Məhkəmə qərarları › İş №2-1(114)-1208/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1208/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1208/2022 31.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 17.01.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 0.1106 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 0.1106 ha torpaq sahəsi var. Həmin torpaq sahəsi və onun üzərində vaxtı ilə yerləşən, 81.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən 03.02.2006-cı il tarixli texniki pasport mövcuddur. Qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklara yeni hüquqmüəyyənedici sənəd-daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Bu əsasla iddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 0.1106 ha torpaq sahəsinə dair çıxarış verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahənin ona məxsus olması evin texniki pasportu ilə təsdiq olunur. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, ümumilikdə 0.1106 ha torpaq sahəsinin heç bir hissəsinin iddiaçıya məxsus olması təsdiq edilmir. Yəni, texniki pasportda 400 kv.m sənəd üzrə 0.1106 ha faktiki sahə göstərilsə də, sahənin ona məxsus olması barədə hüquqmüəyyənedici sənəd yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 09.09.1999-cu il tarixli 6735 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı küçəsi 13 saylı evdə yaşayan X3 ərizəsi nəzərə alınmış və yaşayış evinin arxa hissəsindən istifadəsiz 400 kv.m torpaq sahəsi onun istifadəsinə verilmişdir. -surəti işə əlavə edilmiş AN-İ ******* nömrəli 30.01.2006-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 ŞİH Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən 13.01.2006-cı il tarixdə verilmiş 82 nömrəli arayışa əsasən iki otaqlı ümumi sahəsi 38.4 kv.m yaşayış sahəsi və 18.7 kv.m olan Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı küçəsi ev 13-də olan və 400.0 kv.m torpaq sahəsində yerləşən evi İddiaçı satmışdır. -Gəncə şəhər 7 saylı DNK-nın 30.01.2006-cı il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 2-ə dair alqı-satqı müqaviləsi təsdiq edildikdə X3 istifadəsində 706.6 kv.m artıq torpaq sahəsi olmuşdur. -surəti işə əlavə edilmiş 03.02.2006-cı il tarixli 12847 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 ünvan 2 ünvanda yerləşən yaşayış evi İddiaçı adına qeydə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 16.12.2021-ci il tarixli **********27 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 0.1106 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddia olunan torpaq sahəsinin əldə edilməsinə dair hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə edilməməsi təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. -71-ci maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. -71-ci maddəsinin İİ hissəsində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Göründüyü kimi dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. İş materiallarına əlavə edilmiş, eyni zamanda məhkəmənin müvafiq sorğusuna əsasən əldə edilmiş sübutlarla müəyyən edilir ki, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının 09.09.1999-cu il tarixli 6735 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı küçəsi 13 saylı evdə yaşayan X3 ərizəsi nəzərə alınaraq yaşayış evinin arxa hissəsindən istifadəsiz 400 kv.m torpaq sahəsi onun istifadəsinə verilmişdir. Bundan sonra 30.01.2006-cı il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncu özünə məxsus iki otaqlı ümumi sahəsi 38.4 kv.m yaşayış sahəsi və 18.7 kv.m olan Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, 26 Bakı Komissarı küçəsi ev 13-də olan və 400.0 kv.m torpaq sahəsində yerləşən evi iddiaçıya satmış və 03.02.2006-cı il tarixli 12847 nömrəli qeydiyyat vəsiqəsinə əsasən qeyd olunan ev üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. -5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. -50.7-ci maddəsinə əsasən torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər. İstinad olunan qanunvericiliyin tələblərindən görünür ki, torpaq sahəsi üzərində istifadə hüquqları başqalarına keçə bilər. Torpaq sahəsi üzərində hüquqların başqalarına keçməsi torpaq qanunvericiliyində və mülki qanunvericilikdə müəyyən edilmiş müvafiq qaydalarda həyata keçirilir. Torpaq üzərində hüquqların alqı-satqısı torpaq sahələrinin alqısatqısı qaydasında rəsmiləşdirilir. Lakin hazırki işin faktiki halları ilə müəyyən olunur ki, X4 məxsus evin həyətyanı torpaq sahəsi onun istifadəsinə verilmiş və onun tərəfindən iddiaçıya yalnız yaşayış evi satılmış, hazırda iddia olunan torpaq sahəsi alqı-satqı predmeti olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar