Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1202/2020 16.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Samux Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Samux Bələdiyyəsinə qarşı alqı-satqı aktının təhvil verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Samux Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, istifadə etdiyi 24 m2 torpaq sahəsinin alqısatqı aktının təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə mağaza tikintisinin aparılması üçün 24 m2 torpaq sahəsinin ayrılması məqsədilə Samux rayon Kolayır Bələdiyyəsinə və Samux Rayon İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət etmişdir. Samux rayon Kolayır Bələdiyyəsində iddiaçının müraciətinə 26 avqust 2006-ci il tarixdə Bələdiyyə şurasının iclasında baxılmış və iclas protokolundan çıxarışa əsasən 24m2 torpaq sahəsinin ona satılması qərara alınmış, həmin qərara əsasən torpaq sahəsinin alınması üçün tələb olunan bütün ödənişlər iddiaçı tərəfindən ödənilmişdir. Lakin həmin vaxtdan Samux rayon Kolayır Bələdiyyəsi torpağının alqı-satqı aktını iddiaçıya verməmişdir. Bu səbəbdən həmin torpaq sahəsində tikilmiş mağazanı Daşınmaz Əmlakın Dövlət Reystrində qeydiyyata aldıra bilmir. Bundan əlavə Samux rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 24 m2 torpaq sahəsində mağaza tikintisinin aparılması üçün icazə verilməsi haqqında 28 sentyabr 2006-ci il tarixdə 169 nömrəli sərəncam verilmişdir. Həmin sərəncam əsasında yaradılmış komissiya 30 noyabr 2006-ci il tarixli aktla tikinti aparılması üçün nəzərdə tutulmuş torpaq sahəsi təhvil verilmişdir. Samux rayon İcra Hakimiyyətinin başçısı aparatının memarlıq və tikinti şöbəsi tərəfindən komersiya mağazasının tikintisi lahiyələndirilmiş və həmin plan əsasında tikinti aparılmışdır. Alqı-satqı aktının verilməsi üçün Samux Bələdiyyəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı 2006-cı ildə kommersiya məqsədilə Kolayır bələdiyyəsindən 24 m2 torpaq sahəsi alması ilə bağlı qərar almasına baxmayaraq alqı-satqı aktı almamışdır. 2006-cı ildə ona satılmış 24 m2 torpaq sahəsinin dəyəri ödənildikdən sonra o, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinə müraciyət edib aldığı torpağa dair alqı-satqı aktı, arayış və rəy almalı olduğu halda bunu etməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Samux Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 03 nömrəli məktubundan görünür ki,iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -Samux rayon Kolayır bələdiyyəsinin 26 avqust 2006-cı il 08 nömrəli iclas protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı ərizəsi nəzərə alınmaqla X1 evinin şərq hissəsində yerləşən ərazidən 24m2 torpaq sahəsinin ona satılması qərar alınmışdır. -Samux Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 169 nömrəli sərəncamından çıxarışın surətindən görünür ki, İddiaçı mağaza tikmək üçün Kolayır kəndində X1 evinin şərq hissəsində yerləşən ərazidən satılmış 24 m2 torpaq sahəsində həmin ölçüdə müasir memarlıq üslubunda mağaza tikintisinə icazə verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Samux rayon Kolayır bələdiyyəsinin 26 avqust 2006-cı il 08 nömrəli qərarına əsasən iddiaçıya torpaq sahəsinin satılması qərara alınsa da, həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmamış, bu səbəbdən mövcud olmayan hər hansı müqavilənin təqdim edilməsi və yaxud yeni tarixli alqı-satqı müqaviləsinin bağlanması barədə inzibati orqanın üzərinə öhdəlik qoyulması yolverilməzdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə verilir. -9.3-cü maddəsinə əsasən bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 20.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Samux Bələdiyyəsinə qarşı alqı-satqı aktının təhvil verilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1202/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1202/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver