Məhkəmə qərarları › İş №2-1(114)-12/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-12/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-12/2024 22.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “X8, X9, X15 və X5 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İş materiallarına əsasən: 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X6 adına qeydiyyata alınmış, Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli, 2V-80 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən, Mustafa-X2 Neymət Yusif oğlunun vərəsəsi tanınmışdır. Gəncə şəhər 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-216 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, əmlak sonuncu tərəfindən iddiaçıya bağışlanmışdır. Həmin bağışlama müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən **********59-10301 reyestr nömrəli daşınmaz əmlak üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2021ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayış əsasında X8, X9, X15 və X5 onun mülkiyyətində olan mənzildə qeydiyyatda olduğunu bilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək ona məxsus olan mənzildən üçüncü şəxslər - X8, X9, X15 və X5 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 120-4199M-3222 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər X8, X9, X15 və X5 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəf: Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (anası) Nümayəndə izahatında bildirmişdir ki, evin ilkin mülkiyyətçisi Neymət Talıbov atası olmuşdur. Onun ölümündən sonra atasının vərəsəsi kimi evi əldə etmiş, daha sonra qızına, yəni iddiaçıya bağışlamışdır. Üçüncü şəxlərdən Ömər Talıbov və Aysu Talıbova qardaşı Qanuni nümayəndə1 övladlarıdır. Onun qardaşı sağlığında arvadı məcburi köçkün olan Qanuni nümayəndə2 ilə boşanmışdır. Qanuni nümayəndə2 övladları ilə birgə məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayırlar. Digər üçüncü şəxslər Kamilə Talıbova və Nizami Talıbov isə digər qardaşının övladlarıdır. Onlar hazırda Rusiya Federasiyasının Kazan şəhərinə köçmüş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh tərəf Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2024-cü il tarixli məktubla məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfi: Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-1012/2022 nömrəli qərardadı ilə X8, X9, X15 və X12 iştirakı zəruri olan üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması, üçüncü şəxslərdən azyaşlı X15 və X5 qanuni nümayəndələri Qanuni nümayəndə2 ilə təmsil olunmaları qərara alınmışdır. Üçüncü şəxslərdən X7 xx.xx.2011-ci il tarixdən Rusiya Federasiyasının vətəndaşının pasportu verilmişdir. Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2022-ci il tarixli, 03/315 nömrəli məktubuna və 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 191 nömrəli arayışına əsasən X8, X1 şəhəri, Qəzənfər Xalıqov küçəsi, ev 12 ünvanda qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda göstərilən ünvanda yaşamırlar. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-957/2023 nömrəli qətnaməsinə əsasən X10 ilə Qanuni nümayəndə1 arasında xx.xx.2005-ci il tarixdə bağlanılmış və Gəncə şəhəri Kəpər rayon VVADQ şöbəsində 102 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş və tərəflərin birgə nikahından X15 və X5 anası X3 yanında saxlanılması qərara alınmışdır. Qanuni nümayəndə1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Qanuni nümayəndə2 hazırda ünvan 5i ünvanda qeydiyyatdadır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 31/08 nömrəli məktubuna əsasən X10 ilə Qanuni nümayəndə1 arasında mənzil mübahisəsinə dair işə baxılmamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, xx-xx/2022 nömrəli məktubuna əsasən məhkəmənin icraatında X10 ilə Qanuni nümayəndə1 arasında yaşayış sahəsi ilə bağlı məhkəmə mübahisəsi olmamışdır. X15 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə2 cavabdehlər Nümayəndə, İddiaçı və Gəncə şəhəri 1 saylı notariat ofisinə, üçüncü şəxs DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 4Ə-216 №-li bağışlama müqaviləsinin ləğv edilməsini, ünvan 1 ünvanında yerləşən 69,1 kv.m sahəsi olan yaşayış evinə dair cavabdeh İddiaçı adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmçinin həmin miras mülkə xx.xx.2006-cı il tarixdə anadan olmuş X12 adlı və xx.xx.2011-ci il tarixdə anadan olmuş X15 adlı vərəsələrin məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 10 avqust 2022-ci il tarixli, 2(125)-1017/2022 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1843/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Rəhman Muradov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-448/2024 nömrəli qərarı ilə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 2(104)-1843/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması, qərarın qəti olması və qəbul edildiyi andan qüvvəyə minməsi qərara alınmışdır. Daha sonra Qanuni nümayəndə2 xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək mübahisəli mənzilə istifadə hüququn tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, xx-xx/2024 nömrəli məktublarına əsasən X15 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə2 ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair “mənzilə köçürmə, istifadə hüququnun verilməsi, istifadə hüququna xitam verilməsi və istifadə hüququnun itirilmiş hesab edilməsinə” dair iddia üzrə mülki iş olmamış, ümumiyyətlə, daşınmaz əmlaka dair cari ilin avqust ayında iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X5, digər üçüncü şəxs X13in qanuni nümayəndəsi Qanuni nümayəndə2 nümayəndəsi X16 şəhər məhkəmə iddia qaldırılacağını bildirmişdir. Üçüncü şəxslərə və azyaşlıların qanuni nümayəndələrinə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəfindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini **********59-10301 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti, cavabdehin xx.xx.2022-ci il tarixli, 120-4199M-3222 nömrəli imtinası, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsidiqinə dair notariat işinin təsdiqlənmiş surəti təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdəmüvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmadığı, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir. Belə ki, iddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslər onun dayısının övladlarıdır, onlar daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmazdan əvvəl qeydiyyata alınmışlar. Üçüncü şəxsin sözügedən mənzilə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda inzibati ərazi dairə üzrə nümayəndəliyinin arayışına əsasən üçüncü şəxslərdən X8, X4 mübahisəli mənzildə yaşamadıqları müəyyən olunur. Digər üçüncü şəxslərə gəldikdə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-957/2023 nömrəli qətnaməsinə əsasən X15 və X5 anası ünvan 5ində qeydiyyatda olan X3 yanında saxlanılması qərara alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-448/2024 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, mübahisəli əmlakın X15 və X5 atasının mülkiyyətində olması və onun vəfatından sonra miras aktivini təşkil etməsinə dair hər hansı sübut mövcud deyil. Məhkəmə hesab edir ki, üçüncü şəxslərin hazırda evin mülkiyyətçisinin ailə üzvü hesab edilməyən, eləcə də istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olduğundan, eyni zamanda üçüncü şəxslərin sözügedən mənzilə dair əmlak hüququnun olmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmadığından, faktiki olaraq həmin ünvanda yaşamadıqlarından mənzilin mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Üçüncü şəxsin qanuni nümayəndəsinin vəsatətinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olan hər hansı hal müəyyən edilmir və verilmiş vəsatət məhkəmə icraatının əsassız yubandırılmasına yönəlmişdir. Belə ki, üçüncü şəxs tərəfindən vəkil məhkəmə iclasında iddiaçının adına tərtib edilmiş çıxarışı məhkəmə icraatı qaydasında mübahisələndirdiyini bildirsə də, iş materialları ilə müəyyən edilir ki, sözügedən çıxarışla hüquqların dövlət qeydiyyatının aparılmasına əsas xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi, iddiaçının anasının adına olan qeydiyyatın aparılmasına isə əsas xx.xx.2019-cu il tarixli vərəsəlik şəhadətnaməsi olmuşdur. Həmin şəhadətnamə əvvəllər mübahisələndirilsə də, həm şəhadətnamə, həm də müqavilə hazırda qüvvədədirlər. Həmçinin, mübahisəli mənzilə köçürülmə və istifadə hüququnun tanınması ilə bağlı şəhər məhkəməsinə müraciət ediləcəyinə gəldikdə isə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən iddiaçının evində qeydiyyat üçün zəruri olan şərt daimi və ya daha çox yaşamasıdır. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, üçüncü şəxslərə izah olunur ki, iddiaçıya məxsus yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması ilə bağlı qaldırılmış iddia uğurlu olduğu halda, sözügedən ünvanda faktiki yaşayacaqları halda yenidən həmin mənzilə qeydiyyata düşmələri mümkündür. Hazırkı vəziyyətdə isə üçüncü şəxslər faktiki olaraq yaşamadıqları ünvanda qeydiyyatda qalmaqda təkid edirlər. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqa malik olmadıqları və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə onu da qeyd edir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. X8, X9, X15 və X5 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar