xx xxxxxx 2019-cu il tarixli, 020 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İddiaçı hesab edir ki, qeyd olunan əmr ləğv edilməlidir. Belə ki, fiziki gərginlik nəticəsində xidmət etdiyi dövürdə üzərində dəfələrlə cərrahiyə əməliyyatlar keçirilib və çox saylı müxtəlif ağır xroniki xəstəliklərə məruz qalmışdır. 2018-ci ilin oratalarında səhhətində mövcud olan xroniki beloma radikulitindən əziyyət çəkmişdir. Hərbi hospitala müainə olunmaq üçün iddiaçı tabeçiliyində olduğu bölük komandirinə raportla müraciət etmişdir. Lakin o, iddiaçının raportunu imzalamaqdan imtina etmiş və bildirmişdir ki, onda heç bir problem yoxdur və iddiaçıya müalicə ehtiyac deyil. Belə vəziyyətdə o xəstəlikdən əziyyət çəkərək məcburən xidmətini davam etdirmişdir. İddiaçının sağlamlığı böyük təhlükəyə məruz qalmışdır. Belə olan halda iddiaçı məcburiyyət qarşısında Müdafiə Nazirinə şikayət məktubu yazmışdır. X1 yazdığı şikayətdən sonra Silahlı Qüvvələrinin Baş klinik hospitalın nevrologiya bölməsində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi uzunmüddətli müalicə olmuş və xəstəliyinə görə xx.xx.2018-ci il tarixdə 26 c maddəsinin İİİ qrafasına əsasən (sıradankənar hərbi xidmətə yararlıdır) hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarının 5.1-ci maddəsinə əsasən “sıradankənar hərbi xidmətə yararlı” arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati- təsərrüfat və digər vəzifələrə təyin edilirlər. Lakin burada iddiaçının hüququnun pozulmasına yol verilib, hərbi hissə komandanlığı bunu icra etməyib. İddiaçının fiziki və mənəvi sağlamlığının təmini yönümündə normal iş şəraitinin yaradılmasının zəruriliyi var idi, ancaq onu bölük komandiri psixoloji diskomfort vəziyyətinə salmışdır. X1 şikayət etdiyinə görə N nömrəli hərbi hissədə ona bildirdirmişdirlər ki, onu xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyyata buraxacaqlar. Bundan sonra komandanlıq verdikləri vədlərə əməl etdilər. Beləki, “Xidmət vərəqəsi”ndən görünür ki, ona qarşı xx.xx.2018-cı ildən xx.xx.2018-ci ilədək cəmi 11 (on bir) müxtəlif növ cəzalar müxtəlif vəzifə daşıyıcılar tərəfindən tədbiq olunmuşdur. xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə ona günaşırı cəza tədbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin xx xxxx 2008-ci il tarixli, 123 nömrəli əmrinin ümumi müddəalar bölməsinin 1.4-cü maddəsinin “D” bəndinə əsasən ehtiyyata buraxılan hərbi qulluqçular Mərkəzi Hərbi-həkim Komissiyası tərəfindən şəhadətləndirilməlidir. Ancaq hərbi hissə komandanlığı iddiaçını komissiyaya göndərməmiş ehtiyyata buraxmış, buradada onun hüququnu pozmuşdurlar. İddiaçı ərizə ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinə müraciət etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasma şəhadətləndirilməkdən ötrü ona göndəriş verilsin və o, göndərişin əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək N nömrəli hərbi hissədə müainə və müalicədə olsun. İddiaçı komissiya tərəfindən şəhadətləndirilmişdir və ona “Xəstəlik cədvəlinin” 26b maddəsinin İİİ qrafasına əsasən “Hərbi xidmətə yararsız” rəyi verilib. Cavabdehin əmrini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəsinin xx.xx.2019-cu il tarixli, 020 gm nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 11/647 nömrəli iddia tələbinə dair etirazda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçıya məxsus Xidməti vərəqənin surəti; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2020-ci il tarixli, 4/747 nömrəli ekspert rəyinin əsli. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı prosessual müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) ötürülsə də, iddianın qaldırılması ilə bağlı prosessual müddət üzürlü səbəblərdən ötürüldüyünə görə məhkəmə tərəfindən bərpa olunmuşdur. İddia mümkün iddia olmaqla yanaşı həmçinin əsaslı iddiadır. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrinin Baş Qərərgah rəisinin xx xxxxxx 2019-cu il tarixli, 020 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyyata buraxılmışdır. İddiaçı izahatında bildirmişdir ki, ona məxsus Xidməti vərəqədən çıxarışın sonuncu səhifəsində göstərilmiş imzalar onun tərəfindən icra olunmamışdır. Xidməti vərəqədən çıxarışın sonuncu səhifəsində iddiaçının Xidməti vərəqə ilə tanış olduğu göstərilsə də, iddiaçı Xidməti vərəqə ilə tanış olmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Xidməti vərəqənin son səhifəsindəki imzaların onun tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün məhkəmə xətt-şünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir . Xidməti vərəqədən çıxarışın sonuncu səhifəsində göstərilən imzaların iddiaçı tərəfindən icra edilib-edilmədiyinin müəyyənləşdirilməsi üçün ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2020-ci il tarixli, 4/747 nömrəli ekspert rəyində Xidməti vərəqədən çıxarışın sonuncu səhifəsində göstərilmiş imzaların İddiaçı tərəfindən icra olunmadığı müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2020-ci il tarixli, 4/747 nömrəli ekspert rəyinə əsasən bu nəticəyə gəlir ki, iddiaçıya məxsus Xidməti vərəqədən çıxarışın sonuncu səhifəsində göstərilmiş imzalar İddiaçı məxsus olmadığı üçün İddiaçı ona məxsus Xidməti vərəqə ilə tanış olmamışdır və tanış olmasına dair imza ona məxsus deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının xidmətdən ehtiyata buraxılmasına dair əmr qanunla araşdırılmış hallara əsaslanmamışdır və bu səbəbdən də əmr qanunsuzdur, ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəsinin xx.xx.2019-cu il tarixli, 020 gm nömrəli əmri qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci 127 (yüz iyirmi yeddi) manat təşkil etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən (İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) hesab edir ki, ekspert rəyinin verilməsi ilə bağlı 127 (yüz iyirmi yeddi) manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəsinin xx.xx.2019-cu il tarixli, 020 gm nömrəli əmrinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəsinin xx.xx.2019-cu il tarixli, 020 gm nömrəli əmri ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-12/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-12/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver