Məhkəmə qərarları › İş №2-1(114)-121/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-121/2023

31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-121/2023 31.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8330 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi, daha sonra iddiaçının nümayəndəsi və vəkili “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8330 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********0310 nömrəli qərarına əsasən Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021ci il tarixdə iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, 2573/74 məhəllə ünvanında yerləşən obyektdə operativ vergi nəzrət tədbirləri həyata keçirilmiş və alış dəyəri 312.876,97 manat olan malların alışını və mədaxilini təsdiq edən sənədlərin olmadığı müəyyən edilmişdir. Keçirilmiş operativ vergi nəzarət tədbirinin nəticələrinə dair xx.xx.2021-ci il tarixli DVX seriyalı 001790 nömrəli akt tərtib edilmiş və tərtib edilmiş akta baxılmanın nəticəsinə dair cavabdehin "Vergi ödəyicisinin vergi ganunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********8330 nömrəli qərar qəbul olunaraq iddiaçı barəsində 31.287,70 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Operativ vergi nəzarəti tədbiri zamanı aşkar olunmuş alış sənədləri olmayan malların qiyməti MBA LTD MMC-nin təqdim etdiyi qiymətləndirmə rəyi əsasında müəyyən edilmişdir. Onların əksəriyyəti köhnəlmiş, qüsurları olan, təmiri mümkün olmayan və bu səbəbdən illərdir anbarda qalmış mallardır və satışı faktiki olaraq mümkün deyildir. Buna baxmayaraq, MBA LTD MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli MB-13-1257 nömrəli qiymətləndirmə rəyində malların köhnə, qüsurları olan, təmiri mümkün olmayan mallar olması nəzərə alınmamış və real qiymətlərindən dəfələrlə artıq qiymət müəyyən edilmişdir. Odur ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli qərarından inzibati qaydada şikayət verilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********340500 nömrəli qərarına əsasən iddiaçı tərəfindən verilmiş inzibati şikayət təmin edilməmiş və tarixdə cavabdehin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********340500 nömrəli qərarından iddiaçı tərəfindən İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına verilmiş şikayət təmin edilməmiş və sonuncunun 10 iyun 2022-ci il tarixli 39 nömrəli Qərarına əsasən cavabdehin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2021-ci il tarixli qərarı və Dövlət Vergi Xidmətinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" xx.xx.2021-ci il tarixli **********340500 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********444900 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********0310 nömrəli xx.xx.2021-ci il tarixli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarına əsasən iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, 2573/74 məhəllə ünvanında yerləşən anbarında malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsinə dair operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin etibarnamə üzrə nümayəndəsi Əliyeva Günay "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarla, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla və operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə ilə tanış edilmiş və onun tərəfindən imzalanmışdır. Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus anbarda alışı Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada rəsmiləşdirilməyən mallar aşkar olunmuşdur. Həmin malların alış qiymətlərini müəyyənləşdirmək üçün "Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********2198 nömrəli Qərar əsasında ekpert cəlb edilmişdir. Vergi nəzarət tədbiri zamanı vergi ödəyicisinin Bakı şəhəri, Sabunçu rayonu, 2573/74 məhəllə ünvanında yerləşən anbarında alış qiyməti ilə 790.708,15 manat dəyərində malın olduğu müəyyən olunmuşdur. 36B invoys, E-QF, alış aktları ilə üzləşmə aparılmış, 312876,97 manat dəyərində malın alışının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilmədiyi müəyyən olunmuşdur. Bu faktla bağlı vergi ödəyicisinin iştirakı ilə 21 oktyabr 2021 tarixli DVX seriyalı 001790 nömrəli "Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsəsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında" Akt tərtib olunmuş, akt və akta əlavə olunmuş siyahın hər səhifəsi İddiaçı tərəfindən imzalanmışdır. İddiaçının yoxlamanın nəticəsinə dair aktla bağlı hər hansı etirazı olmadığı üçün Vergi Məcəlləsinin 49-cu maddəsinin tələbləri gözlənilməklə iddiaçı barəsində keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021-ci il tarixli 001790 nömrəli akt əsasında xx.xx.2021-ci il tarixli **********8330 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilərək, iddiaçı 31287,70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi iddiaçının yoxlamanın nəticəsinə dair akta hər hansı etirazı olmamış, yoxlamanın nəticəsini qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Lakin Operativ vergi nəzarətinin nəticəsinə dair aktdan da göründüyü həmin akta dair iddaçının hər hansı etirazı olmamış, aktı imzalamış, aktın bir nüxsəsini ona əlavə edilmiş sənədlərlə birlikdə qəbul etmişdir. Vergi orqanı da bu səbəbdən Vergi Məcəlləsinin 49.1.1-ci maddəsində göstərilən qərarı qəbul etmişdir. Bundan əlavə iddiaçı ərizəsində malların əksəriyyətinin köhnəlmiş, qüsurları olan, təmiri mümkün olmayan və səbəbdən illərdir anbarda qalmış mallar olduğunu, həmin malların satışın faktini mümkün olmadığını, "xxxx" MMC tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyində malların köhnə qüsurları olan, təmiri mümkün olmayan mallar olması nəzərə alınmadığını qeyd edir. İddiaçının bu dəlilin əsassız olduğunu yuxarıda qeyd edilənlər kifayət qədər sübut edir. Çünki iddiaçı mallar üzrə tərtib olunmuş siyahını, eyni zamanda aktı imzalamış, Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aktda hər hansı qeyd aparmamışdır. Həmin sənədləri imzalamaqla faktiki olaraq anbarında olan malların qiymətinin məhz müəyyən olunan kimi olmasını etiraf etmiş, operativ vergi nəzarəti tədbirinin nəticəsini qəbul etmişdir. Beləliklə, iddia ərizəsinə və işin faktiki hallarına nəzər yetirməklə görmək olur ki, iddianın dəlillərində inzibati aktın, eləcə də vergi orqaı əməkdaşlarının hərəkətlərinin qanunsuzluğunu sübut edəcək heç bir əsaslı hal yoxdur. İddiaçı cavabdehin qanuní salahiyyətləri daxilində qəbul edilmiş qərarı mübahisələndirməklə tətbiq edilmiş maliyyə sanksiyasını ödəməmək, mövcud vergi öhdəliyini yerinə yetirməmək niyyətini ehtiva etdirmişdir. Cavabdeh iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli MB 15/1260 nömrəli ekspert rəyinə və iddia ərizəsinə əlavəyə xx.xx.2022-ci il tarixli, **********473900 nömrəli etirazını təqdim edərək bildirmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli MB 15/1260 nömrəli ekspert rəyi sübut kimi qəbul edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, həmin malların alış qiymətini müəyyənləşdirmək üçün “Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********2198 nömrəli Qərar əsasında ekpert cəlb edilmişdir. Vergi nəzarət tədbiri zamanı vergi ödəyicisinin Bakı şəhəri, Sabunçu rayonu, 2573/74 məhəllə ünvanında yerləşən anbarında alış qiyməti ilə 790.708,15 manat dəyərində malın olduğu müəyyən olunmuşdur. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********2198 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, 2573/74 məhəllə ünvanında yerləşən obyektdə (anbarda) olan mal-materialların (mebellərin) orta real bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və müvafiq ekspertizanın aparılması "xxxx" MMC-nin qiymətləndirici eksperti X4 həvalə edilmişdir. xx.xx.2021-ci il tarixli DVX seriyalı 000091 nömrəli "Ekspertizanın keçirilməsi haqqında qərarla tanış olma protokolu" iddiaçının iştirakı ilə tərtib edilmişdir. Həmçinin iddiaçı xx.xx.2021-ci il tarixli MB 13-1257 nömrəli rəylə tanış olmuş, hər səhifəsini imzalamışdır. Belə olan halda qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli MB 13-1257 nömrəli rəyin mətəbərliyini İddiaçı qəbul etmişdir. Sonradan, yəni yoxlamanın keçirilməsindən 1 il sonra (xx.xx.2022-ci il tarixdə) iddiaçının "xxxx" MMC-yə müraciət edərək həqiqliyi şübhə doğuran rəy əldə etməsi onun qanunla müəyyən edilmiş vergi öhdəliyinin icrasından yayınması kimi başa düşülməlidir. Cavabdeh inzibati orqan olaraq xx.xx.2022-ci il tarixli rəyə tənqidi yanaşırıq və hesab edirik ki, sübut kimi qəbul edilməməlidir. Sözügedən rəyə tənqidi yanaşmağımız səbəbləri bunlardan ibarətdir: -Birincisi, xx.xx.2022-ci il tarixli rəydə iş üzrə iddiaçı olan İddiaçı vergi orqanında olan uçot baza məlumatlarına əsasən sahibkarlıq fəaliyyətini 3 fərqli obyektdə həyata keçirir. Məhz vergi orqanı tərəfindən vergi nəzarəti tədbirləri də həmin obyektləri əhatə etmişdir. Lakin xx.xx.2022-ci il tarixli rəydə ekspertin İddiaçı fəaliyyət göstərdiyi hansı obyekt üzrə malların bazar qiymətinin müəyyən edildiyi göstərilməmişdir. Rəyin nəticə hissəsində, ümumiyyətlə, İddiaçı məxsus olan əsas vəsaitlərin qalıq dəyəri göstərilmişdir. -İkinci xx.xx.2022-ci il tarixli rəylə razılaşmadığımız məqam ekspertin iddiaçıya məxsus olan əsas vəsaitlərin xx.xx.2022-ci il tarixə olan bazar qiymətinin müəyyən edilməsi ilə bağlıdır. Nəzərə alsaq ki, Bakı şəhəri, Bakı şəhəri, Sabunçu rayonu, 2573/74 məhəllə ünvanında yerləşən anbarda operativ vergi nəzarəti xx.xx.2021-ci tarixdə aparılmışdır. Belə olan halda ekspertin yoxlamadan 1 il sonra mebel məmulatlarının qiymətləndirilməsini aparması tamamilə əsassız yanaşmanı özündə ehtiva etdirir. məqam isə -Növbəti razılaşmadığımız xx.xx.2022-ci il tarixli ekspert rəyini tərtib etmiş X2 peşəkarlılığını sübut edən sənədə istinad olunması və rəyə əlavə edilməməsi ilə bağlıdır. xx.xx.2021-ci il tarixli MB 13-1257 nömrəli rəyi tərtib etmiş X5 Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin verdiyi xx.xx.2017-ci il tarixli sertifikata əsasən "İstehlak mallarının qiymətləndirilməsi sahəsində mütəxəsisslərin sertifikatlasdirimasi sistemi haqqinda Əsasnamə"nin tələblərinə əsasən müvafiq ixtisas kursunu müvəffəqiyyətlə bitirmişdir. Bu mənada qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli rəy daha peşəkar qiymətləndirici tərəfindən tərtib olunmugdur. Eləcə də xx.xx.2022-ci tarixi rəydəki qiymətlər bazar qiymətindən dəfələrlə aşağı olaraq qeyd olunmuşdur. Cavabdeh orqan həmçinin, iş üzrə keçirilmiş ekspert rəyinə də yazılı etirazını təqdim etmişdir. Etirazında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli 9/148 nömrəli ekspert rəyi tədqiq edilmişdir. Rəyin nəticəsi əsassız olduğundan, işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul edilməməlidir. Yuxarıda qeyd edilən xüsusatdan görünür ki, yoxlama tədbirinin nəticəsi üzrə müvafiq sənədlərlə təsdiqini tapmamış 312.876.97 manat dəyərində mal qalığının olması faktının iddiaçının imzası ilə qəbul edildiyindən sonradan ekspertin hər hansı mötəbər sübuta əsaslanmadan gəldiyi nəticə sübut kimi qəbul edilə bilməz. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli rəy tədqiq edilərkən müəyyən edilmişdir ki, sözügedən rəydə göstərilmiş qiymətlər bazarda həmin mallar üçün mövcud olmuş qiymətlər əsasında deyil, ekspertin şəxsi təxəyyülünun nəticəsi olaraq qeyd edilmişdir. Belə ki, qiymətlər dəfələrlə aşağı dərəcədə göstərilmişdir. Nəticədə ekspert iddiaçının vergi öhdəliyindən yayınması üçün şərait yaratmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. İşdəki sənədlərə görə: Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********0310 nömrəli qərarı ilə iddiaçı olan vergi ödəyicisi üzrə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021 il tarixdən xx.xx.2021 il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. Qərar KY211646166 yoxlama kodu ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, **********0311 nömrəli tələbnamə ilə bank və kassa sənədləri, gəlir və xərcləri təsdiq edən sənədlər, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, xüsusi razılıq (lisenziya) və vergilərin hesablanması üçün zəruri olan digər mühasibatlıqmaliyyə sənədlərinin təsdiq edilmiş surətləri və vergi ödəyicəsinin fəaliyyəti ilə bağlı elektron fayllar, alış və satış sənədləri, alınmış və satılmış mallar barədə E-qaimə, gömrük bəyannamələri, əldə olunmuş və təqdim edilmiş e-qaimələr üzrə alınmış malların təhvilləslim aktları, olduğu təqdirdə qeyd olunan sənədlərdəki məlumatlara dair elektron faylların təqdim edilməsi vergi ödəyicisindən tələb olunmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, 2573/74 məhəllə ünvanda yerləşən anbarda 1172 adda mal aşkar edilmiş və bu barədə DVX seriyalı 001257 nömrəli siyahı tərtib edilmişdir. Həmin siyahıya əsasən iddiaçıya məxsus 1172 adda mal-materialların alış qiyməti 790.708,15 manat, elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan malın məbləği isə 312.876,97 manat təşkil edir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2198 nömrəli qərarı ilə iddiaçıya məxsus anbarda olan mal-materialların (mebellərin) orta real bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-X5 ekspert kimi dəvət edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MB 13-1257 nömrəli əsas vəsaitlərin qiymətləndirilməsi üzrə hesabata əsasən Bakı şəhəri, Sabunçu rayonu, 2573- 74-cü məhəllədə yerləşən anbarda iddiaçıya məxsus 1172 adda mal-materialların (mebellərin) orta real bazar qiymətləri (satış qiyməti) 1.250.267,72 manat təşkil edir. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş DVX seriyalı, 001790 nömrəi aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, 2573/74 məhəllə ünvanında yerləşən anbarda alış qiyməti ilə 790.708,15 manat məbləğində mal qalığı aşkar olunmuş, 36B, insoys, e-QF, alış akları ilə üzləşmə aparılmış, 312.876,97 manat dəyərində sənədsiz mal qalığı aşkar olunmuşdur. Malların alış dəyəri ekspert rəyinə əsasən götürülmüşdür. Cavabdehin xx.xx.2021-ci il tarixli **********8330 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 31287.70 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********340500 nömrəli qərarına əsasən iddiaçının xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********8330 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2022-ci il tarixli 39 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********340500 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MB 15/1260 nömrəli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Sabunçu rayonu, 2573- 74-cü məhəllədə yerləşən anbarda iddiaçıya məxsus 1172 adda mal-materialların (mebellərin) orta real bazar – satış qiymətləri 147.950 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/148 nömrəli ekspert rəyinə əsasən siyahıda qeyd olunan malmaterialların 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 147.950 manat müəyyən olunmuşdur. Rəy verilərkən Bakı şəhərində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də, Mərkəzdə olan məlumatlardan istifadə edilmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti, ekspert rəyi əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2100/2022 nömrəli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı qismən əsaslı hesab edir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən operativ vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8330 nömrəli qərarın ləğv edilməsinə yönəldilmişdir. İşin faktiki hallarından görünür ki, operativ vergi yoxlaması zamanı Bakı şəhəri, Sabunçu rayonu, 2573/74 məhəllə ünvanda yerləşən iddiaçıya məxsus anbarda 1172 adda mal-materiallar aşkar edilmiş, həmin mallardan 510 adda olanı istisna olmaqla qalan malların alışına və mədaxilinə dair hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmin malların ümumi dəyəri 312.876,97 manat qiymətləndirilmiş və hazırda mübahisələndirilən qərar ilə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə əsasən malların dəyərinin 10 faizi miqdarında – 31.287,70 manat dəyərində iddiaçı vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı həmin qərardan yuxarı orqanlara şikayət versə də, şikayətləri təmin edilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1-ci maddəsinə əsasən pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında. VM-nin 58.8.2-ci maddəsinin təhlili o nəticəyə gəlməyə əsas verir ki, həmin maddə ilə vergi ödəyicisinin məsuliyyətə cəlb olunması üçün vergi orqanı üç halı müəyyən etməlidir:

1. Vergi ödəyicisinə məxsus olan mallara dair VM-nin 58.8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim olunmaması; 2. Həmin malların dəyəri; 3. Bu cür əmələ təqvim ili ərzində neçənci dəfə yol verilməsi İşin hallarından görünür ki, vergi orqanı tərəfindən müəyyən edilmiş 1-ci və 3-cü hallarla bağlı tərəflər arasında mübahisə yoxdur. Hazırkı iş üzrə əsas mübahidə ondan ibarətdir ki, aşkar edilmiş malların dəyəri vergi orqanı tərəfindən düzgün müəyyən edilməmişdir. İddiaçı bu dəlilini onunla əsaslandırır ki, cavabdeh tərəfindən malların dəyəri dəfələrlə artıq göstərilmiş və bununla bağlı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MB 15/1260 nömrəli qiymətləndirmə hesabatını məhkəməyə təqdim etmişdir. Sözügedən hal iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/148 nömrəli ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/148 nömrəli ekspert rəyinə hüquqi qiymət verərək hesab edir ki, bu rəy real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, həm iddiaçının sifarişi, həm də cavabdehin qərarı ilə qiymətləndirmə "xxxx" MMC-nin əməkdaşları tərəfindən həyata keçirilmiş və bu zaman malların qiymətləri fərqli müəyyən edilmişdir. Bununla yanaşı cavabdeh əməkdaşları tərəfindən xx.xx.2021-ci ildə tərtib olunmuş siyahıda 1172 adda malın yekun məbləği cavabdehin qərarı ilə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MB 13-1257 nömrəli əsas vəsaitlərin qiymətləndirilməsi üzrə hesabatdakı yekun məbləğdən az qeyd olunmuşdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçının cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş mallar üzrə siyahını, 21 oktyabr 2021 tarixli DVX seriyalı 001790 nömrəli aktı, xx.xx.2021-ci il tarixli MB 13-1257 nömrəli rəyi imzalaması onun həmin sənədlərdə əks olunan malların dəyəri ilə razı olması anlamına gəlmir və gələcəkdə bunu mübahisələndirilməməsi üçün əsas da hesab olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü tarixli 5 nömrəli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8330 nömrəli qərarı qismən, yəni İddiaçı 31.287.70 manat həcmində vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv olunmalı, qalan hissədə iddia təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 100 manat ekspertiza xərcinin 40 manatı iddiaçıdan, 60 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia qismən təmin olunsun. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********8330 nömrəli qərarı qismən, yəni İddiaçı 31287.70 manat həcmində vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv olunsun. Qalan hissədə iddia təmin olunmasın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərcinin 40 (qırx) manatı İddiaçı, 60 (altmış) manatı isə 12 saylı Ərazi Vergilər Baş İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X3, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar