Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-12/2022 20.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ailə üzvlərinin və onun mülkiyyətində olan Şəmkir rayonunun Könüllü kəndində yerləşən 1,59 ha torpaq sahəsinin cavabdehin təqsiri ucbatından əlindən çıxması və həmin torpaq sahəsindən istifadə etməkdən məhrum olması nəzərə alınaraq cavabdehdən 50000 (əlli min) manat kompensasiyanın alınıb verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, aqrar islahatlarının aparılması zamanı xx.xx.2000-ci il tarixdə ona və ailə üzvlərinin mülkiyyətinə 1,59 pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ailəsinin əsas dolanışıq mənbəyi olmuşdur. 2016-cı ilin noyabr ayında cavabdehin işçiləri mülkiyyətində olan pay torpaq sahəsində su kanal qurğuları quraşdırılması üçün torpaq sahəsini dövlət ehtiyacları üçün alacaqlarını və ona müvafiq kompensasiya pulu ödəniləcəyini bildirmişlər. Mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparılmış və tikinti işləri qurtardıqdan sonra torpaq sahəsi əllərindən çıxmışdır. Sözügedən torpaq sahəsinə görə onlara kompensasiya ödənilməmişdir. Həmin vaxtdan o kompensasiya almaq üçün müxtəlif aidiyyəti orqanlarına müraciətlər etmiş, lakin kompensasiya pulu ödənilməmişdir. Müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyatı təşkilatlarının əraziyə baxış keçirməsindən sonra müəyyən edilmişdir ki, onun torpaq sahəsinin şimal hissəsində biri-birinə yaxın məsafədə 2, cənub hissəsində isə biri-birinə bitişik 2, ümumilikdə sahəsi 52,0 kv.m olan 4 betondan quraşdırılmış paylayıcı su quyuları və torpaq sahəsinin altından 332 metr uzunluğunda su boru xətti inşa edilmişdir. Beləliklə, yerində aparılmış yoxlama zamanı cavabdehin işçiləri tərəfindən onların torpaq sahəsində qurğuların tikintisi həyata keçirldiyi müəyyən olunmuşdur. Buna baxmayaraq cavabdeh torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar verilməli kompensasiya verməmişdir. Sözügedən torpaq sahəsinin 50.000 (əlli min) manat bazar qiyməti var və həmin torpaq sahəsi faktiki olaraq əlindən çıxmışdır. Bu səbəbdən də cavabdehdən 50.000 (əlli min) manat kompensasiya pulu tələb etmək hüququ vardır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardad ləğv edilmişdir. Cavabdehin nümayəndəsi X12 iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini 2016-cı il tarixdə ondan icazə almadan zəbt etmişlər. Torpaq sahəsi hazırda istifadəsindədir, ancaq bir hissəsi istifadəyə yararsız vəziyyətə düşmüşdür. Həmin ərazidə əkinçiliklə məşğul olur. Digər şəxslər öz sahələrini suvarmaq üçün onun əkin sahəsini tapdalayırlar. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” obyetklərin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin aparılmasında sifarişçi təşkilat Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və X1, həmin layihələrinin həyata keçirilməsi üzrə tikinti və qurğuların inşa ediləcəyi ərazilərin dövlət ehtiyacı üçün alınması işləri də həmin təşkilat tərəfindən icra edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 20 aprel 2010-cu il tarixli, 987110 nömrəli Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” obyekti üzrə layihənin əhatə etdiyi ərazilər üzrə müvafiq rayon İcra Hakimiyyəti Başçılarının Sərəncamları ilə yaradılmış torpaqayırma komissiyaları tərəfindən layihənin tikintisi altında qalacaq torpaqların sərhədləri, kateqoriyaları və mülkiyyət növü müəyyənləşdirilmiş, alınmanın təsirinə məruz qala biləcək mülkiyyətçilərin siyahısı tərtib edilmişdir. Torpaqayırma komissiyalarının sənədləri əsasında, obyektin tikintisi altında qalacaq torpaqlar üzrə müəyyən edilmiş göstəricilərin tam dəqiqləşdirilməsi üçün Səhmdar cəmiyyətinin tabeliyində olan “Azdövsutəslayihə” institutu tərəfindən obyektin torpaqayırma layihəsi hazırlanmışdır. Tikinti altında qalacaq torpaqların sərhədləri, kateqoriyaları və mülkiyyət növü müəyyənləşdirildikdən və alınmanın təsirinə məruz qala biləcək mülkiyyətçilərin tam siyahısı tərtib edildikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin "xxxx" MMC tərəfindən mülkiyyətçilər üzrə kadastr planları və onlardan çıxarışlar tərtib olunmuşdur. Bundan sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin tələblərinə əsasən, alınacaq torpaq sahələrinin müəyyənləşdirilməsi məqsədi ilə müstəqil qiymətləndirici təşkilata müraciət olunmuş və layihənin tikintisi altında qalan torpaq sahəsinə görə mülkiyyətçilərə ödəniləcək kompensasiya məbləği müəyyənləşdirilmişdir. Məlumat üçün bildiririk ki, göstərilən obyekt üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin "xxxx" MMC tərəfindən mülkiyyətçilər üzrə tərtib olunmuş kadastr planları və onlardan çıxarışlarda İddiaçı məxsus torpaq sahəsi yoxdur və ona görə də layihənin tikintisi altında qalan torpaq sahələri mülkiyyətçilərinin siyahısında onun adı keçməmişdir. Bu səbəbdən də İddiaçı, ona kompensasiya verilməməsi ilə bağlı müxtəlif dövlət orqanlarına şikayətlər etmişdir. Həmin şikayətlərlə əlaqədar İddiaçı Səfəralı oğlunun təqdim etdiyi UN-395 saylı “Torpağa mülkiyyət hüququna dair X10 Meliorasiya və X3 Müdiriyyətinin M/7-372 nömrəli, 20 iyun 2018-ci il tarixli məktubu ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-yə göndərilmiş və “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” obyektinin altına düşübdüşmədiyinin araşdırılması xahiş olunmuşdur. Araşdırmanın nəticəsi olaraq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC 04 iyul 2018-ci tarixli, **********99 nömrəli məktubla torpaq sahəsinin tikinti altına düşmədiyini bildirmiş və həmin torpaq sahəsinin tikinti trassasına düşmədiyini əks etdirən kadastrdan çıxarış planını təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İddiaçı şikayət ərizəsi ilə əlaqədar, 10 oktyabr 2018-ci il tarixli, 10/M-111 nömrəli tapşırığına əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin, Şəmkir rayon İcra Hakimiyyətinin və Könüllü bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə 17 oktyabr 2018-ci il tarixində əraziyə yerində torpaq mülkiyyətçisi ilə birlikdə təkrar baxış keçirilmişdir. Baxış nəticəsində İddiaçı məxsus 1,59 ha torpaq sahəsinin Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa edilmiş “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və Suvarma şəbəkəsinin tikintisi” obyektinin layihəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Lakin, İddiaçı məxsus torpaq sahəsinin daxilində 4 ədəd betondan quraşdırılmış su quyularının və torpaq sahəsinin altından 332 metr uzunluğunda su boru xəttinin inşa edildiyi aşkar edilmişdir. Bununla əlaqədar, qeyd olunan məsələlər Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindən Könüllü bələdiyyəsi sədrinin və İddiaçı iştirakı ilə yerində bir daha araşdırılmışdır. Bu araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus torpaq sahəsindən keçən 332 metr uzunluğunda boru xətti paylayıcı suvarma kəmərindən ayrılan, həmin sahənin suvarılması üçün nəzərdə tutulan suburaxıcı qurğunu qidalandıran yeraltı qapalı suvarma borusudur və həmin torpağın tam istifadəsinə heç bir maneəçilik törətmir. Sahəyə baxış zamanı torpaq sahəsi bütövlükdə əkilmişdi. Bunu baxış zamanı çəkilən fotoşəkil də təsdiq edir. Həmin sahədə Əmlak Məsələləri Dövlət Komitəsinin 30 oktyabr 2018-ci il tarixli, **********59 nömrəli məktubunda göstərdiyi kimi 4 ədəd deyil, bir ədəd diametri 1,2 metr olan dəmir-beton konstruksiyadan ibarət suburaxıcı qurğu vardır ki, О da həmin sahəyə suvarma suyunun verilməsi ilə əlaqədar quraşdırılmışdır. Qalan 3 ədəd suburaxıcı qurğu İddiaçı torpaq sahəsinin kənarında, təsərrüfatlararası yolun yaxınlığında yerləşir. Yuxarıda göstərilən səbəbdən İddiaçı torpaq sahəsində aparılan işlərə görə kompensasiya verilməsi nəzərdə tutulmamışdir və bu barədə ona əməkdaşlar tərəfindən müvafiq izahat verilmişdir. Qeyd edilənlərə baxmayaraq, İddiaçı yenidən kompensasiya ödənilməsi ilə əlaqədar müxtəlif dövlət orqanlarına şikayət ərizələri ilə müracıiət etməsini davam etdirmişdir. Onun şikayətləri ilə əlaqədar müstəsna hal kimi Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və X3 Müdiriyyəti, onun əkin sahəsinin suvarılması məqsədi ilə torpaq sahəsində görülən işlərə görə kompensasiya ödənilməsini məqsədəuyğun sayaraq, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 15 fevral 2011-ci il tarixli Qanununa uyğun həll edilməsi məqsədi ilə, məsələnin yerində araşdırılaraq, qeyd edilən torpaq sahəsindən istifadəyə görə dəyən zərərin ödənilməsi üçün kompensasiya məbləğinin müəyyənləşdirilməsi məqsədi ilə müstəqil Qiymətləndidici təşkilata müraciət etmişdir. Müstəqil Qiymətləndidici təşkilat tərəfindən İddiaçı JN-З95 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə məxsus olan 1,59 ha torpaq sahəsində həmin sahənin suvarılması məqsədi ilə aparılan işlər üçün dəyən zərərə görə ümumilikdə 152 manat kompensasiya məbləği hesablamışdır. Hesablanmış kompensasiya məbləğinin 88 manatı 0,0052 ha torpaq sahəsində quraşdırılan diametri 1,2 metr olan suburaxıcı qurğuya görə, 64 manatı isə torpaq sahəsindən keçən 332 metr uzunluğunda qidalandırıcı boru xəttinin keçdiyi 0,1328 ha sahədəki əkin bitkisinə görə əldən çıxan fayda üçün hesablanmışdır. Onu da qeyd edirik ki, əkin bitkisinə görə hesablanmış kompensasiya məbləği Könüllü İcra Nümayəndəliyindən göstərilən torpaq sahəsində icra olunduğu tarixdə əkin bitkisinin mövcudluğu barəsində arayışla təsdiqlənmməli və arayışın həqiqiliyi mülkiyyətçiyə həmin torpaqda aparılmış əkinə görə ödənilmiş subsidiya ilə üzləşdirilməlidir. İddiaçının dediyi qədər ərazini əhatə etmir, iddiaçının torpaq sahəsinin təqribi 0,05 ha hissəsinə düşür. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-395 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 55 saylı qərarı ilə 1,59 ha kənd təsərrüfatlı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin (X5, X6, X7, X8) mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, **********46 nömrəli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin, Şəmkir Rayon İcra Hakimiyyətinin, Könüllü bələdiyyəsinin nümayəndələrindən ibarət işçi qrupu tərəfindən xx.xx.2018-ci il tarxində əraziyə yerində baxış keçirilmiş və İddiaçı məxsus 1,59 ha pay torpaq sahəsinin Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən teqdim edilmiş Su-kanal qurğularının quraşdırılması Layihəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Lakin, həmin torpaq sahəsinin şimal hissəsində bir-birinə yaxın məsafədə 2, cənub hissəsində isə bir-birinə bitişik 2, ümumilikdə sahəsi 52,0 kv.m olan 4 betondan quraşdırılmış paylayıcı su quyularının və torpaq sahəsinin altından 332 metr uzunluğunda su boru xəttinin inşa edildiyi aşkar edilmişdir. -işə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 05/08 nömrəli arayışından görünür ki, İddiaçı Şəmkir rayonu, Könüllü kəndində yerləşən torpaq sahəsinin geri alınması, müvəqqəti dəymiş zərər və bunun müqabilində ödənilməli hesablanmış kompensasiya 152 manat müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-395 nömrəli Dövlət Aktına əsasən İddiaçı məxsus 1,59 ha torpaq sahəsinin 0,11 ha hissəsi, "Şəmkirçay təsərrüfatlararası paylayıcı kanalların və suvarma şəbəkəsinin tikintisi” ilə bağlı obyektin-çəkilmiş yolun altında qalmışdır. Torpağa mülkiyyət hüququna dair JN-395 nömrəli Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətlərində olan 1,59 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə istinadən, həmin torpaq sahəsi üzərində 4(dörd) ədəd qurğunun mövcud olduğu müəyyən olunmuşdur. -işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, LP- 208/2021 nömrəli rəydən görünür ki, Şəmkir rayonu, Könüllü kəndində yerləşən torpaq sahəsinin həmin ərazidə digər eyni ölçülü və eyni təyinatlı torpaq sahəsinin 0.01 ha üçün hazırkı bazar qiyməti 3500 (üç min beş yüz) – 3700 (üç min yeddi yüz) manat təşkil edir. -işə əlavə edilmiş Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 1077 nömrəli məktubdan görünür ki, son 2 il ərzində Şəmkir rayonu, Könüllü kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin notarial qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində üç ən yüksək qiymətin orta göstəricisi torpağın bir sotuna görə 309.00 (üç yüz doqquz) manat təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da qismən əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin aparılmasında sifarişçi təşkilat Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin Tikilməkdə olan Meliorasiya və X1, həmin layihələrinin tikintisi altında qalan torpaq sahələrinin (ərazilərin) dövlət ehtiyacı üçün alınması işləri də həmin təşkilat tərəfindən icra edilmişdir. İddiaçı JN-395 nömrəli Dövlət Aktına əsasən Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 55 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 1,59 ha kənd təsərrüfatlı torpaq sahəsinin “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” altına düşdüyünə görə ona 50000 (əlli min) manat kompensasiyanın ödənilməsini tələb etsə də, cavabdeh orqan tərəfindən iddiaçıya ödəniləcək kompensasiya məbləğini 152 (yüz əlli iki) manat hesablanmaqla ödəniləcəyi bildirilmişdir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlarla (iş üzrə alınmış mütəxəssis rəyi ilə) müəyyən olunmuşdur ki, iddiaçının xüsusi mülkiyyətində olan 1,59 ha torpaq sahəsinin 0.11 ha hissəsi həqiqətən “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” ilə bağlı çəkilmiş yolun altında qalmışdır. Həmçinin təqdim olunmuş sübutlarla (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, **********46 nömrəli məktubu) İddiaçı məxsus 1,59 ha pay torpaq sahəsinin şimal hissəsində bir-birinə yaxın məsafədə 2, cənub hissəsində isə bir-birinə bitişik 2, ümumilikdə sahəsi 52,0 kv.m olan 4 betondan quraşdırılmış paylayıcı su quyularının və torpaq sahəsinin altından 332 metr uzunluğunda su boru xəttinin inşa edildiyi aşkar edilmişdir. Beləliklə cavabdehin təqsirli hərəkətləri ilə iddiaçı ona məxsus 1,59 ha torpaq sahəsinin 1152 kv.m hissəsindən məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə Şəmkir rayonu, Könüllü kəndində yerləşən torpaq sahəsinin həmin ərazidə digər eyni ölçülü və eyni təyinatlı torpaq sahəsinin 0.01 ha üçün hazırkı bazar qiymətinin müəyyən edildiyi "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, LP- 208/2021 nömrəli rəyin məhkəmə üçün məcburi olmadığını xatırlatmaqla yanaşı, ona tənqidi yanaşaraq qeyd edir ki, sözügedən rəydə göstərilən məbləğin (0,01 ha üçün 3500- 3700 manat) torpaq sahəsinin real qiymətindən dəfələrlə çox olduğundan və ağlabatan olmadığından sübut kimi qiymətləndirmir. Əksinə Şəmkir rayonu 1 saylı notariat ofisi tərəfindən qeyd edilmiş həmin ərazidəki torpaq sahəsinin bir sotuna görə 309.00 (üç yüz doqquz) manat olduğunu qəbul edərək, iddiaçıya dəymiş zərəri də həmin məbləğ əsasında hesablayır. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus torpaq sahəsinin “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanallarının və suvarma şəbəkəsinin tikintisi” ilə bağlı çəkilmiş yolun altında qalan 0.11 ha (1100 kv.m) və ümumilikdə sahəsi 52,0 kv.m olan 4 betondan quraşdırılmış paylayıcı su quyularının hissəsinin hazırki real bazar qiyməti 3559,68 (üç min beş yüz əlli doqquz manat altmış səkkiz qəpik) manat təşkil edir və həmin məbləğ cavabdeh Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, 300 (üç yüz manat) manat ekspertiza xərci, eləcə də mütəxəssis rəyinin verilməsi ilə bağlı 370.98 (üç yüz yetmiş manat doxsan səkkiz qəpik) manat pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətindən 3559,68 (üç min beş yüz əlli doqquz manat altmış səkkiz qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətindən 370.98 (üç yüz yetmiş manat doxsan səkkiz qəpik) manat məbləğində pul tutularaq KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ******************** SWİFT kod AİİBAZ2Z saylı hesaba, 300.00 (üç yüz) manat məbləğində pul tutularaq "xxxx" MMCnin VÖEN **********, "xxxx" ASC Yasamal filialı, kod:512565, VÖEN ********** (bankın VÖENİ), H/h:AZ30AZRT********************, M/h AZ02NABZ********************, SWİFT: AZRT AZ 22 saylı hesabına ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-12/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-12/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver