Məhkəmə qərarları › İş №2-1(114)-1209/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1209/2021

02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1209/2021 02.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı Əsəd qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Ağstafa bələdiyyəsi) qarşı torpaq sahəsi sərhədlərinin müəyyən edilməsi və ona verilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Əsəd qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağstafa bələdiyyəsinin 07.02.2006-cı il tarixli 05 saylı qərarı ilə ona Ağstafa bələdiyyəsinin ehtiyat fond torpaqlarından sahibkarlıq məqsədi üçün ayrılmış 100 kv.m torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək iddia ərizəsində texniki səhv olaraq cavabdehin adının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti göstərildiyini bildirmiş, həmin səhvin düzəldilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa Bələdiyyəsinin 07 fevral 2006-cı il tarixli, 05 saylı qərarı ilə ona Ağstafa bələdiyyəsinin ehtiyat fond torpaqlarından sahibkarlıq məqsədi üçün 100 kv.m torpaq sahəsi ayrılmış, eyni tarixli torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. 23.02.2006-cı il tarixində Ağstafa rayon DT və XK-nin rəyi əsasında razılaşma olmuşdur. Hazırda həmin torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi mümkünsüzlük yaratmışdır. Belə ki, tərəfindən cavabdehə və üçüncü şəxs Ağstafa Bələdiyyəsinə müraciət etmiş, verilən cavabda torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinin mümkünsüzlüyü bildirilmişdir. Bələdiyyənin bu hərəkəti (hərəkətsizliyi) onun hüquqlarını kobud şəkildə pozur və pozmaqda da davam edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Ağstafa Bələdiyyəsinin 07 fevral 2006-cı il tarixli, 05 saylı qərarı ilə iddiaçıya verilmiş 100 kv.m torpaq sahəsinin faktiki yerləşmə yerini bilir və həmin torpaq sahəsinin X1 ərazisində yerləşdiyi ona məlumdur. İddiaçının məqsədi 100 kv.m torpaq sahəsi üzərində mərkəz inşa edildiyindən əvəzinə kompensasiya olaraq başqa ərazidən 100 kv.m torpaq sahəsinin verilməsi və ya torpaq sahəsinin pulunun ödənilməsidir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Əsəd qızının adına 100 kv.m torpaq sahəsi dövlət reyestrində qeydiyyata alınmamışdır və iddiaçının iddia etdiyi torpaq sahəsi X1 ərazisində yerləşməsinə dair iddiaçıya məlumat verilmişdir. İş üzrə cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. İş materiallarında olan: - Ağstafa Bələdiyyəsinin 07 fevral 2006-cı il tarixli, 05 saylı qərarının surətindən görünür ki, İddiaçı Əsəd qızına Ağstafa bələdiyyəsinin ehtiyat fond torpaqlarından sahibkarlıq məqsədi üçün 100 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağstafa rayon şöbəsinin 23.02.2006-cı il tarixli 22 nömrəli rəyindən görünür ki, İddiaçı Əsəd qızına Ağstafa bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan 1-ci zonaya aid torpaqlardan sahibkarlıq məqsədi ilə 100 kv.m torpaq sahəsinin satılması qanunamüvafiqdir. - “Torpaqların alqı-satqısına dair” 11.04.2006-cı il tarixli 418 qeydiyyat nömrəli aktdan görünür ki, Ağstafa bələdiyyəsinin 07.02.2006-cı il tarixli qərarına əsasən İddiaçı Əsəd qızına 100 kv.m torpaq sahəsi satılmışdır. - Azərbaycan Respublikası Ağstafa rayonu Daş Kəsəmən kəndi keçmiş Nəvai adına sovxozun ərazisindən Ağstafa şəhər Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin yerquruluşu planından çıxarışa əsasən İddiaçı Əsəd qızına satılan 100 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi göstərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 19.04.2021-ci il tarixli **********85 nömrəli məktubundan görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının rəyi ərizəyə əlavə edilməmişdir. Bundan başqa ərizəsinin icrası ilə əlaqədar torpaq sahəsi yerində müayinə olunarkən müəyyən olunmuşdur ki, torpaq sahəsi X1 ərazisində yerləşir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsindəşəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun: - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Bu baxımdan məhkəmə tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbində Ağstafa bələdiyyəsinin 07.02.2006-cı il tarixli 05 saylı qərarı ilə ona Ağstafa bələdiyyəsinin ehtiyat fond torpaqlarından sahibkarlıq məqsədi üçün ayrılmış 100 kv.m torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan sənədlərlə sübuta yetirilmişdir ki, iddiaçı Ağstafa Bələdiyyəsinin 07 fevral 2006-cı il tarixli, 05 saylı qərarı ilə ona verilən 100 kv.m torpaq sahəsinin yerləşmə yerini bilir və bununla bağlı Ağstafa rayonu Daş Kəsəmən kəndi keçmiş Nəvai adına sovxozun ərazisindən Ağstafa şəhər Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin yerquruluşu planından çıxarış da mövcuddur. Bununla yanaşı həm iş materialları ilə, həm də iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, Ağstafa Bələdiyyəsinin 07 fevral 2006-cı il tarixli, 05 saylı qərarı ilə iddiaçıya verilən 100 kv.m torpaq sahəsi X1 ərazisində yerləşir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin 19.04.2021-ci il tarixli, **********85 saylı məktubunda qeyd edilmişdir ki, Ağstafa şəhərində yerləşən 0,01 ha torpaq sahəsinin yerində müayinə olunarkən X1 ərazisində yerləşməsi müəyyən edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından və nümayəndənin izahatından görünür ki, iddiaçının hüquqi marağı torpaq sahəsinin alınması ilə bağlı kompensasiya tələbidir. Belə olan halda, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Əsəd qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Ağstafa bələdiyyəsi) qarşı torpaq sahəsi sərhədlərinin müəyyən edilməsinə və ona verilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, Qəraraaldı: İddiaçı Əsəd qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs Ağstafa bələdiyyəsi) qarşı torpaq sahəsi sərhədlərinin müəyyən edilməsinə və ona verilməsinə dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar