Məhkəmə qərarları › İş №2-1(114)-121/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-121/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-121/2022 11.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 31.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 1992-ci ildən 2002-ci ilin may ayına qədər olan müddətlərin ona əmək pensiyası hüququ verən sığorta stajına daxil edilməsi və VÖEN hesabına etdiyi ödəniş qəbzlərinin sosial sığorta hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1973-cü ildə Kirovabad Toxuculuq kombinatına çilingər vəzifəsinə işə girmiş, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuş, 1974-cü ilin iyul ayından öz ərizəsi ilə işdən azad olunmuş, 1976-cı ilin noyabr ayından Gəncə Xalça kombinatında fəhlə işləmiş, 1987-ci ilin yanvar ayından istehsalat rəisi vəzifəsində çalışmış, 1987-ci ilin yanvar ayından 1989-cu ilin iyun ayına kimi Türkmənistan Respublikasında Xalça Kombinatına istehsalat rəisi vəzifəsində işləmiş, 1989-cu ilin iyun ayından 2002-ci ilin may ayına kimi “Eriş” kooperativində istehsalat rəisi işləmişdir. Bundan başqa iddiaçı mağaza işlətməsi ilə əlaqədar 2013-2014-cü illər vergi ödəyicisi olmuşdur. İddiaçı əmək pensiyası almaq məqsədilə cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 01.12.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı “1992-ci ildən 2002-ci ilin may ayına qədər olan müddətlərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 11.01.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. İddiaçı və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan 01.01.1992-ci il tarixdən 20.05.2002-ci il tarixədək Türkmənistan Respublikası “Eriş” kooperativində işləməsi faktının qarşılıqlı yoxlanılması qeyri-mümkündür. Bu səbəbdən həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunan müəssisədə işlədiyi illər nəzərə alınmadıqda iddiaçının ümumi sosial sığorta stajı cəmi 18 il 24 gün təşkil edir və qanunvericiliyin minimum 25 il sosial sığorta stajı tələbi ödənilmir. Bu səbəbdən də ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 06.08.2021-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş İddiaçı məxsus 18.07.1974-cü il tarixli əmək kitabçasından görünür ki, sonuncu 04.09.1973-cü il tarixdən 14.06.1989-cu il tarixədək ayrı-ayrı müəssisələrdə, 15.06.1989-cu il tarixdən 20.05.2002-ci il tarixədək isə “Eriş” kombinatında işləmişdir. -surəti işə əlavə edilmiş ИB 041884 nömrəli 05.07.1983-cü il tarixli diplomdan görünür ki, İddiaçı 1977-1983-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. -X4 26.01.2011-ci il tarixli 12 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən 12.01.1987-ci ildən X2 bəzək sexinin rəisi təyin edilmiş, 14.06.1989-cu ildə öz arzusuna əsasən X3 işdən azad edilmişdir. -“Eriş” İstehsalat Kooperativinin 31.01.2011-ci il tarixli, 02 və 03 nömrəli arayışlarından görünür ki, İddiaçı 15.06.1989-cu il tarixdə “Eriş” İstehsalat Kooperativində aparat-əyirmə istehsalatının müdiri işinə qəbul edilmiş, 20.05.2002-ci il tarixdən öz arzusu ilə işdən xaric edilmişdir. -“Eriş” İstehsalat Kooperativinin 31.01.2011-ci il tarixli arayışlarından görünür ki, İddiaçı 1989-cu ilin iyun ayından 2002-ci ilin iyun ayınadək “Eriş” İstehsalat Kooperativində işləyərək əmək haqqı almışdır. -surəti işə əlavə edilmiş BO 076623 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 16.11.1974-cü il tarixdən 25.11.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 1992-2002-ci illərdə işlədiyi müddətlərə dair əmək kitabçasında öz əksini tapan qeydləri qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin illərin sosial sığorta stajına daxil edilməsindən, eləcə də bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh orqanın əmək kitabçasında olan qeydləri qarşılıqlı yoxlanılması mümkün olmadığına görə həmin illərin pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsindən, eləcə də bu əsasla yaşa görə pensiya təyin edilməsindən imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olur ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 əsas eyni anda mövcud olmalıdır: 1) vətəndaşın yaşı bu qanunda göstərilən yaş həddində olmalı; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir yaxud azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya nəzərən 1-ci əsasla bağlı qeyd olunmalıdır ki, o, qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 14.02.2021-ci il tarixdə pensiya almaq hüququ qazanmışdır. İddiaçının cavabdeh tərəfindən hesablanan ümumi stajı 28 il 6 ay 11 gün müəyyən edilmiş, bu müddətdən 18 il 24 gün onun mübahisələndirilməyən sığorta stajı kimi nəzərə alınsa da, 10 il 5 ay 19 günü mübahisələndirilən sığorta stajı kimi qiymətləndirilmiş, başqa sözlə iddiaçının 01.01.1992-ci il tarixdən 20.05.2002-ci il tarixədək Türkmənistan Respublikası “Eriş” kooperativində işləməsi faktının qarşılıqlı yoxlanılması mümkün olmadığından həmin müddət onun sosial sığorta stajı kimi nəzərə alınmamış, nəticə etibarı ilə onun 25 il sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən nəzərə alınmayan iş müddəti iddiaçının başqa dövlətin ərazisində olan əmək fəaliyyətini əhatə edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İşdə olan sənədlərdən görünür ki, 1992-2002-ci illərdə iddiaçıya hesablanmış əmək haqqı məbləğlərindən Türkmənistan Respublikasının Dövlət Sosial Sığorta Fonduna tutulmalar edilmişdir. Cavabdeh orqan isə həmin məlumatlarla bağlı araşdırma aparmamış, məlumatları yuxarıda bəhs olunan hüquq normalarına əsasən qiymətləndirməmişdir. Məhkəmə işin faktiki hallarına və qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının əmək haqqından 1992-2002-ci illərdə məcburi dövlət sosial sığorta ödəmələri olduğundan bu illər onun sığorta stajına daxil edilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının müvafiq müəssisədə işləməsini təsdiq edən arayışlarda göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə iddiaçının iş stajını təsdiq edən “Eriş” İstehsalat Kooperativinin müvafiq arayışlarına əsasən 1992-2002-ci illərdə iddiaçının ümumilikdə 10 il 5 ay 19 gün sığorta sığorta stajı yaranır. Məhkəmə qeyd olunan arayışları mötəbər sübut kimi qəbul edir. Bundan başqa iddiaçıya məxsus əmək kitabçasına və hərbi biletə əsasən onun 18 il 24 gün sığorta stajı yaranmışdır ki, bu işin mübahisəsiz halıdır. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, hazırki halda müvafiq arayışlarda və əmək kitabçasında öz təsdiqini tapmış sığorta stajı, eləcə də hərbi xidmət dövrü də nəzərə alındıqda onun ümumilikdə 28 il 6 ay 11 gün sığorta stajı yaranmış olur. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Odur ki, məhkəmə hesab edir ki, 1992-ci ildən 2002-ci ilin may ayına qədər olan müddətlərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 01.01.1992-ci il tarixdən 20.05.2002-ci il tarixədək Türkmənistan Respublikası “Eriş” kooperativində işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar