Məhkəmə qərarları › İş №2-1(114)-1211/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1211/2022

24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1211/2022 24.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Naftalan şəhər Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Naftalan şəhər Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 15.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktında doğum yeri ilə bağlı səhvin aradan qaldırılmaqla onun 12.02.2000-ci il tarixdə Moskva şəhəri, Qərb inzibati dairə səhiyyə idarəsinin 72 saylı şəhər xəstəxanasında anadan olmasının qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 12.02.2000-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhəri, Qərb inzibati dairəsi səhiyyə idarəsinin 72 saylı şəhər xəstəxanasında anadan olmuşdur. Lakin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı kitabında doğum yeri Naftalan şəhəri kimi qeyd edilmişdir. İddiaçı müvafiq düzəliş edilməsi üçün cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosesual Məcəlləsinin 62.3 maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Naftalan şəhər Qeydiyyat şöbəsinin 21.01.2022-ci il tarixli, 05/79-10 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -surəti işə əlavə edilmiş XİİX-ЖГ 396737 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Məhərrəm oğlunun 12.02.2000-ci ildə Naftalan şəhərində anadan olması qeyd olunmuşdur. - İddiaçı Məhərrəm oğlunun doğum haqında akt qeydindən görünür ki, İddiaçı Məhərrəm oğlunun 12.02.2000-ci ildə Naftalan şəhərində anadan olması qeyd edilmişdir. Akt qeydinin aparılmasına əsas kimi Moskva şəhər 72 saylı doğum evinin 12.02.2000-ci il tarixli 45-05757 nömrəli arayışı göstərilmişdir. -surəti işə əlavə edilmiş 16.07.2020-ci il tarixli, 40917/1 nömrəli Moskva şəhəri X3 Arxivi tərəfindən verilmiş arayışdan görünür ki, Moskva şəhəri, Qərb inzibati dairəsi Səhiyyə İdarəsini 72 saylı şəhər xəstəxanası üzrə 12.02.2000-ci il tarixli A-192 nömrəli doğuş tarixində, 26.10.1971-ci il təvəllüdlü X1 12.02.2000-ci il tarixində, saat 12:20 də oğlan uşanın doğuşu barədə məlumat mövcuddur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 aid 11.03.2000ci il tarixli, 20 nömrəli doğum akt qeydindən görünür ki, qeydin aparılmasına əsas kimi Moskva şəhər 72 nömrəli doğum evinin 12.02.2000-ci il tarixli, 45-05757 nömrəli arayışı göstərilməsinə baxmayaraq sözügedən doğum akt qeydində doğum yeri Naftalan şəhəri kimi qeyd edilmişdir. Halbuki mövcud qanunvericiliyin tələblərinə görə uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri, yəni hazırki halda “Rusiya Federasiyası, Moskva şəhəri” göstərilməli idi. Məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvin düzəldilməsi və ona dəyişiklik edilməsi üçün yetərli əsasın olduğu qənaətinə gələrək cavabdeh orqanın imtinasını əsassız hesab edir və bunu aşağıdakı normalarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının:- -1.4-cü bəndində qeyd olunmuşdur ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -2.1-ci bəndində qeyd olunmuşdur ki, doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində düzəliş edilməklə doğum yerinin “Rusiya Federasiyası, Moskva şəhəri” qeyd edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı doğum haqqında akt qeydində düzəliş edilməklə doğum yerinin “Rusiya Federasiyası, Moskva şəhəri” qeyd edilməsi öhdəliyi Naftalan şəhər Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar