Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1207/2025 21.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Goranboy rayon Qaradağlı Bələdiyyəsi) “ünvan 1ində yerləşən, Qaradağlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 3 saylı qərarı ilə ona satılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən sənəd üzrə 0.08 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə ərizə ilə müraciət edərək ünvan 1i ünvanında yerləşən sənəd üzrə 0.08 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsindən ərizəyə cavab olaraq bildirilmişdir ki, təqdim olunan hüquqmüəyyənədici sənədlərin ekspertizası zamanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 10.2.2 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərdən biri "Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim olunmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də sənədin icrası mümkün olmamışdır. İddiaçı qeyd edir ki, təqdim olunan sənədlərə əsasən, Goranboy rayonu, Qaradağlı Bələdiyyəsinin 28 mart 2003-cü il, 3 saylı qərarı ilə X1 kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsindən 0.08 ha "Torpaq İslahatı haqqında" Qanunun 19-cu maddəsinə uyğun olaraq ona həyətyanı torpaq sahəsi kimi satılmasına razılıq verilmişdir. Belə ki sözügedən torpaq sahəsi Goranboy rayon Qaradağlı Bələdiyəsi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 52 nömrəli arayışdan görünür ki, Goranboy rayon Qaradağlı Bələdiyəsi tərəfindən 28 mart 2003-cü il tarixli 3 saylı qərarı ilə iddiaçıya satılmış 0.08 ha həyətyanı torpaq sahəsinin sənədləri hal-hazırda qüvvədədir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3681/2024 nömrəli qərardadı ilə Goranboy rayon Qaradağlı Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3681/2024 nömrəli qərardadı ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1207/2025 nömrəli qərardadı ilə iddia tələbi “ünvan 1ində yerləşən, Qaradağlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 3 saylı qərarı ilə ona satılmış 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “plan ölçü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı "torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması" iddiası üzrə 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia tələbi hesab edilir ki, əsassızdır, təmin edilməməlidir. Belə ki, vətəndaş Cəlilov X3 rayon Qaradağlı Bələdiyyəsinin 28 mart 2003-cü il tarixli 03 nömrəli qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir, vətəndaşın müraciətinə baxılmış və aşağıdakı kimi xx.xx.2024-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin əsilləri ilə müraciət olunması ilə bağlı məktub göndərilmişdir. “Goranboy rayon Qaradağlı Bələdiyyəsinin 28 mart 2003-cü il tarixli 03 nömrəli qərarı ilə ayrılmış 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəyə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 6, 8, 9, 10-cu maddələri ilə nəzərdə tutulmuş qayda və əsaslarla hüquq əldə edənin ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd və ərizəyə əlavə etdiyi sənədləri (bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qərarları, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər) əsasında aparılır. Eyni zamanda bildirilir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün həmin Qanun və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi ilə nəzərdə tutulmuş qaydada və miqdarda ərizəçi tərəfindən dövlət rüsumu dövlət büdcəsinə ödənilməsi barədə sənəd ərizəyə əlavə olunmalı və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq xidmət haqları ödənilməlidir. Mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq ərizənizə əlavə olunan torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin əsilləri, eyni zamanda həmin sənədlərin qüvvədə olması barədə Goranboy rayon Qaradağlı Bələdiyyəsinin müvafiq arayışı ilə 7 saylı Bərdə Ərazi İdarəsinin Goranboy rayon şöbəsinə və ya Bərdə regional "ASAN xidmət" mərkəzinə rəsmi müraciət olunarsa, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması zamanı dayanma və ya imtinaya səbəb olan hallar olmadığı təqdirdə, müraciətə qanunamüvafiq qaydada baxılacaqdır”. İmtina məktubundan da göründüyü kimi Ərazi İdarəsi tərəfindən hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizlik ediləməmiş, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla ərizənin icrasından imtina olunmuşdur. Bu səbəbdən də hesab edilir ki, Ərazi İdarəsinə qarşı qaldırılmış iddia əsassızdır. Qeyd olunanların nəzərə alınaraq İddiaçı 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddiasının əsassız olduğundan rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı Məzahir oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları Goranboy rayon Qaradağlı Bələdiyyəsinin xx.xx.2003-ci il tarixli, 03 nömrəli protokoluna və qərarına əsasən, Qaradağlı kənd sakini İddiaçı Məzahir oğlunun həyətyanı torpaq sahəsi almaq barədə olan ərizəsinin nəzərə alınması, Qaradağlı Bələdiyyə mülkiyyətinə verilmiş X1 kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsindən 0.08 ha “Torpaq İslahatı haqqında” qanunun 19-cu maddəsinə uyğun olaraq İddiaçı Məzahir oğluna həyətyanı torpaq kimi satılmasına razılığın verilməsi qərara alınmışdır. Goranboy rayon Qaradağlı Bələdiyyəsi və DT və XK Goranboy rayon şöbəsi tərəfindən tərtib edilmiş, yerin seçilmə aktından görünür ki, Qaradağlı BS-sı DT və XK Goranboy rayon şöbəsinə məktubla müraciət edərək, həmin kənd sakininə Bələdiyyə mülkiyyətinə verilmiş sahədən 0.08 ha həyətyanı torpaq sahəsinin satılmasını xahiş etmişdir. Bu məqsədlə komissiya Qaradağlı Bələdiyyə mülkiyyətinə verilmiş fermanın altı adlanan sahədən 0.08 ha həyətyanı torpaq sahəsinin Qaradağlı kənd sakininə satılmasını məqsədəmüvafiq bilmişdir. 001082 nömrəli qəbzdən görünür ki, Cəlilov X3 rayonu, Qaradağlı kəndindən həyətyanı torpaq sahəsi almaq üçün Goranboy rayon Qaradağlı Bələdiyyəsinə 352,400 manat pul ödəmişdir. Goranboy Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2022-ci il tarixli “Qaradağlı bələdiyyəsinin ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsinin müsabiqə yolu ilə satılması barədə” rəyindən görünür ki, Qaradağlı bələdiyyəsinin ərazisindən müsabiqə yolu ilə alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən torpaq sahəsinin məqsədli təyinatına, ərazinin yerquruluşu təsərrüfat planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyindən Goranboy rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi bildirir ki, Qaradağlı bələdiyyəsinin ərazisindən 0.08 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə İddiaçı Məzahir oğluna satıla bilər. Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, İddiaçı Məzahir oğlu tərəfindən Goranboy rayon Qaradağlı Bələdiyyə orqanına xx.xx.2003-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və İddiaçı Məzahir oğluna Qaradağlı bələdiyyə ərazisindən 0.08 ha torpaq sahəsinin satılması barədə xx.xx.2003-cü il tarixli, 03 nömrəli qərar qəbul edilmişdir. Goranboy rayon Qaradağlı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Goranboy rayon Qaradağlı Bələdiyyəsi tərəfindən 28 mart 2003-cü il tarixli 3 saylı qərarına əsasən ona satılmış 0,08 ha həyətyanı torpaq sahəsinin sənədləri halhazırda qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, təqdim olunan hüquqmüəyyənedici sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.2 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərdən biri “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim olunmamışdır. Bu səbəbdən də sənədin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahələrinə dair rəy elektron kadastr məlumat bazasında torpaqların elektron kadastr uçotu informasiya sisteminə və faktiki istifadə vəziyyətinə əsasən hazırlanmışdır.
1. Məhkəmə məktubuna Goranboy rayon Qaradağlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 3 saylı qərarı ilə İddiaçı satılmış, 0.08 ha torpaq sahəsi koordinatlarını əks etdirən sənəd əlavə edilmədiyindən təqdim edilən sxemdəki ayrılan torpaq sahəsinin məkanı iddiaçının naturada gösdərdiyi torpaq sahəsinin məkanı ilə uyğunluq təşkil edir.
2. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 0.0860 ha təşkil edir və koordinatları rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır.
3. Goranboy rayon Qaradağlı Bələdiyəsinin xx.xx.2003-cü il tarixi, 3 saylı qərarı ilə İddiaçı Mazahim oğluna satılmış 0.08 ha torpaq sahəsi koordinatlarını əks etdirən (Çıxarış plan ölçü və şəhadətnamə) sənədi olmadığından İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi mülkiyyət növü bələdiyyə kateqoriyası yaşayış məntəqələri torpaqlarına aid həyətyanı torpaq sahəsidir.
4. İddiaçının iddia etdiyi və naturada göstərdiyi 0.08 ha torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.
5. İddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi üzərində mühəndis komunikasiya xətləri mövcüd olmadığından qaz kəmərinin mühafizə zolağına, elektirik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, TEKUİS elektron məlumat bazasında 2007 ci il tarixə qədər Goranboy rayonu Qaradağlı bələdiyyəsinin qərarı əsasında digər şəxslərin mülkiyyət hüquqları qeydiyata alınmamışdır. İddiaçının naturada faktiki istifadə etdiyi 0.0860 torpaq sahəsi daxilində bələdiyyə qərarı əsasında iddiaçıya satılan 0.08 ha torpaq sahəsinin təsdiq olunmuş kordinatlarını əks etdirən sxem məhkəməyə göndərilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X2 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi
3. DƏDKR-in vəzifələri və hüquqları 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq;
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli 548 nömrəli Fərmanı
2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə
7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmiş, qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərdən biri “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Goranboy rayon Qaradağlı Bələdiyyəsi və DT və XK Goranboy rayon şöbəsi tərəfindən tərtib edilmiş, yerin seçilmə aktından görünür ki, Qaradağlı BS-sı DT və XK Goranboy rayon şöbəsinə məktubla müraciət edərək, həmin kənd sakininə Bələdiyyə mülkiyyətinə verilmiş sahədən 0.08 ha həyətyanı torpaq sahəsinin satılmasını xahiş etmişdir. Bu məqsədlə komissiya Qaradağlı Bələdiyyə mülkiyyətinə verilmiş fermanın altı adlanan sahədən 0.08 ha həyətyanı torpaq sahəsinin Qaradağlı kənd sakininə satılmasını məqsədəmüvafiq bilmişdir. Goranboy Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2022-ci il tarixli “Qaradağlı bələdiyyəsinin ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsinin müsabiqə yolu ilə satılması barədə” rəyindən görünür ki, Qaradağlı bələdiyyəsinin ərazisindən müsabiqə yolu ilə alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən torpaq sahəsinin məqsədli təyinatına, ərazinin yerquruluşu təsərrüfat planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmədiyindən Goranboy rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi bildirir ki, Qaradağlı bələdiyyəsinin ərazisindən 0.08 ha torpaq sahəsinin həyətyanı məqsədi ilə İddiaçı Məzahir oğluna satıla bilər. Goranboy rayon Qaradağlı Bələdiyyəsinin xx.xx.2003-ci il tarixli, 03 nömrəli protokoluna və qərarına əsasən, Qaradağlı kənd sakini İddiaçı Məzahir oğlunun həyətyanı torpaq sahəsi almaq barədə olan ərizəsinin nəzərə alınması, Qaradağlı Bələdiyyə mülkiyyətinə verilmiş X1 kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsindən 0.08 ha “Torpaq İslahatı haqqında” qanunun 19-cu maddəsinə uyğun olaraq İddiaçı Məzahir oğluna həyətyanı torpaq kimi satılmasına razılığın verilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair Aktdan görünür ki, İddiaçı Məzahir oğlu tərəfindən Goranboy rayon Qaradağlı Bələdiyyə orqanına xx.xx.2003-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və İddiaçı Məzahir oğluna Qaradağlı bələdiyyə ərazisindən 0.08 ha torpaq sahəsinin satılması barədə xx.xx.2003-cü il tarixli, 03 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin müvafiq normalarına əsasən, bələdiyyə tərəfindən qəbul edilmiş qərar, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsi barədə verdiyi rəy, torpaqların alqı-satqısına dair akt hazırda mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada təqdim etdiyi torpaq sahəsi mülkiyyət növü bələdiyyə kateqoriyası yaşayış məntəqələri torpaqlarına aid həyətyanı torpaq sahəsidir. Həmin torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsinin, həmiçinin qaz kəmərinin mühafizə zolağına, elektirik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmür. Cavabdehin imtinası ilə bağlı məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə əlavə olunan sənədlərdən biri “torpaq sahəsinin planı və ölçüsü”dür. Cavabdeh orqan qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının tələbinin təmin edilməsindən imtina etsə də, məhkəmə hesab edir ki, “torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması bələdiyyə qərarı əsasında torpaq sahəsi almış iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istisna etməməlidir. Belə ki, bələdiyyə tərəfindən torpaq sahəsi iddiaçıya satılan zaman sonuncuya naturada təqdim edilmiş və hazırda iddiaçıya həmin torpaq sahəsinin yeri müəyyəndir. Həmçinin iş üzrə mütəxəssis rəyinin verilməsi üçün həmin torpaq sahəsinə baxış keçirilmiş və naturada təqdim edilmiş torpaq sahəsinin bələdiyyə mülkiyyəti olmaqla yaşayış məntəqələrinə aid həyətyanı torpaq olması, torpaq sahəsi ilə başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsinin, eyni zamanda qaz kəmərinin mühafizə zolağına, elektirik xəttinin qoruma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər kommunikasiya xətlərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Göründüyü kimi qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istisna edən bir hal yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva