Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1200/2025 12.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayonu, Kəngərli kəndində yerləşən 0.12 ha hatorpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, iddiaçı Tərtər rayonu, Kəngərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2-H-00xx-xx/2024 saylı imtina məktubu ilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, guya o daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması üçün zəruri olan sənədləri və dövlət rüsumunun ödənilməsi barədə sənədi əlavə etməmişdir. İddiaçı sahiblik və istifadəsində olan 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı hər hansı mübahisə olmadığını, həmin torpaq sahəsi ilə bağlı sənədlər küliyyatı topladığını, torpaq sahəsinə hüquqlarının qeydiyyata alınması üçün zəruri nə sənəd varsa, hər birini təqdim etdiyini, ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-1200/2025 nömrəli qərardadı ilə iş üzrə Tərtər rayon Kəngərli bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, üçüncü şəxs Tərtər rayon, Kəngərli Bələdiyyəsinin, Qaradağlı Bələdiyyəsi ilə əvəz edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-1200/2025 nömrəli qərardadı ilə iş üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(114)-1200/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmiş, iddia tələbi “Tərtər rayon, Kəngərli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 11 saylı qərarı ilə iddiaçıya satılmış Tərtər rayonu, Kəngərli kəndində yerləşən faktiki istifadəsinə uyğun olaraq, 1152 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və plan ölçü sənədinin verilməsi” tələbinə dəyişdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlərin əsilləri təqdim olunmaqla müraciət edəcəyi təqdirdə, sözügedən torpaq sahəsinə yerində baxış keçirilməklə aparılan kadastr araşdırması nəticəsində dayanma və ya imtinaya səbəb olan hallar olmayacağı halda müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” iddiası üzrə 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia tələbi əsassızdır, təmin edilməməlidir. Belə ki, vətəndaş İddiaçı Tərtər rayonu Kəngərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan və ölçü sənədinin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılmış xx.xx.2024- ci il tarixli **********91 nömrəli daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunması barədə bildiriş göndərilmişdir. Tərtər rayonu Kəngərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar xx.xx.2024-cü il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6, 8, 9, 10-cu maddələri ilə nəzərdə tutulmuş qayda və əsaslarla hüquq əldə edənin ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd və ərizəyə əlavə etdiyi sənədləri (bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri, o cümlədən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər və.s) əsasında aparılır. İlkin torpaqayırma sənədlərinə baxılarkən müəyyən olunmuşdur ki, həmin sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İİ fəsli bələdiyyə torpaqlarinin mulkiyyətə, istifadəyə və icarəyə verilməsinin xususiyyətləri müəyyən edir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qanunda dəyişiklik edilməsinə baxmayaraq torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, torpaq sahəsinə dair birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur. Vətəndaşın adına 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılması barədə Tərtər rayonu Kəngərli Bələdiyyəsinin 03 noyabr 2009-ci il tarixli 11 nömrəli qərarı, torpaq sahəsinin bələdiyyə tərəfindən təsdiq olunmuş yerquruluşu planı, torpaq sahəsinin alqı-satqısına dair 10 dekabr 2009-cu il tarixli 49 nömrəli aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin bələdiyyə tərəfindən təsdiq olunmuş eskizi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin torpaq sahəsinin yerləşmə yerinin koordinatlarını müəyyən edən plan və ölçü sənədi tərtib olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3.-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu səbəbdən də sözügedən 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. İmtina məktubundan da göründüyü kimi Ərazi İdarəsi tərəfindən hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizlik ediləməmiş, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunmuşdur. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan DT və XK-nın Tərtər rayon şöbəsinin İddiaçı satılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsi barədə tərtib olunmuş sənədlərə dair rəyindən görünür ki, Kəngərli Bələdiyyəsi kəndin prespektiv inkişaf fondunda olan torpaq sahəsindən fərdi yaşayış ev tikintisi məqsədi ilə 0,12 hektar torpaq sahəsinin müsabiqəyə və hərraca çıxarılmadan satılmasını məqsədə müvafiq hesab edərək müvafiq məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin Torpaq hərracı və torpaq müsabiqəsi Komissiyasına müraciət etmişdir. DT və XK-nin Tərtər rayon şöbəsi tərəfindən əraziyə baxış keçirərkən müəyyən olunmuşdur ki, ərazi Kəngərli Bələdiyyəsinin kəndin prespektiv inkişaf fondunda olan torpaq sahəsinə aiddir. Müsabiqəyə və hərraca çıxarılmadan satılası 0,12 hektar torpaq sahəsinin banitet balı 100 olmaqla 1(birinci) keyfiyyət qrupuna aid yaşayış məntəqəsi torpağıdır. Göstərilən məqsəd üçün hərrac və müsabiqəyə çıxarılmadan satıla bilər. 0.12 hektar torpaq sahəsinin normativ qiyməti 260,0 (iki yüz altmış) manatdır. Tərtər rayon İcra Hakimiyyəti Başçısının Aparatının Memarlıq və Tikinti şöbəsinin İddiaçı satılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsi barədə tərtib edilmiş sənədlərə dair rəyindən görünür ki, İddiaçı ayrılıb verilməsi nəzərdə tutulan torpaq sahəsi 0,12 hektar olmaqla Kəngərli Bələdiyyəsinin kəndin prespektiv inkişaf fondunda olan torpaq sahəsinə aiddir və alqı-satqı predmetidir. Ayrılmış torpaq sahəsi həyətyanı məqsədi üçün ayrılması qanuna müvafiq olmaqla arxitektura normalarına uyğundur. Tərtər rayon Kəngərli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2009cu il tarixli arayışından görünür ki, İddiaçı Tərtər rayon Kəngərli kəndində yaşayır. xx.xx.2009-cu il tarixli qəbzdən görünür ki, Həsənov X4 Bələdiyyəsinin hesabına 260 manat pul ödəmişdir. Tərtər rayon Kəngərli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 11 saylı iclas protokolundan çıxarışına və qərarına əsasən, İddiaçı ərizəsi nəzərə alınmış, Kəngərli Bələdiyyəsinin kəndin prespektiv inkişaf fondunda olan torpaq sahəsindən 0.12 hektar torpaq sahəsinin ayrılıb həyətyanı məqsədi ilə İddiaçı satılması qərara alınmışdır. 10 dekabr 2009-cu il tarixli Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, İddiaçı tərəfindən Tərtər rayon Kəngərli Bələdiyyə orqanına torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və İddiaçı Kəngərli bələdiyyə ərazisindən 0.12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2009-cu il tarixli, 11 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən X7 rayon filialının hesabına əvvəlcədən 260.00 manat haqq ödənilmişdir. A 431915 nömrəli, **********0018 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, həmin sənəd Tərtər rayon Kəngərli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 11 saylı qərarına əsasən, İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış Tərtər rayonu, Kəngərli kəndində yerləşən 1200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X6 kitabında xx.xx.2013-cü il tarixdə 2367 nömrəsi ilə uçota alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki,
1. Tərtər rayonu, Kəngərli kəndində yerləşən Tərtər rayon Kəngərli Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 11 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədi üçün satılmış 0.12 ha torpaq sahəsinin faktiki koordinatları ilə Tərtər rayon Kəngərli Bələdiyyəsinin torpaq sahəsinin planında və A 431915 nömrəli "Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlarının 0.08 ha hissəsi ilə uyğunlyuq təşkil edir.
2. İddiaçının iddia etdiyi və naturada göstərdiyi 0,12 ha torpaq sahəsinin sərhədləri, koordinatları, döngə nöqtələrinin koordinatlarına dair sxem rəyə ələvə edilmişdir.
3. A 431915 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü Tərtər rayon Kəngərli Bələdiyyəsinin torpaq sahəsinin planı ilə konfiqurasiya uyğunsuzluğu vardır.
4. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi Tərtər rayonu Qaradağlı təsərrüfatının Kəngərli kəndinin ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu planına əsasən yaşayış məntəqələrinin torpaqları, bələdiyyə mülkiyyəti olmaqla həyətyanı məqsədli Pl (Perespektiv İnkişaf) torpaqlarına aid torpaq sahəsidir.
5. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 48 kv.m hissəsi digər AN№431914 "Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Sənəd üzrə ona satılmış həyətyanı torpaq sahəsi digər üçüncü şəxsin istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst- üstə düşmür.
6. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonaları ilə üst-üstə düşmə halları yoxdur.
7. Torpaq sahəsində iddiaçıya məxsus olduğu iddia edilən bir ədəd yaşayış evi, bir ədəd qeyri yaşayış tikilisi və bir ədəd talvar mövcuddur, həmin tikililərin bir hissəsi sənəd üzrə satılmış torpaq sahəsinin koordinatları daxilindədir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı 2003-cü ildən və hal-hazırda Tərtər rayonu Kəngərli kəndində qeydiyyatdadır.
Əsaslandırma hissəsi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. 10.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 12.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X1 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən, 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: ... 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; ... 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; ... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.9-cu maddəsinə görə, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (21 oktyabr 2014-cü il tarixədək qüvvədə olan redaksiyada). 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir (01 dekabr 2007-ci il tarixədək qüvvədə olan redaksiyada). 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir (01 dekabr 2007-ci il tarixə sonra qüvvədə olan redaksiyada). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli 548 nömrəli Fərmanına əsasən,
2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə görə,
7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Hazırkı iş üzrə iddiaçı 1152 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, çıxarış və plan ölçü sənədinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyd olunan müvafiq normalarına əsasən, bələdiyyə tərəfindən qəbul edilmiş qərar, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsi barədə verdiyi rəy, torpaqların özgəninkiləşdirilməsi barədə müvafiq müqavilə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 0.12 ha torpaq sahəsinin faktiki koordinatları ilə Tərtər rayon Kəngərli Bələdiyyəsinin torpaq sahəsinin planında və A 431915 nömrəli "Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlarının 0.08 ha hissəsi ilə uyğunlyuq təşkil edir. İddiaçının naturada göstərdiyi torpaq sahəsi Tərtər rayonu Qaradağlı təsərrüfatının Kəngərli kəndinin ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu planına əsasən yaşayış məntəqələrinin torpaqları, bələdiyyə mülkiyyəti olmaqla həyətyanı məqsədli Pl (Perespektiv İnkişaf) torpaqlarına aid torpaq sahəsidir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 48 kv.m hissəsi digər AN№431914 "Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Sənəd üzrə ona satılmış həyətyanı torpaq sahəsi digər üçüncü şəxsin istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üst- üstə düşmür. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonaları ilə üst-üstə düşmə halları yoxdur. Məhkəmə cavabdehin imtinası ilə bağlı qeyd edir ki, cavabdeh orqan torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmadan, torpaq sahəsinə dair birbaşa vətəndaşın adına sənədlər tərtib olunması əsasından çıxış etsə də, qeyd olunan tələb qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq, iddiaçı 2003-cü ildən və hal-hazırda Tərtər rayonu Kəngərli kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Göründüyü kimi iddiaçı 2009-cu ildə bələdiyyənin ərazisində yaşamış, eyni zamanda beş ildən çox müddətdə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya bələdiyyə torpağının bilavasitə satılması qanunvericiliyin tələbinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə məhkəmə hesab ki, cavabdehin imtinası qanunsuzdur. Odur ki, iddia təmin edilməli, Tərtər rayonu, Kəngərli kəndində yerləşən 1152 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
Nəticəvi hissə
Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1,68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Tərtər rayonu, Kəngərli kəndində yerləşən 1152 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva