Məhkəmə qərarları › İş №2-1(114)-1204/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1204/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1204/2020 27.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı Şəmkir şəhərində yerləşən, icarəsində olan 240.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri boyunca onun tərəfindən aparılacaq hasarlama işlərinə cavabdeh tərəfindən maneə törədilməsinin qadağan edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir şəhərində yerləşən, icarəsində olan 240.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri boyunca onun tərəfindən aparılacaq hasarlama işlərinə cavabdeh tərəfindən maneə törədilməsinin qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəmkir şəhərində yerləşən, Cavabdeh mülkiyyətində olan 240.0 ha kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsi xx.xx.2002-ci il tarixdən 50 il müddətinə onun icarəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair icarə hüquqları xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək, həmçinin kənar müdaxilənin, habelə digər şəxslərə məxsus mal-qaranın sahəyə girməməsi məqsədilə sahəni metal torla hasara almaq istədikdə Cavabdehmüdaxilə edərək imkan verməmiş, səbəbini əsaslandırmamışdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımı qaydada məlumat verilmişdir. İddiaçı məhkəməyə xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq işə onun iştirakı olmadan, Cavabdehsə 4/202 nömrəli, xx.xx.2020-ci il tarixli məktub ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 13565036 nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti; - İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin surəti; - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 6/03 nömrəli cavab məktubu; - məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X1 xx.xx.2020-ci il tarixli, **********82 nömrəli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Şəmkir şəhərində yerləşən, Cavabdeh mülkiyyətində olan 240.0 ha kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsi xx.xx.2002-ci il tarixdən 50 il müddətinə, yəni xx.xx.2052-ci il tarixədək İddiaçı icarəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair icarə hüquqları xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı həmin torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək, həmçinin kənar müdaxilənin, habelə digər şəxslərə məxsus mal-qaranın sahəyə girməməsi məqsədilə sahəni metal torla hasara almaq istədikdə Cavabdehmüdaxilə edərək imkan verməmişdir. Məhkəmə aşağıdakılara əsasən Cavabdeh müdaxilə ilə bağlı hərəkətlərini iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir şəhərində yerləşən, Cavabdeh mülkiyyətində olan 240.0 ha kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsi xx.xx.2002-ci il tarixdən 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 6/03 nömrəli cavab məktubundan görünür ki, icarəsində olan 240.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir qisminin metal torla hasara alınması təklifinə bələdiyyə etiraz etmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X1 xx.xx.2020-ci il tarixli, **********82 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 177 saylı sərəncamına əsasən Şəmkir rayonu Ceyrançöl qış otlaq sahəsində İddiaçı örüş-otlaq məqsədi üçün 250.0 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsinə dair İddiaçı adına ləğv edilmiş DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfindən JN-3294 saylı, xx.xx.2003-cü il tarixli “torpaqdan müvəqqəti istifadə hüququba dair” şəhadətnamə tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində olan torpaqlara,habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 11.6-cı maddəsinə əsasən bələdiyyə torpaqları mənfəət etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə icarə əsasında verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma,mənzil,ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Həmin Məcəllənin 81-ci maddəsində torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarından biri kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 712.3-cü maddəsində qeyd olunmuşdur ki, icarəçinin binalar ucaltmasına yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla yol verilir. İcarəyə verən icazə verməkdən imtina etdikdə icarəçinin müraciəti ilə bu icazə məhkəmənin qərarı ilə əvəz edilə bilər,bu şərtlə ki,dəyişiklik müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya icarə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. İcazə məhkəmənin müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qərarı ilə əvəz edilə bilər, məsələn, məhkəmə təminat verilməsi barəsində sərəncam verə bilər, habelə təminatın növünü və həcmini müəyyənləşdirə bilər. Əgər təminatın verilməsi üçün əsas aradan qalxarsa tərəfin müraciəti ilə məhkəmə təminatın qaytarılması barədə qərar qəbul edə bilər. Göründüyü kimi mövcud qanunvericilik normaları icarəçilər üçün icarədə olan torpaq sahəsində müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq hüququnu təsbit etmişdir. Cavabdehin İddiaçı icarəsində olan 240.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri boyunca onun tərəfindən aparılacaq hasarlama işlərinə müdaxilə etməsi icarəçi kimi onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. İşin faktiki hallarını, məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəmkir şəhərində yerləşən, Cavabdeh mülkiyyətində olan 240.0 ha kənd təsərrüfatı təyinatlı (örüş-otlaq) torpaq sahəsi xx.xx.2002-ci il tarixdən 50 il müddətinə İddiaçı icarəsinə verdilyindən, yəni həmin torpaq sahəsi xx.xx.2052-ci il tarixədək İddiaçı istifadəsində olduğundan və qanunvericilik normaları icarəçilər üçün icarədə olan torpaq sahəsində müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq hüququnu təsbit etdiyindən, həmin torpaq sahəsinin sərhədləri boyunca iddiaçı tərəfindən aparılacaq hasarlama işlərinə cavabdeh tərəfindən maneə törədilməsi qadağan edilməlidir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, inzibati orqanlar tərəfindən daxil olmuş cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar əsaslı olduğundan, iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Şəmkir şəhərində yerləşən, İddiaçı icarəsində olan 240.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri boyunca onun tərəfindən aparılacaq hasarlama (metal torla) işlərinə maneə törədilməsi Cavabdehnə qadağan edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şəmkir şəhərində yerləşən, İddiaçı icarəsində olan 240.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri boyunca onun tərəfindən aparılacaq hasarlama (metal torla) işlərinə maneə törədilməsi Cavabdehnə qadağan edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar