Məhkəmə qərarları › İş №2-1(114)-121/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-121/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-121/2020 19.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, Üçüncü şəxs Samux Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 (üçüncü şəxs Samux Rayon İcra Hakimiyyəti) qarşı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-1742/2019 nömrəli qərardadı ilə Samux Rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2007-ci il tarixdə Samux Rayon İcra Hakimiyyəti tərəfindən ona verilmiş və bu barədə xx.xx.2007-ci il tarixli, 23 nömrəli order verilmişdir. O ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 müraciət edərək qeyd olunan fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsini xahiş etmiş, lakin inzibati orqan bundan imtina etmişdir. Cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs Samux Rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı adına verilən xx.xx.2007-ci il tarixli, 23 saylı order mənzillərin şəffaflıq şəraitində paylanmasının təmin edilməsi məqsədi ilə yaradılmış Komissiyanın xx.xx.2006-cı il tarixli qərarına və Samux Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli sərəncamına əsasən verilmiş və orderdə mənzilin xüsusi təyinatlı mənzil fonduna aid olduğu üçün satılması, bağışlanması, girov qoyulması və kirayə verilməsinin yol verilməzliyi qeyd edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən sosial mənzil xüsusi təyinatlı mənzil fonduna (sosial mənzil) aid olduğu üçün xüsusi mənzil kimi hüquqların dövlət reyestrində qeydiyyata alınması etiraz etmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Həmçinin iddiaçının tələbinə dair cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli, **********63 nömrəli yazılı etirazı xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı tərəfindən məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Samux Rayon İcra Hakimiyyəti başçısının Samux şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 860 nömrəli arayışı; - xx.xx.2007-ci il tarixli, 23 nömrəli order; - Samux rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışı; - Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatı Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş şöbəsinin xx.xx.2019-cu il tarixli, 45 nömrəli arayışı; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********13 nömrəli bildirişinin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativhüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Samux şəhəri Heydər Əliyev prospektində yerləşən 172 saylı sosial evin 05 saylı mənzilinə, Samux şəhəri (əvvəlki Nəbiağalı qəsəbəsi) ünvanında qeydiyyatda olan İddiaçı adına verilən xx.xx.2007-ci il tarixli, 23 saylı order mənzillərin şəffaflıq şəraitində paylanılmasının təmin edilməsi məqsədi ilə yaradılmış Komissiyanın xx.xx.2006-cı il tarixli Qərarına və Samux Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2007-ci il tarixli sərəncamına əsasən verilmiş və orderdə mənzilin xüsusi təyinatlı mənzil fonduna (sosial mənzil) aid olduğu üçün satılması, bağışlanılması, girov qoyulması və kirayə verilməsinin yolverilməzliyi qeyd olunmuşdur. Həmçinin İddiaçı mənzili aldığı vaxtdan orada yaşamamış və həmin mənzili xüsusi təyinatlı mənzil fonduna (sosial mənzil) aid olmasına baxmayaraq kirayəyə vermişdir. Yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» xx xxxxxx 1993-cü il tarixli 463 saylı qanunu (bundan sonra- Mənzilin özəlləşdirilməsi haqqında qanun) ilə, eləcə də x xxxxxxx 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsi ilə tənzimlənir. Yeni Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra Mənzilin özəlləşdirilməsi haqqında qanunun normaları yalnız Mənzil Məcəlləsinə zidd olmadığı hissədə tətbiq edilir. Özəlləşdirmə hüququ Azərbaycan Respublikasının vətəndaşlarına, eləcə də dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə yaşayış sahəsinin icarəsi haqqında müqavilə bağlamış vətəndaşlığı olmayan şəxslərə məxsusdur (əcnəbilərə bu hüquq verilmir). 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsi – Mənzil Məcəlləsinin qüvvəyə minməsinə qədər Mənzilin özəlləşdirilməsi haqqında xx xxxxxx 1993-cü il tarixli qanuna əsasən, dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququna malik olan şəxslərin hüquqlarını saxlayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Nəzərə almaq lazımdır ki, Mənzilin özəlləşdirilməsi haqqında qanun yeni Mənzil Məcəlləsinin qanuni qüvvəyə minməsindən sonra onun normalarına əsasən vətəndaşlara verilmiş dövlət mənzil fondunun sosial və xüsusi təyinatlı yaşayış sahələrinə şamil edilmir. İddiaçının, üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etdiyi mənzil də xüsusi təyinatlı mənzil fonduna (sosial mənzil) aid olduğundan, həmin mənzilin iddiaçının mülkiyyətinə verilməsi halı istisna edilir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına, cavabdehin etirazına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 hazırki iddia tələbinə qarşı məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, **********63 nömrəli etirazda qeyd edilənləri əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 (üçüncü şəxs Samux Rayon İcra Hakimiyyəti) qarşı fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 (üçüncü şəxs Samux Rayon İcra Hakimiyyəti) qarşı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar