Məhkəmə qərarları › İş №2-1(114)-1212/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1212/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1212/2022 17.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı ekspert rəyinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, Müəyyən e t d i m: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (bundan sonra mətndə cavabdeh) qarşı 16.03.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.04.2021-ci il tarixli, 10/1005 nömrəli ekspert rəyinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli, 28.08.2007-ci il tarixli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi inzibati orqan kimi təsnif olunmamışdır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən hesab edirəm ki, iddia ərizəsi üzrə cavabdeh inzibati məhkəmə icraatının subyekti olmadığından tərəflər arasında olan mübahisə publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalarla nizama salınmalıdır. Həmin mübahisələrə isə ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, iddiaçı həmin iddia tələbi ilə müvafiq ümumi (rayon) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı ekspert rəyinin ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar