Məhkəmə qərarları › İş №2-1(114)-1201/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1201/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1201/2025 30.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və üçüncü şəxs Tərtər rayon Hüsənli Bələdiyyəsinin sədri X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Tərtər rayon Hüsənli Bələdiyyəsi) “ona Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 105 nömrəli sərəncamına əsasən icarəyə verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.54,5 ha torpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 105 nömrəli sərəncamı ilə sahibkarlıq məqsədi üçün 30 il müddətinə ayrılıb icarəyə verilmiş Tərtər rayonu, Köçərli kəndi ərazisində yerləşən dövlət mülkiyyəti olan 0.70 ha torpaq sahəsi üzərində icarə hüququnun və həmin torpaq sahəsində tikdiyi ticarət obyekti üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 105 nömrəli sərəncamı ilə sahibkarlıq məqsədi üçün 30 il müddətinə Tərtər rayonu, Köçərli kəndi ərazisində yerləşən dövlət mülkiyyəti olan 0.70 ha torpaq sahəsi ayrılıb ona icarəyə verilmişdir. "xxxx" ASC tərəfindən 0,70 ha torpaq sahəsində, yəni Yevlax-Xocalı-Laçın avtomobil yolunun 41-ci kilometrində yolun sağ tərəfində yerləşən qeyri-yaşayış obyektinə giriş-çıxış yolunun tikintisinə dair 21 sentyabr 2016-cı il tarixli, 208/i nömrəli Texniki şərt, "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixli QV/16-2457 nömrəli icarə vərəqəsi verilmiş, iddiaçının tikəcəyi obyektə dair tikinti layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində olan "xxxx" MMC tərəfindən 2016-cı ildə tərtib edilərək Tərtər RİH-nin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmaqla təsdiq edilmişdir. Beləliklə, iddiaçının bütün sənədləri qaydasında olduğuna görə 2017-ci ildən başlayaraq sözügedən torpaq sahəsində tikinti materialları satışı obyekti, yəni dəmir borulardan, metal listlərdən, şiveller və künclüklərdən istifadə etməklə layihədə nəzərdə tutulmuş çardağı tikmişdir. O, həmin obyektin tikintisinə 100minlərlə manat şəxsi vəsait xərcləmişdir. Çardağın qarşısından keçən magistral yolla səviyyənin bərabərləşdirilməsi üçün onun arxasını və hər iki tərəfdən yanlarını 40 sm enində 2,5 metr hündürlüyündə kubiklərlə hördürüb kənardan daşınmaqla minlərlə kubmetr torpaq və daş-çınqıl tökdürmüşdür. İddiaçı obyekt istifadəyə tam hazır olduğuna görə 2023-cü ilin ortalarından başlayaraq çalışmışdır ki, həm sözügedən 0,70 ha icarə torpaq sahəsinə, həm də bu torpaq sahəsinin üzərində tikdiyi ticarət obyektinə dövlət reyestrindən çıxarış alsın. Lakin bu mümkün olmamışdır. Bu məsələ ilə əlaqədar iddiaçının şifahi müraciətlərinə aidiyyatı dövlət orqanlarından, o cümlədən də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ona bildirilmişdir ki, o vaxtki Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı ərazi şöbəsi tərəfindən iddiaçının sənədləri (icarə müqaviləsi, rəy, icra başçısının sərəncamı və s.) elektron bazaya yerləşdirilməmişdir. Həmin sənədlər ********** kodu ilə bazaya yerləşdirilməli idi. Odur ki, baza məlumatlarında iddiaçının adına icarə torpaq müqaviləsi, 11 saylı Ərazi şöbəsinin rəyi və s. çıxmır, ********** nömrəli kod başqa rayona və başqa şəxsə aid kod kimi baza məlumatlarında görünür. İddiaçı hesab edir ki, ona sözügedən 0.70 ha torpaq sahəsinin ayrılması və onun üzərində tikdiyi obyekt 2016-cı il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının qanunvericilik aktlarına tam uyğun olaraq həyata keçirilmişdir. Odur ki, 11 saylı Ərazi şöbəsinin, yaxud Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 7 saylı Bərdə Ərazi İdarəsinin aidiyyəti məsul şəxsləri tərəfindən həmin məlumat və ya sənədlərin elektron bazaya yerləşdirilməməsi, yaxud düzgün yerləşdirilməməsi iddiaçının günahı deyil, ona çıxarış verilməsi təmin edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1201/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1201/2025 nömrəli qərardadı ilə Tərtər rayon Hüsənli Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına adi cəlb etmə qaydasında cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1201/2025 nömrəli qərardadı ilə iddia tələbi “ona Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 105 nömrəli sərəncamına əsasən icarəyə verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.54,5 ha torpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması” iddiası üzrə 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia tələbi əsassızdır, təmin edilməməlidir. Belə ki, vətəndaş İddiaçı Tərtər rayonu, Köçərli kəndi ərazisində yerləşən 0,70 ha torpaq sahəsi və üzərində inşa olunmuş qeyri-yaşayış binasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə xx.xx.2024 və xx.xx.2025-ci il tarixli ərizələr ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılmış xx.xx.2024-cü il tarixli **********14 nömrəli və xx.xx.2025-ci il tarixli **********05 nömrəli daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunması barədə bildirişlər göndərilmişdir. Aparılan araşdırmalar zamanı təqdim edilən Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Ərazi şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** nömrəli rəy barədə məlumat Daşınmaz Əmlakın Kadastrı və Reyestri İnformasiya Sistemində aşkar edilməmişdir. Qeyd olunanların nəzərə alınaraq, İddiaçı 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddiası əsassız olduğundan rədd edilməsi xahiş olunmuşdur. Üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələrinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Tərtər rayon Hüsənli Bələdiyyəsinin sədri X8 məhkəmə iclasında iddia tələbinə etiraz etmədiyini bildirdi. İşin halları Tərtər Rayon İcra Hakimiyyəti başçısının “Tərtər rayon Səhləbad kənd sakini İddiaçı rayonun Köçərli kəndində dövlət mülkiyyətində olan torpaq sahəsindən sahibkarıqla məşğul olmaq üçün 0,70 ha torpaq sahəsinin icarəyə verilməsi barədə” xx.xx.2016-cı il tarixli, 105 nömrəli sərəncamına əsasən, Tərtər rayon Səhləbad kənd sakini İddiaçı ərizəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı ərazi şöbəsinin xx.xx.2016-cı il tarixli, ********** saylı rəyinin nəzərə alınması, rayonun Səhləbad kənd sakini İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Köçərli kəndi ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsindən 0,70 ha torpaq sahəsinin icarə yolu ilə 30 (otuz) il müddətinə ayrılıb verilməsi, Tərtər Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi, İddiaçı sahibkarlıq məqsədi üçün icarə yolu ilə götürdüyü 0,70 ha torpaq sahəsinə müvəqqəti istifadə hüququna dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır. xx.xx.2016-cı il tarixli, 07 nömrəli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Tərtər Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli, 105 saylı sərəncamı əsasında Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.70 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı 30 il müddətinə icarəyə verilmişdir. Bunun müqabilində İddiaçı hər il 280 (iki yüz səksən) manat icarə haqqı ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 11 saylı Ərazi şöbəsi tərəfindən Tərtər rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, Tərtər rayon Səhləbad kənd sakini İddiaçı Köçərli kəndində dövlət mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıqla məşğul olmaq üçün 0.70 hektar torpaq sahəsinin ayırılmasına etiraz edilmir. Tərtər Rayon İcra Hakimiyyəti başçısının Aparatı Memarlıq və Tikinti şöbəsinin xx.xx.2016-cı il tarixli, 20 nömrəli “Tərtər rayonu, Köçərli kənd ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq məqsədi üçün Tərtər rayon Səhləbad kənd sakini İddiaçı icarə yolu ilə 0.70 ha torpaq sahəsi ayrılması barədə” rəyindən görünür ki, Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi bildirir ki, Tərtər rayon Səhləbad kənd sakini X1 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək Tərtər rayon Köçərli kəndi ərazisində dövlət mülkiyyətində olan torpaq sahəsindən sahibkarlıq məqsədi üçün ona icarə yolu ilə 0,70 hektar torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Həmin torpaq sahəsi sahibkarlıq məqsədi üçün icarəyə verilməsi ərazinin memarlıq görünüşünə xələl gətirmir, yerquruluşu, təsərrüfat planına və baş planına uyğun olmaqla heç bir kommunikasiya xətlərinə maneçilik törətmir, digər fiziki və hüquqi şəxslərin mənafeyinə toxunmur. -Odur ki, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi sahibkarlıq məqsədi üçün Tərtər rayon Köçərli kəndi ərazisində dövlət mülkiyyətində olan 0,70 hektar torpaq sahəsiniN X5 icarə yolu ilə verilməsinə etiraz etmir və həmin torpaq sahəsi üzrə müvafiq sənədləşmə işlərinin ararılmasını məqsədə müvafiq hesab edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı təqdim edilən Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı ərazi şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, ********** nömrəli rəy barədə məlumat Daşınmaz Əmlakın Kadastrı və Reyestri İnformasiya Sistemində aşkar edilməmişdir. Müraciətdə qeyd edilən torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması üçün Agentliyin müvafiq rəyi təqdim edilməmişdir. Tərtər Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Tərtər Rayon İcra Hakimiyyətinin xx.xx.2016-ci il tarixli, 105 saylı sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məktuba əlavə edilmişdir. Həmin torpaq sahəsində yerləşən ticarət obyektinə dair digər sənədlər rayon dövlət arxivinə mühafizə olunmaq üçün təhvil verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Tərtər rayonu, Köçərli kəndində yerləşən qeyri-yaşayış obyektinin təqdim olunmuş layihə və fotoşəkillərindən göründüyü kimi, əsaslı tikinti olmaması (çardaq) və layihə üzrə uyğunsuzluq səbəbindən ərizə icraata qəbul edilməmişdir. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 8sində yerləşən 0.7 ha torpaq sahəsinin vətəndaş İddiaçı icarəsinə verilməsinə dair Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli Sərəncamı və həmin Sərəncam əsasında onunla bağlanmış icarə müqaviləsi hazırda qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə dair rəy elektron kadastr məlumat bazasında torpaqların elektron kadastr uçotu informasiya sisteminə və faktiki istifadə vəziyyətinə əsasən hazırlanmışdır.

1. Məhkəmə qərardadına torpaq sahəsinə dair koordinatları əks etdirən sxem və digər sənəd əlavə olunmamışdır. Lakin iddiaçının iddia etdiyi və naturada göstərdiyi 0.67 ha torpaq sahəsinin 0.55 ha hissəsi elektron məlumat bazasında mövcud Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 105 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.70 ha torpaq sahəsinin yerquruluşu sxemindəki torpaq sahəsinin hüdudları daxilindədir.

2. İddiaçının iddia etdiyi və naturada göstərdiyi 0,67 ha torpaq sahəsinin sərhədləri naturada ölçülməklə sərhədləri, koordinatları, döngə nöqtələri müəyyən olunmuşdur və sxem rəyə əlavə edilmişdir.

3. TEKUİS-ə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Tərtər rayonu Nizami təsərrüfatının Köçərli kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, dövlət mülkiyyəti olmaqla digər təyinatlı torpaq sahəsidir.

4. İddiaçının iddia etdiyi və naturada göstərdiyi 0, 67 ha torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 44 kv.m hissəsı Bərdə-Ağdam dəmiryolu xəttinin torpaq sahəsi ilə üst-üstə düşür.

5. Faktiki və ya sənəd uzrə torpaq sahəsinin qaz kəmərinin muhafizə zolağına elektrik xəttinin qoruma zolağına çayların, göllərin mühafizə zonaları ilə ust-usta düşmə halları mövcud deyil. İddia edilən torpaq sahəsı Bərdə Ağdam avtomobil yolunun hərəkət zolağından16 metrlik məsafədə yerləşir. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 44 kv.m hissəsi Bərdə Ağdam dəmiryolu xəttinin torpaq sahəsi ilə üstüstə düşür.

6. İddiaçının iddia etdiyi və naturada göstərdiyi 0,67 ha torpaq sahəsinin üzərində yerləşən 0.30 ha tikilinin 0.26 ha hissəsi (Dəmir Talvar). Tərtər Rayon İcra Hakimiyyəti başçısının 07.09. 2016-cı il tarixli, 105 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.70 ha torpaq sahəsinin yerquruluşu sxemindəki torpaq sahəsinin hüdudları daxilindədir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş plan əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/2410 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın 1-ci və 3cü sualları üzrə: Tərtər rayonu, Köçərli kəndində yerləşən çardaq tikilisinin faktiki ölçülərinin "xxxx" MMC tərəfindən tərtib edilmiş layihədə qeyd olunan ölçüləri ilə uyğunluq təşkil etdiyi müəyyən edilir. "xxxx" MMC tərəfindən tərtib edilmiş layihədə çardaq tikilisindən əlavə qeyd olunan qeyri-yaşayış binası təqdim edilmədiyi üçün 3-cü sual üzrə tədqiqat aparılmamışdır. - Qərardadın 2-ci sualı üzrə: Tərtər rayonu, Köçərli kəndində yerləşən çardaq tikilisinin eni 18.0 metr, uzunluğu isə 150.0 metr olmaqla ümumi sahəsi 2700 kv.metr təşkil edir. Eksperiza xərclərinə dair Bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X3 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi

3. DƏDKR-in vəzifələri və hüquqları 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq;

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 105 nömrəli sərəncamına əsasən ona icarəyə verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.54,5 ha torpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müvafiq normalarına əsasən, qeyd olunan sənədlər hazırda mübahisələndirilən torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması üçün əsasdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, naturada təqdim edilmiş 0.67 ha torpaq sahəsinin 0.55 ha hissəsi elektron məlumat bazasında mövcud Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 105 nömrəli sərəncamı ilə İddiaçı icarəyə verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.70 ha torpaq sahəsinin yerquruluşu sxemindəki torpaq sahəsinin hüdudları daxilindədir. TEKUİS-ə əsasən iddiaçının naturada göstərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Tərtər rayonu Nizami təsərrüfatının Köçərli kəndi ərazisində aparılmış ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, dövlət mülkiyyəti olmaqla digər təyinatlı torpaq sahəsidir. İddiaçının naturada göstərdiyi 0, 67 ha torpaq sahəsi başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür, torpaq sahəsinin 44 kv.m hissəsi Bərdə-Ağdam dəmiryolu xəttinin torpaq sahəsi ilə üst-üstə düşür. Faktiki və ya sənəd uzrə torpaq sahəsinin qaz kəmərinin muhafizə zolağına elektrik xəttinin qoruma zolağına çayların, göllərin mühafizə zonaları ilə üst-üstə düşmə halları mövcud deyil. Qeyd olunan mütəxəssis rəyinə uyğun olaraq, iddiaçı tərəfindən iddia tələbinin həcmi azaldılmış və 0.54,5 ha torpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması xahiş edilmişdir. Məhkəmə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin TEKUİS-ə əsasən bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən isə, dövlət mülkiyyəti olmaqla digər təyinatlı torpaq sahəsi olması ilə bağlı qeyd edir ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 105 nömrəli sərəncamına əsasən iddiaçıya icarə üçün torpaq sahəsi ayrılan zaman ilkin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi nəzərə alınmışdır. Belə ki, həmin dövrdə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmış, lakin hələ torpaqların elektron kadastr uçotu işləri aparılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 105 nömrəli sərəncamına əsasən İddiaçı icarəyə verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.54,5 ha torpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Tərtər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 105 nömrəli sərəncamına əsasən İddiaçı icarəyə verilmiş Tərtər rayonu, Köçərli kəndində yerləşən 0.54,5 ha torpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar