Məhkəmə qərarları › İş №2-1(114)-1201/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1201/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1201/2020 19.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı yemək xərci müavinətinin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, 736 saylı imtina məktubunu ləğv edib, xx.xx.2019-cu il tarixdən kəsilən və ödənilməyən çörək pulunun birdəfəlik ödənilməsi və bərpası barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı məlum hadisələr səbəbindən 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşmüşdür. 1995-ci ildən Qaradağ rayonu Lökbatan qəsəbəsində müvəqqəti qeydiyyata düşmüşdür. Sonradan 2012-ci ildə böyük oğlu X8 əmisi tərəfindən ev bağışlanmış, böyük oğlu ailə qurmuş və hal-hazırda 2 övladı var, ailəsi 4 nəfərdən ibarətdir. Daha sonra ortancıl oğlu ailə qurmuş və onun da ailəsi 4 nəfərdən ibarətdir, Lökbatan qəsəbəsində yerləşən 4 saylı uşaq bağçasında müvəqqəti məskunlaşmışdır. Bir müddət sonra ailəsi böyüdükdən sonra orada yaşaya bilməmiş və kirayə çıxmış, daha sonra da kirayə pulunu verə bilmədiyi üçün gəlib iddiaçının evində məskunlaşmışdır. Hal-hazırda iddiaçının yaşadığı evdə 11 nəfər ailə üzvündən ibarət 3 ailə yaşayır. Buna baxmayaraq aylıq çörək pulu və kommunal xərclər üçün ayrılmış 60 manat pul xx xxx 2019-cu il tarixdən dayandırılmışdır. Səbəbi isə Nazirlər Kabinetinin verdiyi qərarla əsaslandırılır ki, kimin adına qeydiyyatda ev varsa, onların hamısının çörək pulu kəsilsin. Hesab edir ki, məcburi köçkün kimi aldığı müavinətin kəsilməsi qanunsuzdur. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, oğlu Qadir İbrahimova 2012-ci ildə əmisi tərəfindən ev bağışlanmışdır və hazırda oğlu ilə birlikdə həmin evdə yaşayırlar, oğlunun adına ev olduğuna görə ailə üzvlərinin hamısının müavinəti dayandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AA 055377 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün düşmüşdür. -AA 116083 nömrəli vəsiqənin surətindən görünür ki, X1 rayonundan məcburi köçkün düşmüşdür. -AA 336667 nömrəli vəsiqənin surətindən görünür ki, X3 rayonundan məcburi köçkün düşmüşdür. -AA 336668 nömrəli vəsiqənin surətindən görünür ki, X4 rayonundan məcburi köçkün düşmüşdür. -AA 231781 nömrəli vəsiqənin surətindən görünür ki, X2 rayonundan məcburi köçkün düşmüşdür. -Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Qaradağ rayonu sektorunun xx.xx.2020-ci il tarixli, 1607 və 1608 nömrəli arayışlarından görünür ki, İddiaçı, X6, X13, X12, X9, X10, X5 rayonundan məcburi köçkündür və ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışlar. -DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********46 nömrəli məktubundan görünür ki, X7 adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 12D saylı fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -Cavabdeh xx.xx.2019-cu il tarixli, 736 nömrəli məktubundan görünür ki, İddiaçı övladının adına ünvan 3 ünvanında şəxsi mənzili olduğu üçün ailə üzvlərinə ödənilən vahid aylıq müavinət mövcud qaydaların tələblərinə uyğun olaraq may 2019-cu il tarixdən dayandırılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla və iddiaçının izahatı ilə müəyyən edilmişdir ki,İddiaçı və onun ailə üzvləri -X6, X13, X12, X9 həqiqətən məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti 2019-cu ilin may ayınadək almışlar. xx.xx.2012-ci il tarixdə iddiaçının ailə üzvü X7 adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, 12D saylı fərdi yaşayış evi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətində olmaqla bütün ailə üzvləri həmin mənzildə yaşayırlar. Cavabdeh orqan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən onlara verilən müavinəti may 2019-cu il tarixdən dayandırmışdır. Qeyd edilməlidir ki, iddiaçının oğlu Qadir İbrahimov 2012-ci ildə ayrıca yaşayış sahəsi əldə edərkən məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin ödənilməsi qaydaları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli, 127 mömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimata əsasən müəyyən edilmişdir. Həmin Təlimatın:- -1.1-ci bəndinə əsasən işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№ li əlavə əsasında) hazırlayıb təsdiq edir və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. -1.1-ci bəndinin 2-ci hissəsinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (1№-li əlavəyə uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir. -1.2-ci bəndinin hissəsinə əsasən təsərrüfatbaşına kitabda məcburi köçkünlərin yerdəyişməsi barədə məlumatların düzgünlüyü yerli icra hakimiyyətlərinin müəyyən etdikləri komissiya tərəfindən yerli statistika orqanlarının nümayəndəsinin iştirakı ilə rübdə bir dəfə yoxlanılaraq bu barədə müvafiq akt tərtib edilir və yerli icra hakimiyyətləri başçıları tərəfindən təsdiq olunaraq nəticəsi üzrə müvafiq tədbirlər görülür. Həmin aktlar yerli icra hakimiyyətləri aparatının müvafiq şöbəsində saxlanılır. -1.3-cü bəndinə əsasən məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. -5.1-ci bəndinə əsasən məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki‑hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla) yemək xərci üçün aylıq müavinət verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil edilmir. Yuxarıda istinad olunan normativ xarakterli sənəddən göründüyü kimi məcburi köçkün olduqdan sonra ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilməsi istisna edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanuni olmuşdur. Odur ki, məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı yemək xərci müavinətinin bərpa edilməsi barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar