Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1211/2021 16.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binasının tikintialtı torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 17.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 01.04.2014-cü il tarixli 54 nömrəli sərəncamına əsasən Şəmkir şəhəri Əhməd Cavad küçəsində yerləşən ona məxsus 2013-cü ildə tikilmiş 110.1 kv.m olan qeyri-yaşayış binasına 112.6 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 01.04.2014-cü il tarixli 54 nömrəli sərəncamına əsasən Şəmkir şəhəri Əhməd Cavad küçəsində yerləşən iddiaçıya məxsus 2013-cü ildə tikilmiş 110.1 kv.m olan qeyri-yaşayış binasının 112.6 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə yaşayış sahəsindən çıxarılaraq qeyri-yaşayış sahəsinə daxil edilməsi və hüquqi qeydiyyatına icazə verilməsi qərara alınmışdır. Sərəncamın 8-ci bəndinə əsasən sərəncamın icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. İddiaçı həmin sərəncama uyğun olaraq ona məxsus 2013-cü ildə tikilmiş 110.1 kv.m olan qeyri-yaşayış binasına və 112.6 kv.m tikintialtı torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, tikinti ümumilikdə 180.0 kv.m-dir, bitişikdir və tikinti çıxarışla müəyyən edilmiş 0.0114 ha torpaq sahəsində inşa edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -********** qeydiyyat nömrəli, 27.03.2014-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, Tofiq İsmayılov küçəsi, ev 69 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 01.04.2014-cü il tarixli 54 nömrəli sərəncamın surətindən görünür ki, Şəmkir şəhəri Əhməd Cavad küçəsində yerləşən İddiaçı məxsus 2013-cü ildə tikilmiş 110.1 kv.m olan qeyri-yaşayış binasının 112.6 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə yaşayış sahəsindən çıxarılaraq qeyri-yaşayış sahəsinə daxil edilməsi və hüquqi qeydiyyatına icazə verilməsi qərara alınmışdır. -DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 15.04.2021-ci il tarixli **********06 nömrəli bildirişinin məzmunundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 01.04.2014-cü il tarixli 54 nömrəli sərəncamına əsasən Şəmkir şəhəri Əhməd Cavad küçəsində yerləşən iddiaçıya məxsus 2013-cü ildə tikilmiş 110.1 kv.m olan qeyri-yaşayış binasının 112.6 kv.m tikintialtı torpaq sahəsi ilə birlikdə yaşayış sahəsindən çıxarılaraq qeyri-yaşayış sahəsinə daxil edilməsi və hüquqi qeydiyyatına icazə verilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan sərəncama istinad edərək 2013-cü ildə tikilmiş 110.1 kv.m olan qeyri-yaşayış binasına və 112.6 kv.m tikintialtı torpaq sahəsinə çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi qeyd olunmuşdur ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 100.1 kv.m, faktiki isə 200.3 kv.m-dir, binanın yerləşdiyi torpaq sahəsinə və tikiliyə 2014-cü ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir, torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və torpaq sahəsində olan tikinti işlərinin aparılmasına dair, eləcə də qeyri-yaşayış binasının 100.2 kv.m hissəsinə hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tikintialtı torpaq sahəsinin qeydə alınmasını tələb edir, lakin cavabdeh orqanın imtinasından da görünür ki, qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və həmin torpaq sahəsinin iddiaçıya ayrılması barədə hər hansı hüquq müəyyənedici sənəd yoxdur. Həmçinin məhkəmə iclasında iddiaçının izahatından görünür ki, tikili 180.0 kv.m-dir və vahid əmlak şəkilində inşa edilmişdir. Belə olan halda əmlakın 110.1 kv.m hissəsinin qeydə alınmasının texniki cəhətdən mümkün olması sual altındadır. Bundan əlavə xüsusilə qeyd olunmalıdır ki, qeydə alınması tələb olunan 110.1 kv.m sahə daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsi kimi qeydə alınmadan qeyri-yaşayış sahəsinə daxil edilməsi barədə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 01.04.2014-cü il tarixli 54 nömrəli sərəncamı da əsassız olmuşdur və bu səbəbdən də həmin sərəncam əsasında əmlakın qeydə alınması yolverilməzdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi yuxarıda qeyd olunan tələblərdən hər-hansı biri iddiaçı tərəfindən yerinə yetirilməmiş, başqa sözlə tələb olunan sənədlər iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binasının tikintialtı torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1211/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1211/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver